Siyasət

“Valyuta tənzimi haqqında” Qanunda dəyişiklik edildi

Sharing is caring!

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilib:

“Maddə 16-1. Valyuta əməliyyatları barədə vahid informasiya sistemi

16-1.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatların toplanıldığı vahid informasiya sistemini yaradır. Valyuta nəzarəti agentləri apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər. Valyuta əməliyyatları barədə vahid informasiya sisteminə məlumatların təqdim edilməsi və sistemdən alınması qaydası, təqdim edilən məlumatların növü və sistemin fəaliyyətinə dair digər məsələlər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

16-1.2. Valyuta əməliyyatları barədə vahid informasiya sistemində toplanılan məlumatlar pul vəsaitləri ilə əməliyyatlara dair sənədlərin saxlanılması müddətində saxlanılır və bu sistemdə toplanılan və oradan alınan məlumatlara bank sirrinin qorunması qaydaları şamil olunur.

16-1.3. Valyuta əməliyyatları barədə vahid informasiya sistemində məlumatların toplanılması və işlənilməsi üçün məlumat subyekti olan rezident və qeyri-rezidentlərin razılığı tələb olunmur, onlar məlumatların bu sistemdə toplanılması və işlənilməsinə etiraz edə və oradakı məlumatların məhv edilməsini tələb edə bilməzlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir