Siyasət

Qazaxıstanlı ekspert: “Qazaxıstan məhsulları üçün marşrutların salınmasında Azərbaycan hab rolunu oynayır”

Sharing is caring!

“44 günlük Vətən müharibəsində Qələbədən və 30 ilə yaxın işğal altında olan ərazilərin qaytarılmasından sonra Azərbaycan Prezidenti özünü Cənubi Qafqaz üzrə regional lider kimi göstərdi. Bu status regionda bir çox məsələlərin həlli üçün müəyyən imkanlar və səlahiyyətlər verir”.

Bu barədə AZƏRTAC-a “Qazaxıstan tarixi” portalının redaktoru Arman Süleymenov Prezident İlham Əliyevin Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında iştirakını şərh edərkən bildirib.

“Əlbəttə, bu, çox çətin və məsuliyyətli yükdür. Lakin Prezident İlham Əliyev bunun öhdəsindən uğurla gəlir. Azərbaycan Prezidentinin qarşısında dağıdılmış infrastrukturun bərpa edilməsi kimi çətin və çox mürəkkəb məsələlər durur. Biz işğalçıların Şuşa şəhərini hansı hala gətirdiklərini bilirik. Mən orada olmuşam və bir zamanlar çiçəklənən şəhər – Azərbaycanın ürəyi, dahi şairlərin, musiqiçilərin və bəstəkarların Vətənini hansı xarabalığa çevirdiklərini görmüşəm. Məscidlərdən donuz tövlələri üçün istifadə olunub, unikal mədəniyyət abidələri dağıdılıb. İndi bütün bunları bərpa etmək lazımdır”, – deyən ekspert vurğulayıb ki, Qarabağın şəhərlərinin bərpasında Qazaxıstan tərəfi də fəal iştirak edəcək.

A.Süleymanov qeyd edib ki, cari ilin avqustunda Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin Bakıya rəsmi səfəri zamanı prezidentlər bununla bağlı razılığa gəliblər. Qazaxıstan infrastrukturun bərpası ilə bağlı məsələlərin bir hissəsini öz üzərinə götürür. Bu, uşaqlar üçün binaların, məktəblərin tikintisidir. Bu işə Qazaxıstan biznesi də fəal cəlb olunur. İşğalçılar özlərindən sonra çoxsaylı təhlükəli fəsadlar qoyublar və minalanmış ərazilər də onların sırasındadır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində milyondan çox mina basdırılıb. Minaların təmizlənməsi çox zəhmət tələb edən prosedurdur. Bu, xeyli vaxt, vəsait tələb edir və ən başlıcası insanların həyatını əllərindən alır. Nə qədər insan bu minalarda nəticəsində həlak olub:

“Ümidvaram ki, AQEM-in Zirvə Toplantısında ərazilərin, infrastrukturların bərpası, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üzrə qaldırılan məsələlər tezliklə öz müsbət həllini tapacaq”, – deyə Arman Süleymenov əlavə edib.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq barədə danışan ekspert bu əlaqələrin son illər ərzində əhəmiyyətli dərəcədə artmasını vurğulayıb.

“Birgə layihələr dinamik inkişaf edir. Qazaxıstan məhsulları və xidmətləri üçün marşrutların salınmasında Azərbaycan hab rolunu oynayır. Bu planda da biz ümid edirik ki, Azərbaycan Qazaxıstan məhsullarını təkcə Qafqazda deyil, həm də Yaxın Şərqdə, Avropa, Asiya və Afrikanın bazarlarında təqdim olunmasına kömək edəcək. Əminəm ki, ölkələrimiz arasında bağlanan razılaşmalar yaxın vaxtlarda öz müsbət həllini təsirini göstərəcək”, – deyə A.Süleymenov qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir