Siyasət

“İlham Əliyev Qərbi Azərbaycana qayıdışı və tarixi ədaləti bərpa edəcək” – RƏY + FOTO

Sharing is caring!

“Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı və tarixi ədaləti bərpa edəcək”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi tarixi torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad edərək ərazi bütövlüyümüzü və tarixi ədaləti, beynəlxalq hüququ bərpa etməklə milli birliyimizi və həmrəyliyimizi daha da möhkəmləndirdiyini deyən deputat bildirib ki, dövlət başçısının Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirakı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində milli həmrəyliyimizin möhkəmlənməsinə və Azərbaycançılıq ideyasının daha da güclənməsinə ən mühüm töhfələrdən biridir:

“Cənab Prezidentin tarixi çıxışı və icma qarşısında qoyduğu çox mühüm hədəflər Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən dövlət strategiyası, Qayıdış Konsepsiyası hesab oluna bilər”.

A.Hüseynov vurğulayıb ki, Qərbi Azərbaycan çoxəsrlik tarixi dövlətçiliyimizin ayrılmaz hissəsidir, milli dövlətçiliyimizdir, zəngin tarixi irsimizdir:

“Cənab Prezidentin tarixi çıxışı bu konseptual dövlət siyasətinin yeni mərhələyə qədəm qoyması, Qərbi Azərbaycan Hərəkatının yeni şərəfli tarixi proseslərə hazırlıq proqramı üçün əsaslı zəmin yaradır. Qərbi Azərbaycan İcması ötən 33 ildə çox şərəfli tarixi yol keçib, mühüm uğurlara imza atıb. İcma qədim Azərbaycan torpağı olan Göyçə, Zəngəzur, İrəvan və digər müqəddəs doğma ərazilərimizin tarixinin, adət-ənənələrinin, milli kimliyinin qorunub saxlanmasında və tarixi həqiqətlərin dünyaya tanıdılmasında əhəmiyyətli işlər həyata keçirib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olaraq qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplanması, Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarılması, Ermənistanın terror və etnik təmizləmə siyasətinin və erməni yalanlarının, saxtakarlıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz missiyasını davam etdirib”.

Onun sözlərinə görə, təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması işlərini də davam etdirir. Eyni zamanda, Azərbaycan xalqının hazırkı Ermənistan ərazisində yaratdığı və hazırda çoxu məhv edilmiş zəngin tarixi-mədəni irsin öyrənilməsi istiqamətində də sanballı işlərə imza atmaqdadır.

“Cənab Prezidentin icma üzvləri ilə görüşdə qarşıya qoyduğu yeni mühüm vəzifələr isə Qərbi Azərbaycan icmasının yeni strateji prioritetlər ətrafında daha sıx birləşməsini təmin edəcəkdir”, – o vurğulayıb.

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyev milli birlik və Azərbaycançılıq ideologiyasının güclənməsi istiqamətində çoxşaxəli və prinsipial siyasi qərarları ilə xalqımızın tarixi dövlətçilik ənənələrini daha da möhkəmləndirir.

Milli Məclisin üzvü vurğulayıb ki, bu ümummilli hərəkat Qərbi Azərbaycan ideyasının da öz milli həllini tapmasında, öz tarixi torpaqlarımıza sahib olmağımızda nəzərdə tutulan hədəfə çatmağa imkan verəcək.

O söyləyib ki, Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir, bu ərazilərə qayıdış tarixi ədalətin bərpası baxımından çox mühümdür:

“Çünki bu torpaqlar Azərbaycan ərazisinin bir hissəsidir. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşərək Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradə və qətiyyətlə Zəfər qazandığımız kimi Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birlik sayəsində öz doğma torpaqlarımıza geri dönəcəyimizə əminik. Qəti inamla vurğulamaq istərdim ki, Qərbi Azərbaycana qayıdış mütləq baş tutacaq, Vətən müharibəsindəki tarixi Zəfərin davamı olaraq bu tarixi vətənimizə dönüş mümkün olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir