Siyasət

“Xankəndi yolundakı aksiya xalqımızın xarici təhlükə qarşısında həmrəyliyini göstərir” – RƏY + FOTO

Sharing is caring!

“Xankəndi-Laçın yolundakı dinc etiraz aksiyası xalqımızın xarici təhlükə qarşısında həmrəylik nümayişidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev Xankəndi-Laçın yolunda 11 gündür davam edən etiraz aksiyasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ekofəalların Xankəndi-Laçın yolundakı aksiyası Azərbaycan cəmiyyətinin, xalqımızın ümummilli problemlər qarşısında birliyinin bariz göstəricisidir:

“Vətəndaş cəmiyyəti ölkədəki ictimai rəyin inikasıdır. Xalqın nə demək istədiyinin carçısıdır. Bu baxımdan, bir tərəfdən hesab etmək olar ki, bu bir ümumxalq aksiyasıdır, digər tərəfdən isə xarici təhlükə qarşısında birlik, həmrəylik nümayişidir”.

Deputat xatırladıb ki, Azərbaycan xalqı özünün birliyini 44 günlük Vətən müharibəsi günlərində göstərib:

“Ekoloqların hərəkatı ilə başlayan, QHT-lərin dəstəyi ilə davam edən aksiya da bir növ o birliyin davamıdır. On gündən çoxdur insanlarımız soyuqda, şaxtada ayaq üstədir. Bu, bir əzm göstəricisi və nümayişidir. Qoy, bütün dünya görsün ki, biz bir addım torpağımızı güzəştə getmək, təbii sərvətlərimizin düşmən tərəfindən talan edilməsinə göz yummaq niyyətində deyilik. Biz tarix qarşısında, gələcək övladlarımız qarşısında, əcdadlarımızın ruhu önündə borcluyuq. Bax, bu borcu, məsuliyyəti və ümumxalq öhdəliyini xalq adından bu gün vətəndaş cəmiyyəti sektoru nümayiş etdirir”.

E.Allahverdiyev bildirib ki, QHT sektoru dövlətdən kənardır və bir çox hallarda vətəndaş cəmiyyəti təmsilçisinin mövqeyi, hər hansı hadisəyə baxışı hökumətlə üst-üstə düşməyə bilər:

“Bu, bir reallıqdır. Vətəndaş cəmiyyəti təmsilçiləri həm qeyri-hökumət cinahının təmsilçiləridirlər, həm də istədikləri halda rəsmi siyasətlə razı olmaya bilərlər. Ancaq bu aksiyadakı birlik onu göstərir ki, Qarabağ məsələsi siyasi görüşlərindən, iqtidarı, ya müxalifəti, hökumət və ya qeyri-hökumət sektorunu təmsil etməsindən asılı olmayaraq hər birimizin problemidir. Fikrimcə, bu həmrəylik həm də sözügedən sektordakı islahatların, dövlət – QHT münasibətlərinin savadlı tənzimlənməsinin nəticəsi, bəhrəsidir”.

Deputat həmçinin qeyd edib ki, dünya Azərbaycan xalqının bir hissəsi olan vətəndaş cəmiyyətinin keçirdiyi aksiyada nümayiş etdirilən təmkin, mədəniyyət və dözümlülüyə diqqət yetirməlidir:

“Bütün dünya bu prosesi izləyir. Reaksiyalardan görürük. Mən xüsusilə hadisə yerindən minlərlə kilometr uzaqda olan, bizim tariximizi bilməyən, ermənipərəstlik edən dövlətlər və dairələrə səslənirəm. Görün bizim etiraz etmə mədəniyyətimizi. Diqqətlə izləyin və anlamağa çalışın: Azərbaycan xalqı sülh istəyir. Bu problemin köklü şəkildə həll edilməsini istəyir. Biz buna hər bir halda nail olacağıq. Silahlar susanda belə mədəniyyət, səbir, dözümlülük göstərməklə nail olacağıq. Bir qarış torpağımızı heç kimə güzəştə getməyəcəyik. Bunu birdəfəlik bilsinlər!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir