Siyasət

“Azərbaycan ərazilərindəki separatçıları dəstəkləyən Fransanın mövqeyi anlaşılan deyil” – ŞƏRH + FOTO

Sharing is caring!

“Bu il Münhen Təhlükəsizlik Konfransı faktiki olaraq başqa formatda keçirildi. Ukraynanı dəstəkləmək, Rusiyanı isə nəinki dəvət etməmək, hətta bu ölkəyə qarşı Qərbin yekdil mövqeyi nümayiş etdirildi. Bu yanaşma Fransanın mövqeyi, Prezident Emmanuel Makronun sərt çıxışı ilə daha da önə çıxdı”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa Prezidenti Emmanuel Makronun 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Fransa dünyada” adlı tədbirdə çıxışı ilə bağlı danışarkən bildirib. 

Komitə sədrinin sözlərinə görə, Fransa prezidentinin Ermənistanı dəstəklədiyini vurğulaması Azərbaycana qarşı yönəlmiş çıxış idi:

“Buna baxmayaraq, 59-cu Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın yeri və rolu daha sağlamdır. Çünki Azərbaycan öz yeni yanaşması, reallığı ilə konfransa qatılıb. Azərbaycanın Münhendə iştirakı regionda gedən proseslərə həlledici təsir göstərən amil kimi qiymətləndirilir. Ermənistan isə əvvəl paneldə iştirak etməyəcəyini dedi, sonra fikrini dəyişdi. Rəsmi İrəvan bu dəfə də qeyri-dəqiq yanaşması ilə gündəmə gəldi. Çünki aparıcı rol Azərbaycana məxsus idi. Belə olduğu halda Ermənistanın iştirak edib-etməməyi nəyi isə dəyişdirmir. Cənubi Qafqazla bağlı paneldə hər kəs Azərbaycanın fikirlərini gözləyir.

Rusiya ilə bağlı sərt ittihamlara gəlincə, Qərb çalışır ki, hansısa formada rəsmi Moskvanı Cənubi Qafqazdan kənarlaşdırsın, özü bu regiona müdaxilə etsin. Məsələ burasındadır ki, bunu yenə də ikili standartlar əsasında edirlər. Ukraynanı dəstəkləmək o deməkdir ki, Qərb ərazi bütövlüyünün tərəfdarıdır. Kiyevin tərəfində çıxış etmək işğalçıya qarşı mövqeyi konkret ortaya qoymaq deməkdir. Ukraynaya dəstək verərək, beynəlxalq qanunu qoruyub, bu çərçivədə addım atmağa çalışırlar. Maraqlıdır ki, həmin Qərb Ukrayna məsələsinin birmənalı təqdimatını həyata keçirəndən sonra başqa bir regionda başqa formatdan çıxış edir, tamamilə başqa istiqamətdə yanaşır. Söhbət Cənubi Qafqaza qarşı Avropanın münasibətindən gedir. Bu, konkret ikili standartın təzahürüdür”.

Azərbaycanın ikili standartlara qarşı birmənalı çıxış etdiyini vurğulayan Səməd Seyidov onu da söyləyib ki, Azərbaycan ərazilərindəki separatçıları dəstəkləyərək, Ukraynanın ərazi bütövlüyünü ön plana çıxaran Fransanın mövqeyi anlaşılan deyil:

“Prezident Makron Ukraynada gedən prosesləri Rusiyaya qarşı yönəldərək aktuallaşdırır, Cənubi Qafqazda isə faktiki olaraq, Rusiyanın əvəzinə separatçıların qorunub saxlanmasına şərait yaradılmasını istəyir. Bu ikili standartlarla konkret mövqe və istiqamət müəyyənləşdirmək mümkün deyil.

Qərb təəssüf ki, yenə də ikili standart yanaşmasından əl çəkə bilmir. Bu baxımdan Azərbaycanın mövqeyi daha səlis, aydın və qətidir. Həm Ukrayna, həm regionda gedən proseslər, həm Fransa və Rusiyaya münasibətdə Azərbaycan bir mövqedədir və beynəlxalq qanun çərçivəsində addım atılmasını doğru hesab edir”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron konfransda rəsmi Moskva ilə bağlı sərt mövqe nümayiş etdirərək müttəfiqlərini Rusiyanın işğalının qarşısını almaq üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Makron indi Rusiya ilə dialoq zamanı olmadığını deyib.

Fransa prezidentinin Rusiya haqqında ittihamları bununla da yekunlaşmayıb. O, Qafqazın problemlərini Rusiyanın həll edəcəyinə heç kimin inanmadığını söyləyib. E.Makron Ermənistanın yanında dayanmağa davam edəcəyini açıq-aşkar bəyan edib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir