Siyasət

“Ukrayna səfərində ədalətdən danışan UNESCO 30 illik erməni vandalizminə hələ də susur” – RƏY + FOTO

Sharing is caring!


“Ukraynaya səfər çərçivəsində ədalətdən danışan UNESCO 30 illik erməni vandalizminə hələ də susur”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Onun sözlərinə görə, UNESCO-nun fransızəsilli baş katibi Odri Azulayın Ukraynaya səfəri dünyada Azərbaycana qarşı həyata keçirilən ikili standartların başqa bir nümunəsidir:

“Bu günə qədər 30 il işğal altında saxlanılan Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən vəhşiliklər, dini və mədəni irsimizin təhqirlərə məruz qalması barədə Azərbaycan tərəfinin UNESCO-ya olan müraciətləri cavabsız qalıb. Bir dəfə də olsa sözügedən təşkilat Azərbaycanın işğaldan azad olunan ərazilərinə faktaraşdırıcı missiya göndərməyib. Bütün bunlar Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirlərin nə qədər real olduğunu bir daha nümayiş etdirir ki, bu da dünyada islamofobiya və türkofobiyanın hökm sürdüyünü bir daha təsdiqləyir”.

“Ukraynaya baş tutan səfər çərçivəsində beynəlxalq hüquqla ədalətli yanaşmadan danışılırsa, onda UNESCO və digər faktaraşdırıcı missiyalar Azərbaycanın həm torpaqlarımızın işğalı zamanı, həm də işğaldan azad olunduqdan sonrakı dövrdə çağırışlarına cavab olaraq bu ərazilərə səfər təşkil etməli idilər. UNESCO kimi bir sıra bəzi beynəlxalq təşkilatların Azərbaycanın çağırışlarına məhəl qoymaması ciddi şəkildə suallar yaradır”, – deyə deputat bildirib.

O, sədr müavini olduğu Qərbi Azərbaycan İcmasının da UNESCO-ya, eyni zamanda Avropa Şurasının Parlament Assambleyasına, Avropa İttifaqının prezidenti Şarl Mişelə rəsmi müraciət ünvanladıqlarını xatırladıb:

“UNESCO-ya ünvanlanmış müraciəti isə xüsusi vurğulamaq lazımdır. Çünki bu təşkilat mədəni irsin dağıdılmasının qarşısının alınması, tarixi abidələrin qorunması ilə bağlı BMT çərçivəsində öz üzərinə öhdəlik götürüb. Lakin bu gün UNESCO 30 il ərazində mədəni irsimizin dağıdılmasını görməzlikdən gələrək qədim Azərbaycan torpaqları olan indiki Ermənistanın yerləşdiyi coğrafi ərazidəki Azərbaycana məxsus abidələrin, qəbirlərimizin məhv edilməsi, milli-mədəni irsimizin silinməsi, məscidlərimizin yerlə bir edilməsinə göz yumur. Qərbi Azərbaycan İcmasının yuxarıda sadaladığımız məsələlərlə əlaqədar müraciətinə də bu təşkilatdan reaksiya yoxdur”.

“Əminəm ki, bütün çətinliklərə və ikili standartlara baxmayaraq haqlı mübarizəmiz öz bəhrəsini verəcək. Çünki biz haqqı müdafiə edirik və bilirik ki, Ermənistan Azərbaycana və xalqımıza, onun irsinə qarşı törətdiyi cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində cavab verəcək”, – deyə R.Həsən vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir