Siyasət

Qaziz Abışev: “Hər kəs Azərbaycan və Türkiyə arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin şahidi oldu”

Sharing is caring!

Təxminən bir aydan sonra, martın 19-da Qazaxıstanda ölkə Məclisinə növbədənkənar seçki keçiriləcək.

VIII çağırış parlament seçkisi ilə paralel olaraq digər seçkili təsisatlara da (rayon, şəhər və əyalət) seçkilər keçirilməlidir.

Eyni zamanda, ötən ilin noyabrında Qazaxıstanda növbədənkənar prezident seçkisi keçirilib və bu seçkidə Kasım-Jomart Tokayev qalib gəlib.

Qonşu dost ölkədə nələr baş verir, niyə bir-birinin ardınca növbədənkənar seçkilər keçirilir?

Tanınmış qazaxıstanlı siyasi icmalçı, politoloq Qaziz Abışev Oxu.Az-a müsahibəsində bu və bir çox başqa məqamlardan danışıb:

–  Dərhal qeyd edim ki, bundan öncəki parlament seçkisi növbədənkənar deyildi, vaxtında keçirilmişdi. Amma son prezident və indiki Məclisə keçiriləcək seçkilər isə növbədənkənardır. Bu, hakimiyyətin ötürülməsi ilə başa çatan siyasi sistemin yenidən qurulması ilə bağlıdır. Bunun nəticəsində Kasım-Jomart Tokayev qeyd-şərtsiz, ölkənin mütləq səlahiyyətli rəhbəri oldu. O, böyük siyasi islahatlar planını açıqladı. Buna görə də siyasi sistemin ardıcıl olaraq yenidən qurulması baş verir.

– Siyasi sistemin yenidən qurulması dediyiniz proses Nursultan Nazarbayev irsinin ləğvi deməkdirmi?

– “Nazarbayev irsinin ləğvi” çox tutumlu deyimdir. Bəli, o, SSRİ-nin dağılmasından və Qazaxıstanın müstəqillik qazanmasından başlayaraq, əsrin dörddəbirindən artıq müddət ərzində ölkəyə rəhbərlik edib, super-prezident respublikasının başçısı olub. Amma indi sistemin yenidən qurulması, optimallaşdırılması və bəzi neqativ halların neytrallaşdırılması gedir. Təbii ki, depersonalizasiya və hakimiyyətin müəyyən dekonsentrasiyası prosesi gedir.

– Bəs bütün bunlar xarici siyasətə necə təsir göstərir? Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür, lakin müstəqil kurs aparır (çoxlarının yaxşı yadındadır ki, Kasım-Jomart Tokayev keçən il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Astananın qondarma “DXR” və “LXR”i tanımadığını bəyan etmişdi). Qazaxıstan Türk Dövlətləri Təşkilatının çox fəal üzvüdür, Çinlə əməkdaşlıq edir.

– Xeyr, daxili siyasi proseslər xarici siyasətə təsir etmir. Qazaxıstan hakimiyyəti milli maraqlardan çıxış edərək mümkün qədər rasional və balanslı davranır. Əvvəlki xarici siyasət kursu davam etdiriləcək, bütün ssenarilər rəvan şəkildə həyata keçiriləcək, təhlükəsizlik nəzərə alınacaq. Unutmaq olmaz ki, xarici siyasəti indi prezident Tokayev müəyyənləşdirir və o, bu məsələdə naşı deyil. Eyni zamanda, dövlətin mövqeyi milli maraqlar naminə təkamül edə bilər. Hakimiyyətdaxili transfer buna təsir etmir.

– Son illər Astananın Türkiyə və Azərbaycanla yanaşı, Türk Şurasının, daha sonra isə Türk Dövlətləri Təşkilatının fəaliyyətində aktiv iştirak etməsi, ən üzdə olan oyunçulardan birinə çevrilməsi nəzərə çarpır. Bu tendensiya daha da inkişaf edəcəkmi?

– Məncə, bəli. Burada fundamental amil var – demoqrafiya.

– İzah edərdiniz, zəhmət olmasa…

– Müstəqilliyin başlanğıcında qazaxlar ölkə əhalisinin 38 faizini təşkil edirdilər. İndi bu rəqəm təxminən 72 faizdir. Bunlar müstəqillik dövrünün nəslidir. Belə demoqrafik dinamika ilə etnik və dini tərkibli layihələr, təbii ki, seçicilərin əksəriyyəti arasında populyarlıq qazanır. Bundan əlavə, Qazaxıstanın çoxvektorlu siyasəti xarici siyasət risklərinin şaxələndirilməsini nəzərdə tutur. Belə olan halda türk birliyi getdikcə daha aydın konturlar cızmağa başladı, Türk Dövlətləri Təşkilatı əhəmiyyətli bir geosiyasi vahidə çevrildi. Və hamı Türkiyə-Azərbaycan əməkdaşlığına, onun Qarabağla bağlı səmərəliliyinə və bir çox başqa məsələlərə diqqət yetirdi. Bu, Türk Dövlətləri Təşkilatının çox perspektivli layihə olduğunu göstərdi.

– Bəs Rusiya? Astana ilə Moskva arasında münasibətlər necədir? Rusiya Federasiyası Ukraynada müharibə aparır, bu ölkənin müxtəlif siyasətçiləri və ekspertləri Bakını bombalamaqla, Qazaxıstanın şimalını ələ keçirməklə təhdid edirlər…

– Başa düşmək lazımdır ki, Qazaxıstanda Rusiyaya isti sentimentallıqla yanaşma azalıb. Bu, digər məsələlərlə yanaşı, yuxarıda qeyd etdiyim demoqrafik faktorla da bağlıdır. İndi ölkəmizdə orta yaş həddi 29-dur. Bu o deməkdir ki, əhalinin böyük bir hissəsi şüurlu həyatının əsas hissəsini müstəqil Qazaxıstanda keçirib. Onların artıq Rusiya ilə əvvəlki əlaqələri yoxdur. Bu, Rusiya Federasiyası ilə münasibətlərin fon rejimini müəyyən edir. Daha sonra. Təbii ki, indi böyük stres altında olan Rusiya Federasiyasının özü də uzun illər xarici siyasət səylərinin tətbiqində Qazaxıstanı əsas istiqamət kimi götürməyib. Amma bəzi rusiyalıların qeyri-sistemli ritorikası çox vaxt Rusiya daxilində müəyyən xal toplamaq məqsədi güdür. Öz növbəsində Astana və Moskva isə iki ölkə arasında olan münasibətləri üzərində işləməlidirlər.

– Bu yaxınlarda oxudum ki, Qazaxıstanda 2025-ci ilə qədər şəhər və küçələrin 3 000 “ideoloji cəhətdən köhnəlmiş” adının dəyişdirilməsi planlaşdırılır. Bu, sovet keçmişindən imtinadır, yoxsa seçkilərlə əlaqəsi var, vətəndaşları seçkiyə cəlb etmək məqsədi ilə edilir?

– Bu toponimika dinamikası üzrə hətta tədqiqatlar keçirildi. Adları dəyişdirilən kiçik ünvanların 90 faizə yaxını ümummilli adlarla bağlı deyil, lokal xarakter daşıyır. Bunun sovet irsi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, hansısa konkret bir ünvanda yerli camaat küçəyə qəhrəman əcdadının, unudulmuş batırın, akının, yerli məşhurlardan birinin adını vermək qərarına gəlib. Elə olur ki, hansısa repressiyada iştirak etmiş, yaxud nalayiq davranışla məşhur olan şəxslərin adlarından imtina edilir. Bu məsələlərdə mərkəzi hökumət o qədər də fəal deyil, dediyim kimi, bu işdə yerli icmalar iştirak edirlər.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir