Siyasət

“Azərbaycan Ordusunun cavab tədbirləri həmişə amansız olub və bundan sonra da olacaq” – RƏY + FOTO

Sharing is caring!

“Ermənistanın xəyanətkar hücumlarına qarşı Azərbaycan Ordusunun cavab tədbirləri həmişə amansız olub və bundan sonra da olacaq”.

Bu sözləri “Report”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Paşinyanı Ermənistanda indiyə qədər gəlib-getmiş dövlət rəhbərlərinin nisbətən uğurlusu hesab edir:

“Lakin Ermənistanın Azərbaycan sərhədində həyata keçirdiyi təxribatlara Paşinyanın da rəvac verdiyini və prosesin içində olduğunu söyləməyə məcburam. Paşinyan ötən gün parlamentin iclasındakı nitqi ilə bir növ baş verən hadisələrin içərisindən sivrilib çıxmağa çalışıb”.

Azərbaycan əleyhinə böyük təxribatın hazırlandığını və xüsusi diversiya qruplarının formalaşdırıldığını xatırladan politoloqun sözlərinə görə, bundan Paşinyanın əvvəlcədən xəbəri olub:

“Həmin diversiya qrupları Azərbaycan sərhədlərini keçərək Azərbaycan Ordusuna arxadan zərbə endirməyə çalışıblar ki, belə bir məsələdən Paşinyanın xəbərsiz olduğuna inanmaq mümkün deyil. Revanşistlər Paşinyanı sıxışdırsalar da, hətta onun istefasını tələb etsələr də, proseslərin hansısa mərhələsində Paşinyan da revanşistə çevrilib. O düşünüb ki, kiçik də olsa, lokal sərhəd toqquşması ilə Azərbaycan üzərində bir qələbə qazanaraq Ermənistan cəmiyyətinin əzilmiş heysiyyətini sosial terapiya etmək lazımdır. Nəticə etibarilə Paşinyan da bu demaqogik təsirin altına düşüb və ona görə bu cür böyük toqquşma baş verib”.

Q.Hüseynli bildirib ki, bu cür xəyanətkar hücuma qarşı Azərbaycan ordusunun cavab tədbirləri amansız olub və Ermənistan üzərində böyük qələbələr qazanılıb:

“Dünya gec-tez Ermənistanı bu sərhəd döyüşlərinin günahkarı kimi tanıyacaq. Azərbaycan Ordusu qəflətən hücuma məruz qalsa da, 44 günlük müharibədə olduğu kimi, çox böyük şücaət göstərib. Bunu həm iki tərəfin itkilərinin sayının müqayisəsi, həm də Azərbaycan Ordusunun bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti təmin etməsi göstərir. Bu gün Ermənistan ordusunun ən azı 200 döyüşçüsü həlak olub, böyük döyüş texnikaları, tank və artilleriya qurğuları məhv edilib. Bütün bunlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha ortaya qoyub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir