Cəmiyyət

Bir qızcığaz üçün məktəb: “Bəzən onun üçün şagird oluram” – FOTO

Sharing is caring!


Azərbaycanda bir şagirdin təhsil aldığı yeddi məktəb var. Bunlar, əsasən, rayonlarda ucqar kəndlərdə fəaliyyət göstərən ibtidai məktəblərdir. Onlardan biri də Gülyaz Sultanovanın təhsil aldığı Quba rayonu Qarovulüstü kənd ibtidai məktəbidir.

Məktəbdə əvvəldən ibtidai sinif proqramı tədris olunub, şagirdlər yuxarı sinifləri qonşu kəndlərdə oxuyublar. Lakin son üç ildə valideynlər azyaşlı uşaqlarını buraya deyil, qonşu kəndin məktəbinə göndəriblər. Buna səbəb isə məktəb müəlliminin tədrisinin onları qane etməməsi olub. Həmin müəllim də keçən il sertifikasiyadan kəsilib. Ona görə buraya yeni müəllim göndərilib.

Hazırda bircə şagirdi olan məktəbin müəllimi Ülviyyə Məmmədovadır. O, 2023-cü ildə MİQ imtahanı vasitəsilə buraya müddətli müqavilə ilə gəlib. Lakin Qarovulüstü kənd ibtidai məktəbinin təkşagirdli olmasından xəbəri olmayıb.

“Mənə Qarovulüstü kənd ibtidai məktəbində dərs demək tapşırılanda bilmirdim ki, burada bir şagird təhsil alır. Sənədləri təqdim edən zaman öyrəndim və bir qədər heyrətləndim. Çünki qəribə gəldi ki, tək şagirdlə tədris necə olacaq. Lakin imtina etmədim, gəldim. İndi həm özüm, həm şagird bu vəziyyətə öyrəşmişik”, – deyə Ü.Məmmədova qeyd edib.

Qarovulüstü kəndi Qubanın ucqar dağ kəndlərindəndir, gedib-gəlmək çətindir. Bu səbəbdən ibtidai məktəbin həm müəllimi, həm müdiri olan Ülviyyə Məmmədova burada kirayədə qalır. Yalnız tətillərdə evinə gedir.

“Dərs dediyim Gülyaz, əslində, üçüncü sinifdə oxumalıdır, onun doqquz yaşı var. Sadəcə, mənim bilmədiyim səbəblərdən vaxtında dərsə getməyi alınmayıb, keçən il hazırlıq sinfində oxuyub, bu il isə birinci sinifdədir. Kənddə ibtidai sinif yaşında olan altı uşaq var ki, onlardan ikisi hazırlıq sinifləridir və onlar qonşu kəndə gedirlər. Gülyazı isə səhhətinə görə göndərməyiblər. Ümumiyyətlə, bu məktəbdə üç ildir ki, tək şagird təhsil alır. Əgər Gülyaz da qonşu kəndə oxumağa göndərilsəydi, bu məktəb çoxdan bağlanacaqdı”.

Müəllimə qeyd edir ki, məktəbdə işləməsi üçün onunla birillik müqavilə bağlanıb. Bu il həm müəllimənin müqaviləsi bitir, həm də məktəb bağlanır. Beləliklə, Gülyaz da digər şagirdlər kimi, tədrisini qonşu kənddə alacaq:

“Əslində, valideynlər mənim burada qalıb təhsil verməyimi istəyirlər. Kənddə hazırda üç hazırlıq sinfində olan şagird var. Lakin qaydalara görə, hazırlıq sinfində şagird sayı səkkizdən az olmamalıdır. Buna görə də məktəbdə yeni sinfin açılması mümkün olmadı. Həmçinin, kənddə əhali sayı da azdır, əksəriyyəti yaşlılardır. Beləliklə, növbəti tədris ilində Qarovulüstü kənd ibtidai məktəbi fəaliyyət göstərməyəcək”.

Məktəb iki sinif otağından ibarətdir, lakin haradasa 30 il əvvəl tikildiyi üçün tamamilə təmirsizdir. Bir otaq yararlı olmadığı üçün orada odun və digər texniki əşyalar saxlanılır. Digər otaq isə tədris üçün istifadə edilir.

Ü.Məmmədova qeyd edib ki, tək şagird olmasına baxmayaraq, təhsili Gülyaz üçün əyləncəli etməyə çalışır:

“Gündə dörd saat tədris proqrama uyğun həyata keçirilir. Düzdür, bəzən hər ikimiz üçün də çətinlik olur. Bunu, əsasən, qruplarla işdə müşahidə edirik. Çünki sinifdə daha çox şagird olanda metodlardan, formalardan istifadə edib, daha yaxşı dərs keçə bilirsən. Amma bir uşaq olduğu üçün situasiyanı onun təsəvvüründə yaradıram, bəzən isə özüm onun sinif yoldaşı oluram. Özümü şagird yerinə qoyub, onunla iş qururam. Birtəhər çətinliklə dərsi keçirəm. Gülyazın sinif yoldaşları olmasa da, ondan soruşanda heç darıxmadığını deyir. Dərsə sevə-sevə gəlir və qavraması da yaxşıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir