Siyasət

İran səfirliyinin yerləşdiyi küçə Orxan Əsgərovun adını daşımalıdır

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra ya zəiflikdən, ya da təcrübəsizlikdən elə ilk günlərdən etibarən İranın Azərbaycanda dirəkləri möhkəmlənməyə başladı. Bu, özünü həm dini qardaş-bacılıq, ziyarətgahlara gediş-gəliş, zərli kağızlardakı şirniyyat, xalça-palaz satışı, sərhədlərin açılması və s. formalarda özünü göstərməyə başladı. Sovetin ac vaxtından çıxan, dükanların boş piştaxtalarında yeməyə heç nə tapmayan, talonla ət, yağ alan millət üçün İran əsl nağıllar ölkəsi idi. Həm də maraqlısı o idi ki, bu İran tez-tez “Ya Əli!” deyirdi. Bütün mümkün olan ruporlarla insanların beyninə doldururdu ki, “biz əsl şiə qardaşlarıyıq”. Amma altdan-altdan qardaşa elə gözəl quyu qazırdı ki…

Keçən əsrin 90-cı illəri, Bakı səfalət içində, müharibə, ərazilərimizdən hər gün bir şəhər, beş kənd Ermənistanın nəzarətinə keçir, qorxu, hərc-mərclik və s. insanları saman çöpündən yapışmağa vadar edirdi.

Bizim də başımızı uşaq kimi “Pam-pam” və qızılı rəngli kağızlarda olan peçenyelərlə aldadırdı İran.

Elə bil, xalq olaraq da 1990-cı illərdə camaat birdən kitabın daşını atıb oldu dindar. Dua öyrənən kim, İrana dini təhsil almağa, İranda yerləşən ziyarətgahlara gedən kim…

Bundan başqa, qəribə maraq və sürətlə qadınlar, qızlar başlarını bağlamağa meyil etdilər. Küçələrdə əvvəl heç vaxt görmədiyimiz (sovetin əlindən mümkün də deyildi) qara çarşablı qadınlar peyda olmağa başladılar. Mən həyatımda ilk dəfə “Çalıquşu” filmində “şşt, küçük hanım” deyə Fəridəni səsləyən və onun həyatını qara günə salan belə qara çarşablı qadın görmüşdüm. Sonra Bakı küçələrində bu cür geyimli qadınları görəndə, üstəgəl uşaqlıq travması məndə qorxu və nəyinsə yaxşı olmayacağından duyuq salan hiss yaradırdı. Təbii ki, bu, İranın “yumşaq gücü” idi. İnsanları idarə etmək üçün onların evlərinə dua, namaz adıyla girmişdi İran.

İran ölkəmizdə baş verən boşluqlardan istifadə edərək insanların çörəklə imtahana çəkildiyi zamanda “mollaxana”lar açmağa başladı ki, bununla da qısa zaman ərzində dini pərdə altında xeyli adamı “çörək sektası”na üzv elədi. Və bu zəncirvari reaksiya ilə genişləndi.

Bir daha qeyd edirəm ki, söhbət heç kimin dini dəyərlərinin alçaldılması məqsədini daşımır. Söhbət İran dövlətinin burada – Azərbaycanda – dini pərdə altında yaratdığı sütunlardan gedir. Çünki bu sütunlar İrana lazım olan vaxtda hərəkətə keçə biləcək və çox asan idarə olunacaq kütlə idi.

Keçmişə ekskurs etməyimin səbəbi odur ki, mənim uşaqlığım elə İran səfirliyinin bu gün yerləşdiyi ərazidə keçib. Axundov bağı, “Baksovet”, Təzəpir məscidi olan yerdə.

Hər il Məhərrəm ayı gələndə “Baksovet”in böyründə yerləşən səfirlikdə qara bayraqlar asılar, arada səsgücləndiricidən bizə məlum olmayan dildə nələrsə səslənərdi. 

Biz də uşaq idik, anlamırdıq nə məsələdir. Açığı, heç böyüklərin də nəsə anladıqlarına bu gün şübhə edirəm. Amma bir şey bəlli idi, səfirliyin binası dini günlərdə özünü sivil və diplomatik qurum kimi yox, dini qurum kimi aparırdı. Vahiməli dəmir barmaqlıqlarla pəncərələri bərkidilmiş, çöldən və içəridən bərk-bərk mühafizə olunan bina.

Açığı, günü bu gün də o binanın yanından keçəndə elə bilirəm ki, göyün üzünü qara buludlar alıb. Və burada məntiq var. Madam ki, səfirliyin ərazisi həmin dövlətin ərazisi hesab olunur, o zaman haqlıyam. Şər və qaranlıq ölkəsi İranın adı gələn hər yerdə qara buludlar peyda olur.

Tehrandakı səfirliyimizə edilən hücum və terror aktının üstündən artıq üç gün keçir. Terror zamanı həyatını itirən mühafizə xidmətinin rəisi Orxan Əsgərov dünən dəfn olunmalı idi. Amma onun da dəfni ölümünün üçüncü gününə təsadüf edir. Hələ də ictimaiyyəti bu sual maraqlandırır. Niyə İran tərəfi həyatını terror zamanı itirmiş müsəlman qardaşının cənazəsinin Bakıya gətirilməsinə bu qədər maneə yaratdı? Niyə Bakıdan Tehrana göndərilən təyyarənin qalxmasına dəfələrlə İran tərəfi imtina əmri verdi? Niyə səfirlik əməkdaşları və onların ailə üzvlərinin təxliyə olunması üçün bu qədər əngəl törətdi?

Xarici işlər nazirinin müavini Xələf Xələfovun Orxan Əsgərovun nəşinin Vətənə gec gətirilməsi ilə bağlı “düşünmək istəmirəm ki, qəsdən bu məsələlər uzadıldı” deməsi bizi sətiraltı məlumatı oxumağa vadar edir. Deməli ki, İran bunu qəsdən belə edib! O qədər qəsdən etdiyi məqamlar var ki… Araza ponton körpü atmaq, Tehranla İrəvanı “qardaş” etmək, Xudafərin körpüsündən Bakıya təhdid dolu mesajlar göndərmək, azərbaycanlı oğulların ermənilər tərəfindən daha asan öldürülməsi üçün müharibədə erməniyə dəstək olmaq və s. Və sanki İran qəsdən Azərbaycandakı səfirliyinin də məhz həmin o küçədə olmasını istəyib.

Küçənin adı elə bu günlər sosial şəbəkələrdə müzakirə mövzusu oldu. İran səfirliyinin yerləşdiyi küçə Bünyad Sərdarovun adını daşıyır. Bünyad Sərdarov isə azərbaycanlı inqilabçı, bolşevik, Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edən, daha sonra da karyera və vəzifə yüksəlişini əldə edən kommunist olub.

Sosial şəbəkə istifadəçiləri də təklif edirlər ki, bu küçənin adı dəyişdirilib elə Tehranda molla rejimi tərəfindən törədilən terror nəticəsində həyatını itirən Orxan Əsgərovun adı verilsin.

Zənnimcə, olduqca dəqiq və zamanında verilmiş qərar olacaq. Lap İsrailin iki gecədir İranın yuxusuna haram qatdığı nöqtəli dron atəşləri kimi.

Necə ki Avropanın bir çox şəhərində Rusiya-Ukrayna müharibəsinə etiraz olaraq Rusiya səfirliklərinin yerləşdikləri küçə, meydan adları dəyişdirilib.

Məsələn, Vilnüsdə Rusiya səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilərək “Ukrayna qəhrəmanları küçəsi” adlandırılıb.

Norveçin paytaxtı Osloda Rusiya səfirliyinin yerləşdiyi kəsişmə bu gün “Ukrayna meydanı” adlanır. Və xeyli bu kimi nümunə var.

Bəli, İran səfirliyinin yerləşdiyi küçə Orxan Əsgərovun adını daşımalıdır. Hər dəfə İran diplomatları oradan keçəndə Orxan Əsgərovun adını oxuyub binaya daxil olsunlar. Üzbəüz məktəb binasının divarında isə Azərbaycanın iri ölçüdə bayrağı da asılsın. Azərbaycanın müstəqilliyini qəbul etməyən, hər vəchlə Azərbaycana zərbə vurmaq istəyənlər hər an pəncərələrindən üçrəngli Azərbaycan bayrağını görməlidirlər. O bayraq ki Orxan Əsgərovun tabutunu qucaqlayıb Bakıya gətirdi. O bayraq ki Orxan Əsgərovun valideynlərinə təqdim olundu. O bayraq ki minlərlə azərbaycanlı şəhidin tabutunun üstündə örpək oldu. O bayraq ki bir də heç vaxt enməyəcək!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir