Siyasət

Fransanın müstəmləkələrin qanı üzərində qurulmuş “azadlığı, bərabərliyi və qardaşlığı” – FOTO

Sharing is caring!

Fransanın milli şüarı olan “Azadlıq, bərabərlik və qardaşlıq” bu ölkə haqqında çox yanlış assosiasiyalar yaradır və fikirlər formalaşdırır. Bu sözlər Böyük Fransa İnqilabı dövründən yaranıb, lakin bu ölkənin müstəmləkəçilik siyasəti tamamilə bunun əksi – köləlik, qaniçənlik və qəddarlıq üzərində qurulub.

“Report” xəbər verir ki, zaman belə müstəmləkəçi Fransanın cinayətləri ilə üzləşən afrikalıların yaralarını sağalda bilməyib.

“Anadolu” agentliyinin məlumatına görə, 2020-ci ilə kimi “qara qitə”də Fransanın işğalı altında olan 29 ölkə hələ də cinayətlərə görə təzminat tələb edir və torpaqlarından talan edilmiş sərvətlərinin geri qaytarılmasını gözləyir, fransızlar isə tarixlərinin bu qara ləkələrini hər vəchlə gizlətməyə çalışırlar.

Bunun ən parlaq nümunələrindən biri Fransanın müstəmləkəçi hökumətinin 1945-ci il mayın 8-də – Əlcəzair xalqının müstəqillik əldə etmək istəyinin Setif və Quelma şəhərlərində kütləvi üsyanlara çevrildiyi zaman atdığı addımlardır. Fransa polisi nümayişçilərə atəş açmaqdan çəkinməyib. İtaətsizlik aksiyalarının qarşısını almaq üçün sonrakı sərt tədbirlər isə on minlərlə qurbanın olmasına səbəb olub.

Əlcəzair Fransadan cinayətlərini tanımasını, üzr istəməsini və təzminat ödəməsini tələb edir.

Bundan əlavə, “sivil” və “liberal” Fransa müstəmləkəçiliyə qarşı mübarizə aparan Əlcəzairin müqavimət döyüşçülərinin kəllə sümüklərini “Musee de l’Homme”da – Parisdəki antropologiya muzeyində saxlayır. 2020-ci il martın 3-də Fransa Prezidenti Emmanuel Makron 24 kəllə sümüyünün Əlcəzairə qaytarılmasına razılıq verib. Muzeydə 150 ​​ildən artıqdır nümayiş etdirilən 24 kəllə arasında Zaatç mühasirəsi zamanı müqavimətə rəhbərlik edən Şeyx Buzian və Çerif Bubeqla kimi tanınan Məhəmməd Lamzad bin Abdelmalekin kəllələri də var.

Əlcəzair həm də Fransa üçün sınaq poliqonu olub – 1960-cı ildə bu ölkənin cənubundakı səhrada ilk fransız atom bombası partladılıb. Fransanın “Le Monde” qəzetinin yazdığına görə, yerli əhalinin sağlamlığına və ətraf mühitin çirklənməsinə nəzarət etmək öhdəliyi olmadan azı 16 yeraltı və atmosfer partlayışı baş verib. “Franceinfo”nun məlumatına görə, 1960-66-cı illər ərzində Əlcəzairdə ümumilikdə 57 nüvə təcrübəsi və sınaqları həyata keçirilib. Əlcəzair 1962-ci ildə müstəqillik qazandıqdan sonra belə Fransa bu ölkədə nüvə sınaqlarını davam etdirib.

Əlcəzairin keçmiş xarici işlər naziri Sabri Bukadumun sözlərinə görə, poliqonda sınaqdan keçirilən nüvə bombasının gücü 70 kiloton olub ki, bu da Hirosimaya atılan bombanın gücündən 3-4 dəfə çoxdur. “Partlayışın dəhşətli nəticələri hələ də hiss olunur”, – o deyib.

2017-ci ildə seçki kampaniyası zamanı Fransa Prezidenti Emmanuel Makron Əlcəzairə səfər edib və yerli “Echourouk News” telekanalına müsahibəsində Fransanın Əlcəzairə qarşı müstəmləkəçiliyinin həqiqətən insanlığa qarşı cinayət olduğunu etiraf edib.

Fransa Ruandada 800 min etnik tutsinin həyatına son qoyan dünya tarixinin ən dəhşətli soyqırımılarından birində də iştirak edib. BMT-nin məlumatına görə, tutsilərin məhv edilməsi bir neçə ay ərzində planlaşdırılıb: yerli silahlı dəstələr yaradılıb, kütləvi təbliğat aparılıb, maçete-bıçaqlar alınaraq əhaliyə paylanılıb. Heç kimə – nə uşaqlara, nə qocalara, nə hamilə qadınlara mərhəmət edilməyib. Məktəblərə, kilsələrə qaçıb sağ qalmağa çalışanları da diri-diri yandırıblar və ya onların olduğu məkana qumbara atıblar. Fransa soyqırımı ərəfəsində Juvenal Habyariman hökumətinə kömək edib, sonradan tutsilərin kütləvi qətliamında iştirak edəcək strukturları hazırlayıb, həmçinin onları silahla təmin edib.

Əlcəzair, Seneqal, Madaqaskar, Kamerun, Ruanda, Çad və Mərakeş – bu ölkələrin hamısının tarixində Fransa öz qanlı izini qoyub. Buraya Fransanın bugünkü islamofobiyasını da əlavə etsək, o zaman sual yaranır: milli şüarları fransızların harasına yaraşır?!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir