Siyasət

Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur

Sharing is caring!

          Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas prinsiplərindən biri də Azərbaycana hörmət və ehtiramla yanaşan bütün ölkələrlə münasibətlərin tənzimlənməsi, əlaqələr qurulması, bərabərhüquqlu və səmərəli əməkdaşlığın təmin edilməsi idi. Bu prinsiplər bizim Albaniya Respublikası ilə əməkdaşlığımızı da məqsədəuyğun edir. Üstəlik, Albaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Prezidentimizin noyabrın 15-də Albaniyaya ilk səfəri onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin.

        Prezident İlham Əliyevin  səfər zamanı mətbuata verdiyi bəyanatda vurğuladı ki,  İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir.

     Azərbaycan müharibədə qələbə çaldı. Bu da dünya miqyasında nüfuzumuzu və yerimizi qat-qat gücləndirdi. Hazırda ölkəmiz beynılxalq miqyasda müxtəlif sahələrdə əlaqələır qurur.  Önəmli əməkdaşlıq istiqamətlərindən biri, əlbəttə, qaz sahəsidir. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. 

Səfər zamanı qeyd olundu ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Müzakirə ediləsi məsələlər çoxdur. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var – qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Azərbaycan qüdrətli dövlətdir, bu məsələləri həll etmək imkanlarımız genişdir. Əminik ki, belə də olacaq.

Razi Məmmədov,

Lənkaran-Astara Regional Təhsil İdarəsi

Cəlilabad şəhər 8 nömrəli tam orta məktəbdə müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir