Siyasət

Dövlətimizin siyasi və diplomatrik səylərinin göstəricisi

Sharing is caring!

       Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımından böyük önəm kəsb edir. Bu görüşün nəticələrini və görüş nəticəsində qəbul edilən Bəyanatı Azərbaycanın növbəti diplomatik uğuru kimi xarakterizə etmək olar.

      Biz uzun illər münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini görmüşük. Bu qurum ikili standartlara söykənərək münaqişənin həllinə yox, davam etməsində daha çox maraqlı görünürdü. Bütün faktlar ortada ola-ola bu qurum heç bir tutarlı iş görə bilmədi. “Dağlıq Qarabağ münaqişəsi” artıq mövcud olmadığı üçün bu qurumun mövcudluğu, məncə, formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya bu məsələdə daha aktiv və təşəbbüskardır. Sammitdə qəbul edilmiş Bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, həmçinin status məsələsinin  ümumiyyətlə müzakirə mövzusu olmaması Azərbaycanın bilavasitə diplomatik qələbəsidir.

       Azərbaycanın Qələbəsi ilə nəticələnən müharibənin başa çatmasından və üçtərəfli bəyannamənin imzalanmasından iki il keçir. Bu iki il ərzində Qarabağda görülən bərpa-quruculuq işləri başda olmaqla, bölgənin rifahı baxımından çox mühüm addımlar atılıb. Soçi görüşü də bu istiqamətdə mühüm hadisədir. Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması yalnız iki ölkə üçün deyil, bölgə, həmçinin dünya üçün böyük əhəmiyyət kəsb edir. Açılacaq Zəngəzur dəhlizi isə Şərqlə Qərb arasında çox mühüm körpü rolunu oynayacaq, Cənubi Qafqazda sabitliyi daha etibarlı edəcək, regionda isə sülhün hökm sürməsində vəsilə olacaq.

        Üçtərəfli görüşdə qəbul edilmiş Bəyanatda deyilir ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər. Bu, bir daha göstərir ki, sülh istiqamətində mühüm irəliləyişə nail olunacaq.

Şəhla Mürsəlova,

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli

tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir