Siyasət

“Utanmaqdan ölənlər”, festival həvəskarları, təbiəti qoruyanlar: 2022-ci ilin önə çıxan məqamları – FOTO

Sharing is caring!

Bir neçə saat sonra geridə qoyacağımız ildə dünyada və ölkəmizdə bir sıra maraqlı, yaddaqalan hadisələr baş verib.

Oxu.Az 2022-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında önə çıxan məqamları oxucuların diqqətinə çatdırır.

Ən önəmli məsələlərdən biri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi olub. “Şuşa ili” çərçivəsində paytaxt Bakı və bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə silsilə tədbirlər həyata keçirilib.

Bu il həm də Azərbaycanla qardaş ölkə Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi təsdiq olunub.

Belə ki, bu il fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, fevralın 12-də Azərbaycan lideri İlham Əliyev bu sənədi təsdiqləyiblər. Beləliklə, tərəflər arasındakı müttəfiqlik əlaqələri rəsmən təsdiqlənib. Qeyd etmək yerinə düşər ki, bu sənəd gələcək əlaqələrdə, həmçinin regionda yeni reallıqların formalaşmasında mühüm rol oynadı və oynamaqda davam edir.

Cari ildə “Mobil Notariat”, “Mobil Əhali”, “Smart Customs” kimi hökumət mobil həlləri vətəndaşların kütləvi istifadəsinə verilib. Bu proqramların faydalılıq baxımından əhali arasında müsbət qarşılanması da kifayət qədər yaddaqalan yeniliklərdən olub.

Mədəniyyət sahəsində də bir sıra mötəbər tədbirlər həyata keçirilib. Belə ki, Qarabağın incisi olan Şuşada “Birinci Beynəlxalq Kulinariya Festivalı” baş tutub. Burada 11 xarici ölkə və Azərbaycanın 11 bölgəsinin mətbəx nümunələri təqdim olunub.

Bundan başqa, Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi, beynəlxalq “Xarıbülbül” Festivalı da böyük mədəniyyət hadisəsi olaraq yaddaşlarda qalıb.

Qarabağa “Zəfər yolu”nun inşa edilməsi, İşğal və Zəfər muzeyləri kompleksinin təməlinin qoyulması da qürurverici hadisələr sırasındadır.

Ölkəmiz bir neçə beynəlxalq yarışa ev sahibliyi edib. Cari ilin iyun ayında Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçirilib. 

Bakı İdman Sarayında Azərbaycan millisinin də iştirak etdiyi yunan-Roma güləşi üzrə Dünya Kuboku keçirilib. 

Azərbaycanda un və un məhsulları, çörəyin qiymətində yüksəlmələr olub.

Zaqatala, Quba, Oğuzda baş verən və hər kəsi üzən hadisələrdən biri də genişmiqyaslı meşə yanğınları oldu. Bu il avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikaları, o cümlədən iki ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Eyni zamanda sentyabrın 2-dən etibarən isə Oğuz, Qəbələ və İsmayıllı rayonlarında meşə yanğınları olub. Onların söndürülməsinə bir neçə gün sərf edilib.

Bu il Bakıda, Heydər Əliyev Mərkəzinin parkında 4-cü Beynəlxalq Yay Caz Günləri keçirilib. İki gün davam edən kiçik festival Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Bakıda ilk dəfə “Xəzərin sahilində” adlı açıq hava rok festivalı keçirilib. Geniş kütlə üçün nəzərdə tutulan konsertdə Qara Dərviş, Rasim Müzəffərli, “Dədə-baba” qrupu, “Coda”, “The Passion”, “Aynaband” qrupu, Joseph Abbas kimi rok dünyasının bir çox tanınmış simaları iştirak ediblər.

Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində II Milli Yaylaq Festivalı da bu il keçirilib. İyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsəbəsinə təşkil edilən səfəri kəskin hava və çətin relyef səbəbindən gözlənildiyi kimi keçməyib. Bu festivalı da yadda saxlayan məhz bu narazılıqlar olub. Nəticədə yaranmış xoşagəlməz vəziyyətə görə Mədəniyyət Nazirliyi media nümayəndələrindən və qonaqlardan qarşılaşdıqları duruma görə üzr istəyib.

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı da 2022-ci ilin ən maraqlı və bir o qədər də qalmaqallı tədbirlərindən olub. Belə ki, qurultayın təşkilinə xərclənən 203 min manat vəsaitlə mövcud vəziyyətin kəmiyyət, keyfiyyət fərqi müzakirə predmeti olub. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev isə jurnalistlərin 203 min manat vəsaitin nələrə xərcləndiyinə dair sualına verdiyi cavabı ilə yaddaşlarda qalıb. Cavab isə belə idi:

“Gəlib neçə gündür burada qalanların mehmanxana pulu, yeyib-içmək pulu, rayonlardan gələnlərin yolpulu… İçəri girəndə posterlərə baxmamısınız? Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Utanıb ölmürsünüz?” 

İlin son günlərində gündəmi zəbt edən hadisələrdən biri azərbaycanlı ekofəalların Şuşa-Laçın yolunda keçirdikləri aksiyalardır. Dekabrın 12-dən başlayan dinc etiraz aksiyasının 20-ci günüdür. Ekofəalların mitinqinin əsas səbəbi Rusiya sülhməramlı kontingentinin komandanlığının Azərbaycanın aidiyyəti qurumlarının mütəxəssislərindən ibarət heyətin kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalarına imkan yaratmamasıdır.

Koronavirus pandemiyası səngisə də, tamamilə bitməyib. Azərbaycanda indiyədək ümumilikdə 826 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 808 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 495 nəfərdir. Xüsusi karantin rejiminin müddəti isə 01.03.2023 tarixinə qədər uzadılıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir