Siyasət

Əliyevin Əlcəzair səfəri: Fransa və İrana qarşı siyasi cəbhə stimullaşdırılır – TƏHLİL

Sharing is caring!

Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci sammitində qonaq qismində iştirak etmək üçün Əlcəzairə səfəri Azərbaycanın xarici siyasət kursunun ərəb dünyasına doğru genişlənməsinin indikatorudur.

Düzdür, Ərəb Liqasındakı görüşlər və nəticələr dünyanın siyasi gedişatına həlledici təsirlər göstərmir, sadəcə olaraq, ali səviyyəli tədbirlər həmrəylik, ərəb dövlətləri arasındakı fikir ayrılıqlarına son qoyulması yönündəki səylərin təkmilləşdirilməsi üçün müstəvilərdən biridir.  

Əlcəzair Ərəb Liqasının zirvə iclasına ev sahibliyindən özünün xarici siyasətdəki iddialılığını artırmaq üçün istifadə edir.

Əlcəzair zəngin karbohidrogen ehtiyatlarına malikdir və Avropanın enerji təchizatı üçün alternativ mənbələrdən biridir. Əlcəzairin bu xüsusiyyətləri onu Azərbaycanla oxşar edir və iki ölkə arasında enerjiyə dair dəyərlərin bölüşdürülməsi tendensiyasını yüksəldir.

Əlcəzair təbii sərvətlərini regional və qlobal səhnədə öz əhəmiyyətini nümayiş etdirmək vasitəsinə çevirir, bunu ölkənin Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın təmsil olunduğu BRİKS qrupuna qoşulmaq arzuları da sübut edir.

Əlcəzair İsrail-Fələstin münaqişəsinin həllində vasitəçilik rolunu artırıb xal toplamaq niyyətindədir və məqsədlərinə çatmaq üçün ərəb birliyini daha da gücləndirmək anlayışını təşviq edir.

Ərəb Liqası Türkiyəyə qarşı da mövqe sərgiləyir, təşkilatdakı bəzi dövlətlər Ankaranı onların daxili işlərinə qarışmaqda ittiham edirlər.

Azərbaycanın ərəb dövlətləri ilə istiləşən münasibətləri isə Bakının mübahisələrin həllindəki moderatorluq missiyasına yiyələnməsinə stimul verir. İlham Əliyevin səfəri və Liqanın sammitində çıxışı mübahisələrin birləşdirici həll yolları ilə bağlı rəmzi mənaya sahibdir.

Nəzərə alınacaq nöqtələr:

1. Türkiyənin İsraillə (hər ikisi liqanın üzvü deyil) əlaqələri yaxşılaşıb;

2. Türkiyə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir ilə soyuyan münasibətləri istiləşdirir.

Türkiyə ilə İsrail Ərəb Liqasının içərisindəki mövqelərini bərkitmək üçün özlərini təşkilatın maraqları ilə uyğunluq təşkil edən bir xəttə kökləyə bilərlər.

İlham Əliyevin Əlcəzairə səfərinin alt qatında dayanan motivləri bu amilləri nəzərdən keçirmədən qeyd etmək yarımçıq yanaşma olardı.

Onu da əlavə edək ki, dünyadakı münaqişə ocaqlarının qalanması Afrika uğrundakı çəkişmələri də sürətləndirir və bu rəqabətin təsirləri gec-tez beynəlxalq münasibətlər sistemini zədələyən əlavə mənbə olacaq.

Afrika qitəsində güclü oyunçulardan biri də Fransadır, lakin Paris müstəmləkə siyasətinin qurbanı olmuş ölkələrin gözündə qətiyyən etibarlı tərəfdaş sayıla bilməz.

Fransanın Azərbaycanı Ermənistana qarşı az qala etnik təmizləmədə ittiham etmək siyasətinin kökü də elə Parisin müstəmləkəçi yanaşma tərzindən irəli gəlir.

Fransa və Ermənistan beynəlxalq cəzasızlıqlardan cəsarətlənərək öz ideoloji oxlarını Azərbaycana qarşı birləşdirirlər, hərçənd ki, kimin hansı tarixdə, hansı soyqırımılar, qətliamlar həyata keçirdiyi faktları da göz önündədir.

İlham Əliyev Fransanın müstəmləkəçiliyindən əziyyət çəkmiş Əlcəzairə səfər etməklə və Liqanın sammitində çıxış etməklə Parisə doğru ünvandan mesajlar verdi. Əliyev Fransanın tarixdə etdiyi vəhşiliklər seriyasını xatırlatdı və bununla incə diplomatik gedişlə Parisin onsuz da sarsılan beynəlxalq nüfuzunu bir qədər də əzdi.  

Əliyevin səfəri İranın Azərbaycana əzələ göstərmək tendensiyasının tüğyan etdiyi zamanda Bakının Tehrana qarşı mövqeyinin ərəb dünyasında dəstəklənməsi üçün arqumentləri də çoxaldacaq.  

Hərçənd ki, Əlcəzairin İranla münasibətləri digər Liqa üzvlərinə nisbətdə yaxşıdır, bununla belə, ümumilikdə Tehrana qarşı koalisiyanın yaranmasından Liqa da məmnundur.

Əliyevin Əlcəzair səfərindən gələ biləcəyimiz nəticə budur ki, Azərbaycan Türkiyənin ərəb dünyasında artan roluna dəstək göstərəcək və İsrailin də nüfuzundan bəhrələnəcək.

Fransanın qlobal səhnədən kənara itələnməsi fonunda Parisin Afrikadakı çəkisinin azaldılması prosesində Azərbaycanla Türkiyə də pay sahibi olmaq istəyirlər, lakin bu, elə də asan reallaşa bilən məsələ deyil.

Əliyev İranın Yaxın Şərqdəki pozuculuq fəaliyyətlərinin ərəb dünyasına mənfi təsirlərini analiz edir, mümkündür ki, gələcəkdə Azərbaycan İranla dərin problemlər yaşayan ərəb ölkələri ilə birgə addımlarını məlumat mübadilələri ilə birləşdirəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir