Siyasət

“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı İrəvanı hüquq müstəvisində çətin duruma salır” – RƏY + FOTO

Sharing is caring!

“Ermənilər və Soros qaynaqlı bəzi yerli media təsisatları Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını xüsusi qabardaraq az qala Ermənistanın qələbəsi kimi təqdim etmək kimi məqsədli və savadsız cəhdlər göstərirlər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O söyləyib ki, bu, mahiyyət üzrə qərar yox, sadəcə texniki prosedurdur:

“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı minalanma cinayətlərinə görə gələcəkdə həm bu məhkəmə, həm də digər müstəvilərdə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərimizə mane olmayacaq. Azərbaycan Ermənistanın dövlət səviyyəsində törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün lazımlı addımları atmaqda davam edəcək”.

B.Məhərrəmov qeyd edib ki, Azərbaycan artıq müxtəlif hüquq müstəvilərində prosesə start verib və “İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında” beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsi də bu hüquqi platformalardan biridir:

“Məhkəmənin ötən gün qeydə alınan qərarı isə göstərir ki, proseslərin ümumi gedişi bizi qane edir. Bildiyiniz kimi, qərarda Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı bir daha təsdiqlənib. Məhkəmə 7 dekabr 2021-ci il tarixli qərarında da eyni öhdəliyi müəyyən etmişdi və sənəddə ikinci dəfə bu öhdəliyin təsbit olunması əslində gərginliyin məhz Ermənistandan qaynaqlanması barədə prosessual mövqe formalaşdırır”.

O xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iki iddiası – Azərbaycan tərəfindən etirazların təşkili və dəstəklənməsinin dayandırılması və Qarabağa təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi barədə müvəqqəti tədbirlərin tətbiqini tələb edən vəsatətlərini rədd etməsi İrəvanı hüquq müstəvisində çətin duruma salır:

“Məhkəmənin bu mövqeyi eyni zamanda siyasi nəticə doğurur və Qarabağ bölgəsində yaşayan ermənilərin blokadada yaşaması və humanitar fəlakətlə üz-üzə qalması barədə bəyanatlarının əslində həqiqət olmadığını hüquqi cəhətdən əsaslandırır.

Eləcə də məhkəmənin öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatının şərtlərini yerinə yetirdiyi barədə səylərini nəzərə alması özlüyündə pozitiv məqamlardır və işə mahiyyəti üzrə baxarkən nəzərə alınacaq vacib məsələlərdir. Məhkəmə Ermənistanın ərazilərimizi minalaması məsələsinin müvəqqəti tədbirlər adlı prosessual tədbirin tətbiq dairəsinə aid olmadığı qənaətinə gəlib. Yəni, bu mövqe Ermənistan tərəfindən minaların yerləşdirilməsinə verilən hüquqi qiymət yox, bu prosesin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olub-olmamasına dair hakimlərin qənaətidir. Məhkəmə əvvəlki iclasda bu məsələnin müvəqqəti tədbirlərin tətbiq dairəsinə aid olmadığı qənaətinə gəlmişdi və dünənki qərarda da əvvəl gəldiyi nəticəyə yenidən baxılmağa lüzum görməyib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir