Siyasət

Türkiyəli ekspert: “Qərbi azərbaycanlıların vətənlərinə qayıdışı Ermənistanı yoxsulluqdan çıxaracaq” – FOTO

Sharing is caring!

“Qərbi azərbaycanlıların Ermənistanın sərhədləri daxilindəki vətənlərində yaşamaq haqqını geri qazanmaları hər iki ölkənin xeyrinə olan məsələdir”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında hərbi kəşfiyyat məsələləri üzrə türkiyəli mütəxəssis, polkovnik Çoşkun Başbuğ Qərbi Azərbaycandan olan soydaşlarımızın vətənlərinə qayıtmaq məsələsinə öz mövqeyini bildirərkən deyib.

Coşkun Başbuğ bildirib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında ermənilərə yaşamaq hüququ verməklə, mübarizəsində haqlı olmaqla yanaşı, dünyaya müharibə şəraitində dinc əhaliyə zərər verməmək kimi gözəl bir nümunə bəxş edib:

“Azərbaycan illərdir səbirlə, sakitliklə ədalətin zəfər çalacağı günü arzuladı. Azərbaycanın gördüyü əsas iş öz ordusunu formalaşdırmaq və ona qarşı olan zülmlərə son qoymaq oldu. Qısa müddətdə təşkilatlandı və çox yaxşı ordu yetişdirdi. Bu ordu illərin buraxdığı boşluğu qısa zamanda doldurdu. Ermənistanın düşmən münasibəti davam etdikcə qüdrətlənən Azərbaycan ordusu da ata-babalarından miras qalmış torpaqları geri aldı. Beləliklə, torpaq qanuni sahibinə qaytarıldı. Bu prosesdə Azərbaycan dünyaya çox gözəl bir nümunə bəxş etdi, torpaqlarını işğaldan qurtararkən orada yaşayan erməni mülki əhaliyə toxunmadı. Hərbi hədəflərə yönəldi, torpaqları qana bulayan güclərlə mücadilə etdi və bacardı. Azərbaycan 30 ildir işğal altında qalan, haqqı olan coğrafiyaya qovuşdu”.

Polkovnik deyib ki, Ermənistan ədalətsiz, təxribatçı davranışlarına son qoymalı və Azərbaycan türklərinə öz ata-baba torpaqlarında yaşama haqqını təmin etməlidir:

“Ermənistan 1988-89-cu ildən sərhədləri daxilində yaşayan Azərbaycan türklərini öz vətənlərindən sürgün etdi. Təəssüf ki, öz tarixi dədə-baba torpaqlarının sahibləri olduqları halda türklərin çoxu “türksüz Ermənistan” etnik təmizləmə siyasətinin qurbanı oldu, çoxusu qətlə yetirildi, döyüldü, təhqir edildi, torpaqları, mal-mülkləri əllərindən alındı və zorla öz torpaqlarından sürgün edildi. Əlbəttə, bu, əsla qəbuledilməz bir durumdur.

Hazırda Azərbaycan da Ermənistanın sərhədləri daxilində olan ata-baba torpaqlarında yaşamış azərbaycanlıların yenidən öz vətənlərinə köç etməsini dəstəkləyir. Bu, əvvəl-axır baş verəcək bir prosesdir. Bu məsələdən kimsə narahat olmamalıdır və Ermənistan bu şərti qəbul etməlidir”.

Coşkun Başbuğun fikrincə, Ermənistan Qərbin təsirindən qurtarmaq üçün özündə güc taparsa, qarşılıqlı olan bu prosesə nə qədər tez qoşularsa, ölkəsinə bir o qədər fayda vermiş olar:

“Necə ki ermənilərin Azərbaycanda yaşamasına icazə verilir, zamanında ermənilərin ələ keçirdikləri ərazilərdə yaşayan Qərbi azərbaycanlıların sahibi olduqları öz vətənlərində yaşamalarına da şərait yaradılmalıdır. Bundan Ermənistanın da çox böyük qazancı olar. Çünki 3+3 platforması ilə Ermənistana həyatda heç vaxt əldə edə bilməyəcəyi yeni bir səhifə açıldı.

Məlumdur ki, Ermənistan regionun ən kasıb ölkəsidir, əhalisinin çoxu yaşlılar və uşaqlardan ibarətdir. Zatən yoxluq içində xalqına normal bir yaşayış verməyən Ermənistanın bu təklifə ikiəlli səs verməsi lazımdır. Çünki 3+3 platforması Cənubi Qafqazda ən çox Ermənistan iqtisadiyyatına təkan verəcək. Amma Qərb Ermənistanın səfalətdən qurtarmasını istəmir, Ermənistan da onların təsirindən çıxmaq yerinə, onların siyasi oyunlarına düşür. Ermənistan dərk eləməlidir ki, onun sərhədləri daxilində Qərbi azərbaycanlılar yaşadığı müddətdə Azərbaycan öz soydaşlarına dəstək verəcək. Həm də bildiyimə görə, Qərbi azərbaycanlılar çox zəhmətkeş və zəkalı insanlardır. Bu, Ermənistanın da rifahını yüksəldəcək. Qərbin də bunu görməsi və Azərbaycanın bu siyasi hərəkatını dəstəkləməsi lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir