Siyasət

Azərbaycan xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyəti Türkiyə mətbuatında – FOTO

Sharing is caring!

“Son ana qədər Türkiyə xalqına yardıma davam edəcəyik”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı “Anadolu” agentliyinə açıqlamasında bildirib.

Agentlik qeyd edib ki, Azərbaycanın yardım qrupu Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə yardımı davam etdirir.

Fevralın 6-da Azərbaycan Fövqəladə Hallar Nazirliyindən ibarət xilasediciləri Türkiyəyə gələrək zəlzələnin episentri olan Kahramanmaraşda işə başlayıb.

Heyətdən 114 nəfər daha sonra Hatay şəhərinə gedb, aralarında həkim və mühəndislərin də olduğu qrup Kahramanmaraş və Hatayda axtarış-xilasetmə işlərinə qatılaraq 53 nəfəri dağıntılar altından xilas edib.

Fasiləsiz rejimdə, üç növbəli şəkildə aparılan axtarış-xilasetmə işlərinə hazırlanmış 3 avtomobil, istiliyə həssas axtarış-xilasetmə cihazları və istilik kameraları ilə xüsusi təlim keçmiş 8 axtarış-xilasetmə itindən istifadə olunub.

Azərbaycan komandası həmçinin Kahramanmaraşda 2 səhra xəstəxanası yaradıb. Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan xəstəxanalarda 41 həkim və səhiyyə işçisi çalışıb. Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərərçəkənlərə dəstək olublar. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərilib. Pediatrlar zəlzələdən zərərçəkənlərə qulluq edib.

Azərbaycandan gələn heyət Kahramanmaraş və rayonlarında 10 yerdə çadır şəhərciyi yaradıb.

Kahramanmaraşda səhra mətbəxi yaradan Azərbaycan heyəti hər gün 1 000 nəfər üçün yemək hazırlayır və zəlzələdən zərərçəkənlərə xidmət göstərir. Azərbaycan Fövqəladə Hallar Nazirliyi 10 təyyarə və yük maşını ilə Türkiyəyə adyal və qızdırıcı kimi humanitar yardım göndərib.

Axtarış-xilasetmə işlərinin tamamlanmasının ardından qrupun bir hissəsi Türkiyəni tərk edib, amma aralarında həkimlərin də olduğu 310 nəfər Kahramanmaraşda tibbi yardım işlərini davam etdirir.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı da qeyd edib ki, fevralın 6-dan zəlzələ baş verəndən axtarış-xilasetmə və humanitar yardım işləri aparıılır:

“Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Biz bir millət, iki dövlətik. Qardaşlarımızın yanındayıq. Əlimizdən gələni edəcəyik. Son ana qədər Türkiyə xalqına yardıma davam edəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir