Siyasət

Riyakarlığı ifşa edildikcə İran daha da aqressivləşir – ŞƏRH + FOTO

Sharing is caring!

Son vaxtlar baş verən siyasi gərginlik fonunda İranın əsəbi davranışları açıq-aşkar müşahidə olunur. İstər öz vətəndaşlarına, istərsə də qonşu dövlətlərə qarşı riyakarlığı ifşa edildikcə molla rejimi daha da aqressivləşir. Hakimiyyət bu aqressiyanın bir hissəsini ölkə üzrə rejimə qarşı etiraz edən aksiya iştirakçılarına, bir hissəsini isə Azərbaycan dövlətinə qarşı yağdırmağa başlayıb. Doğrusu, İranın ölkəmizə qarşı kin-kidurətə bələnmiş hirsi, əsəbi və acığı hər zaman müşahidə olunub. Amma son vaxtlar bunun artmasının səbəbləri də heç kimə sirr deyil. Açığı desək, Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra İranın Azərbaycana qarşı təxribatları və təhdidləri artmışdı. Ermənistana hərbi, siyasi və iqtisadi dəstəyini əsirgəməyən İran paralel olaraq Azərbaycana qarşı da müxtəlif addımlar atır. Tehran artıq riyakar siyasətini “müsəlman təssübkeşliyi”, “din və məzhəb qardaşlığı” pərdəsi ilə gizlədə bilmir. Əksinə, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi xalqımızda daha çox ikrah hissi oyadır. İran əslində dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir.

Özünü din adı altında təbliğ edən bu ölkənin əslində dinimizin əleyhinə olan addımları səngimək bilmir. Həm mənəvi-əxlaqi, həm də tarixi dəyərləri tapdalayan rejimin özünü qorumaq üçün çıxmadığı oyunlar qalmayıb. Artıq ədalətsizliyin, haqsızlığın məkanına çevrilən İran dünyanın dörd bir tərəfindən sıxışdırıldıqca nifrətini, qəzəbi Azərbaycanın üzərinə tökür. Amma buna baxmayaraq, digər qonşusu olan Ermənistana pənah aparması onun əsl mahiyyətini və iç üzünü ortaya qoyur.

İran artıq açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışmağa başlayıb. Ölkə daxilindəki sabitlik və asayişi pozmaq üçün din pərdəsi altında yaratdığı təxribatçı və casus qruplarını aktivləşdirir. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyatlar da bunu təsdiq edir. İranın Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyəti aydın görünür. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi də bunu sübut edir. Amma təbii ki, nifrət püskürdüyü Azərbaycanı terrorçu silahlı dəstələrini yerləşdirdiyi Suriyaya və digər ölkələrə çevirmək İranın yalnız və yalnız çirkin arzusu ola bilər. Maraqlısı budur ki, İran təkcə xarici siyasətindəki uğursuzluqlarının deyil, daxilindəki böhranlarının da günahını Azərbaycanda axtarır. İranın yerli mediasının Azərbaycan əleyhinə təbliğatı daha da artıb. Daxildəki etiraz dalğalarını uydurma ssenarilərlə Azərbaycanla əlaqələndirirlər. Yəni Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırmağa çalışırlar. Araz kənarına ordu yığmaq və hərbi təlimlər keçmək də açıq təhdiddir. Amma İranın daxildəki böhrandan diqqəti yayındırmaq üçün Azərbaycanı düşmən elan etməsi cəhdi əbəsdir. Azərbaycan dövlətinin hər cür təxribata və hücuma cavab verəcək gücü və qüdrəti var.

Vətən müharibəsində xalqımızın sərgilədiyi milli birlik, ordumuzun göstərdiyi şücaət bunu sübut edir. Bəs İran özü bütün bu məsələlərdən arxayındırmı?! Doğrudanmı mövcud İran rejimi əhalisinin onları dəstəklədiyini düşünür? Hansı ki, həmin əhalinin 30 milyondan çoxu azərbaycanlıdır. Yaxud da İran hansı böyük hərbi qüdrətindən danışır? Son 30-40 ildə hansı hərbi uğurları var? Keçirdikləri təlimlərdə belə öz silahları ilə özlərini vurur. Yaxın keçmişdə baş verən hadisələr əslində özünün hərbi qüdrəti ilə öyünənlərə bir dərs olmalıdır.

Əvvəllər də İranla zaman-zaman gərginliklər olub. Amma Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. Əlaqələri və əməkdaşlığı genişləndirməkdə maraqlı tərəf olmuşuq. Çünki əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. İndi isə İran açıq təhdidə keçirsə, ona uyğun da münasibət görəcək. Rəsmi Tehran yaxşı olar ki, daxildəki böhranlarının səbəblərini düzgün təhlil etsin və yoluna qoysun, orada yaşayan insanların, o cümlədən də azərbaycanlıların hüquqlarına hörmətlə yanaşsın.

“Report”un analitik qrupu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir