Siyasət

FHN-in xilasedicisi: “Dağıntılar altından çıxardığım uşağın yaşamasını çox istəyirdim” – FOTO

Sharing is caring!

“Dağıntılar altından çıxardığım uşağın yaşamasını çox istəyirdim”.

Bunu “Report”un Qərb bürosuna müsahibəsində Vətən müharibəsi zamanı oktyabrın 17-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılmış raket nəticəsində dağıntıların baş verdiyi ərazilərdə xilasetmə işləri aparan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xilasetmə hissəsinin xilasedicisi baş çavuş Mərdan Şirinov bildirib.

O, Gəncəyə atılan raketlər nəticəsində baş vermiş dağıntıların olduğu ərazilərdə həmkarları ilə birgə onlarla insanın həyatını xilas edib:

“Müharibə zamanı Gəncəyə ilk raketin düşdüyü gündən son günə qədər biz dağıntılar altında qalan insanların xilasetmə işlərinə cəlb olunduq. Hətta evimizdə olanda belə biz partlayış olan ərazilərə dərhal gedirdik. Xüsusi formamızı demək olar evimizdə də əynimizdən çıxarmırdıq. Oktyabrın 11-də gecə saat 2 radələrində raketin düşdüyü əraziyə evimdən çıxıb qaçaraq gəlmişəm. Həmin əraziyə çatdıqda hər tərəfin toz-duman olduğunu, ilk gündə olan dağıntıdan daha da böyük bir dağıntı olduğunu gördüm. Orada həmkarlarımla birgə ilk olaraq bir qız uşağını dağıntılar altından sağ çıxardıq. Lakin təəssüflər olsun ki, dağıntılar altında bir yaşlı qadının cansız bədəni aşkarlandı. Sonra isə onun oğlunun nəşi tapıldı. Biz onları dağıntılar altından əllərimizlə çıxarırdıq ki, birdən xüsusi alətlə çıxarsaq, meyitə zərər toxunar. İnanın iş həyatımda bir çox bədbəxt hadisə nəticəsində baş vermiş hadisələrdə xilasedici olaraq iştirak etmişəm, heç biri bu qədər mənə təsir etməmişdi. Səhər açılanda artıq bizə bildirilən son 2 şəxsin axtarışını aparırdıq və bir neçə saat sonra biz qadın və kişinin nəşini tapdıq. Bütün bunlar bizim üçün çox acı hisslər idi”.

O vurğulayıb ki, heç həmin günün acısı sakitləşməmiş növbəti faciə baş verdi:

“Oktyabrın 17-də Muxtar Hacıyev küçəsinə ballistik raketin düşdüyü məlumatı gəldi. Dərhal əməkdaşlarımızla birgə həmin əraziyə getdik. O gecə isə mənim ömür boyu unuda bilməyəcəyim bir gecə oldu. Təsəvvür edin müxtəlif bədən hissələri qarşımıza çıxır. Dəhşətli bir haldır bu. Uşaq, yaşlı, cavan, qadın, kişi hər kəsin nəşi hissələrə bölünmüş, tanınmaz halda idi. Dağılmış evlərin birində yataq otağı olduğu ehtimal olan hissədə axtarış apardığımız zaman dağıntılar altından bir qadının cansız bədəni aşkarlandı. Əlimizlə ətrafı və onun üzərində olan daşı, qumu təmizləyib çıxardığımız zaman baxdıq ki, qadının qolu sanki nəyəsə ilişib. Ehtiyatla o hissəni də təmizlədik, gördük ki, qadının qolunda körpə uşaq var. Sanki ana hadisə zamanı öz övladını qorumaq üçün onu qollarına alıb. Dəhşətli bir an idi. Mən o uşağı oradan çıxardım. Onun üzü qan, toz, torpaq içində idi əlimlə üzünü təmizlədim. Tez təcili tibbi yardıma apardım, ona elə sarılmışdım ki, onun həyatda olmasını elə çox istəmişdim ki, dünya durmuşdu mənə görə, sadəcə qucağımdakı o uşağın yaşadığını eşitmək istəyirdim. Amma çox təəssüf ki, artıq hər şey gec idi. O, dağıntılar altındaca dünyasını dəyişmişdi. O, uşaq Türkiyə mətbuatında çalışan müxbirin “əli əlimə dəydi” dediyi uşaq idi. Mən onun günahsız və balaca nəşinə sarılan ilk insan idim. Üzərindən 2 il keçməsinə baxmayaraq, mən hələ də o anları unuda bilmirəm. Bir qadının nəşi partlayışın gücündən 80-90 metr kənara düşmüşdü. Bu, erməni vəhşilərinin, cəlladlarının günahı səbəbindən baş vermişdi. Onlar müharibə zonasında məğlub olduqca heyiflərini dinc sakinlərdən alırdılar. Onlar qədər murdar xislətli bir xalq yoxdur. Amma bilməlidirlər ki, türk nə olursa olsun başına nə fəlakətlər gəlirsə gəlsin, düşməndən qorxmaz və geriyə addım atmaz. Şükürlər olsun işğal altında olan torpaqlarımız şərəfli ordumuz tərəfindən azad olundu, həm hərbi həm mülki şəhidlərimizin qanı axan bu torpaqlar daim müstəqil və bütöv olacaq. Müharibə dövründə dağıntılar altında qalan insanların xilas edilməsi üçün bizimlə birgə vətəndaşlıq, insanlıq borcunu yerinə yetirən hər kəsə də minnətdaram”, – deyə M.Şirinov vurğulayıb.

Qeyd edək ki, 17 oktyabr 2020-ci il tarixində Gəncə şəhər Muxtar Hacıyev küçəsinə Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raket atılıb. Bu terror hadisəsi nəticəsində hamısı mülki şəxslər olmaqla 15 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb, onlarla evlər dağılıb, binalara və digər infrastruktura zərər dəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir