Siyasət

“İlham Əliyevin Qırğızıstan və Qazaxıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır” – RƏY + FOTO

Sharing is caring!

“Prezident İlham Əliyevin Qırğızıstan və Qazaxıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Madər Musayev deyib.

Onun sözlərinə görə, Azərbaycanla bu ölkələri tarixi köklər, ortaq mövqelər birləşdirir və dövlətlərimiz daimi olaraq beynəlxalq təşkilatlarda bir-birlərinə dəstək verirlər.

Deputat bildirib ki, ölkə başçısının bu səfərləri zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək:

“Son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Bundan əvvəl də Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir”.

M.Musayev qeyd edib ki, Azərbaycanın Qırğızıstan və Qazaxıstanla əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub:

“Azərbaycanın Qırğızıstan və Qazaxıstan arasındakı əlaqələri bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Dövlətimizin banisi ümummilli lider Heydər Əliyev müasir Azərbaycan qurub yaradarkən türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz onun müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda özünün ən yüksək səviyyəsindədir. Eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, əlaqələrin qurulmasında, bir sözlə, qardaşlaşmasında Heydər Əliyevin xidmətləri danılmazdır. Hər zaman qardaş ölkələr ulu öndərin türk dünyasındakı rolunu yüksək qiymətləndirirlər”.

Milli Məclisin deputatı həmçinin vurğulayıb ki, Bişkekdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması bu dahi şəxsiyyətə olan ali ehtiramın göstəricisidir:

“Hesab edirəm ki, Prezident İlham Əliyevin hər iki ölkəyə səfəri çərçivəsində ikitərəfli münasibətlərin gələcək yol xəritəsini müəyyənləşdirən əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsi, Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında Mərkəzi Asiya ölkələri və ümumilikdə türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinin necə xüsusi önəm daşıdığını bir daha sübut edir. Bütövlükdə Prezident İlham Əliyevin istər Çexiya, istər Qırğızıstan, istərsə də Özbəkistan və Qazaxıstana səfərləri bir daha onu göstərir ki, ölkə başçımız təkcə öz bölgəmizdə deyil, dünyada sülhün əməkdaşlığın, tərəqqinin yeni müstəviyə qalxması üçün öz töhfələrini verir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir