Siyasət

Gəncə terrorunda beş ailə üzvünü itirən Südabə Əsgərova: “İki ildir qızımın tortu yasında kəsilir” – FOTO

Sharing is caring!

2020-ci il oktyabrın 17-də ermənilər mülki əhalini hədəf alaraq Gəncəyə beşinci dəfə raket atdı.  Hadisədə 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 48 nəfər isə ağır bədən xəsarətləri aldı. Sonuncu Gəncə terrorunun qurbanlarından arasında Əsgərovlar ailəsi də var. Həmin gün ailənin beş üzvü şəhid olub. 

Tərcümeyi-hal: Əsgərov Suliddin İsmayıl oğlu 1948-ci ildə dekabrın 25-də Gəncə şəhərində doğulub. 1955-63-cü illər arasında Gəncə şəhər 15 nömrəli orta məktəbdə təhsil alıb. Uzun illər montyor-elektrik vəzifəsində çalışıb. 1985-ci ildən 2000-ci ilə qədər isə Gəncə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında gözətçi vəzifəsində çalışıb. Dörd övladı var. 

Əsgərov Bəxtiyar Suliddin oğlu 1980-ci il 28 dekabr tarixində Gəncə şəhərində anadan olub. 1997-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib. 1999-2000-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2010-cu ildə ailə həyatı qurub. İki övlad var.

Əsgərova Sevil Suliddin qızı 1982-ci il noyabrın 22-də Gəncə şəhərində doğulub.1989-cu ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 1999-cu ildə isə həmin məktəbi bitirib. 2013-cü ildə Teymur Talıbov ilə ailə həyatı qurub. Evdar xanım və bir övlad anası idi. 

Əsgərova Nigar Azər qızı 2005-ci il oktyabrın 18-də Gəncə şəhərində doğulub. 2011-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. 2020-ci ilin oktyabr ayından Bərbər-kosmetoloq peşəsi üzrə təhsil almağa başlayıb və oktyabrın 17-də erməni terroru nəticəsində şəhid olub.

Xaliqova Narin Teymur qızı 2019-cu il 17 dekabr tarixində Gəncə şəhərində doğulub. Ailənin tək övladı olan Narin 5 illik həsrətin sonunda dünyaya göz açmışdı. O da erməni terroru nəticəsində şəhid olub.

Şəhid Suliddin Əsgərovun qızı, Nigar Əsgərovanın anası Südabə Əsgərova Oxu.Az-a açıqlamasında həmin gün evdə səkkiz nəfərin olduğunu və sağ qalan üç nəfərin də erməni vəhşiliyi nəticəsində ağır xəsarətlər aldığını bildirib:

Hadisə baş verəndə evdə səkkiz nəfər olub. Mən Rusiyadaydım, pandemiyaya görə gediş-gəliş çətin idi, ancaq dəfndən sonra çata bildim. Atam, qardaşım, bacım, bacımın qızı və övladım həmin gün şəhid oldular. Anam yaralanmışdı, qardaşımın oğlu Amin aldığı xəsarətə görə hazırda fiziki məhdudiyyətlidir”.

Südabə xanımın sözlərinə görə, atasının fiziki məhdudiyyəti varmış, 2018-ci ildə infarkt keçirdiyinə görə heç yerə gedə bilmirmiş, ona görə də Gəncəyə əvvəllər raket atılmış olsa da, ailə şəhərdən çıxmağa cəhd etməyib:

“Anamgil heç yerə getmirdi. Ancaq qızım iki gün sonra Şəmkirə bacımgilə gedəcəkdi. Sadəcə ad gününə görə qalmışdı, oktyabrın 18-i yaşını rəfiqələri ilə restoranda keçirəcəkdilər, qismət olmadı. Mən həyat yoldaşımdan ayrıldığım üçün atamgillə birlikdə yaşayırdım. Evimiz həyət evi idi, raket düşəndən sora darmadağın oldu”.

Südabə Əsgərova hadisədən bir müddət sonra onlara şəhid olan ailə üzvlərinin hər birinə görə qanpulu ödənildiyini deyib: 

“Bizə kompensasiya ödənildi. Ancaq nə fayda, gedənlərimiz gəlmədi. Ailəmizdən geriyə qardaşımın yoldaşı və iki övladı, bacımın yoldaşı və mən qalmışam. Yeganə övladımı itirdim, yaşına bir gün qalmış getdi. Həmişə tortu yaşında kəsilirdi, iki ildir yasında kəsilir (ağlayır)”. 

Ailənin dağılan evi isə hələ hazır deyil:

“İki ildir təmir olunmayıb, kirayədə yaşayırıq, kirayə pulunu isə dövlət ödəyir, ancaq kommunal xərcləri özümüz qarşılayırıq. Hər dəfə tikintinin gələn ay başa çatacağını deyirlər”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir