Siyasət

Gəncə terrorunda zərərçəkən şəxs: “Dağılan evlərin saatları 02:01-də dayanmışdı” – FOTO

Sharing is caring!

“Dağılan evlərin saatları 02:01-də dayanmışdı”.                                                        

Bu sözləri “Report”un Qərb bürosuna müsahibə verən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində zərərçəkən 43 yaşlı Fuad Tahir oğlu Hüseynov bildirib.

O, həmin gecə ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilində olduğunu və raketin düşməsi nəticəsində evinin tamamilə dağıldığını, özünün isə dağıntılar altında qaldığını bildirib:

“Gecə saat 02:01 idi, birdən böyük bir partlayış səsi eşidildi. Ardınca ev dağıldı. Hər tərəfdən qışqırtı səsləri gəlirdi. Mən həmin anı heç filmlərdə belə görməmişdim. Çox dəhşətli bir hal idi. Dağıntılar altından özüm çıxa bildim. Ətraf tüstü-duman. Raketin zəhərli tüstüsü isə bizi boğurdu. Lakin buna baxmayaraq, başladıq dağıntılar altına qalan insanlara köməklik etməyə. Bir az keçmişdi Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasediciləri, polislər, ətrafda olan insanlar əraziyə gəldilər. Dağıntılar altında qalan insanlar oradan çıxarmağa başlandı. Çox təəssüflər olsun ki, onlardan dünyasını dəyişənlər oldu. Onlar öz evlərində yatdığı yerdə terror hadisəsi nəticəsində şəhid olan günahsız insanlar idi”.

F.Hüseynov vurğulayıb ki, Ermənistan müharibə cinayəti törədərək əllərini günahsız insanların qanına batırıblar:

“Vəhşilik törədən Ermənistan indi dünyaya “günahsız” xalq cildinə girərək kömək dilənir. Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında istər siyasi, istərsə də hərb meydanında qələbə qazanmağımız bizim üçün qürurvericidir. İnanıram ki, Ali Baş Komandamızın səyi nəticəsində düşmənin siyasi arenada oynadığı saxta oyunu da darmadağın olacaq. Biz heç vaxt müharibə istəməmişik, tək öz ölkəmizdə yox digər ölkələrdə də müharibə olsa üzülürük. Üzərindən 2 il keçməsinə baxmayaraq, övladlarımız hələdə həmin anların şokundadır. Bir səs eşidən kimi, elə bilirlər yenə raket atıldı. Bütün bunlar müharibənin insan ruhunda buraxdığı ağrılı izlərdir”, – deyə müsahib vurğulayıb.

Qeyd edək ki, 11 oktyabr 2020-ci ildə Ermənistan Silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir