Siyasət

“İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri türk dövlətləri üçün nümunə olmalıdır” – RƏY

Sharing is caring!

“Bu gün Azərbaycan tarixi və dövlətçiliyi üçün çox mühüm bir gündür. Bizim üçün 15 sentyabr erməni-bolşeviklərdən Bakının təmizlənməsi günü kimi əlamətdar olmaqla yanaşı bir qardaşlıq sınağının da xatırlandığı gündür. Türkiyə-Azərbaycan qardaşlığı 100 il əvvəl necə tarixin sınağından uğurla çıxıbsa, indi də hər çətin anda qardaşlarımızın dəstəyini daim hiss edirik”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O xatırladıb ki, 1918-ci il 15 sentyabr tarixi Azərbaycan Cümhuriyyəti üçün olduqca ağır bir dönəmə təsadüf edirdi:

“Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Nəticədə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Həmin tarixdən 104 il keçsə də, bu gün biz yenə qardaşlarımızı ən çətin anda yanımızda görürük”.

Deputat deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı iki ölkə liderinin səyi nəticəsində elə bir həddə çatıb ki, dünyada ikinci belə qardaşlıq münasibəti olan dövlət göstərmək olmaz:

“Türk dünyasının parlaq liderləri və görkəmli şəxsiyyətləri kimi dövlət başçıları – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri digər türk dövlətləri üçün də bir nümunəyə çevrilməlidir. Çünki türkün türkdən başqa dostu yoxdur. Əlbəttə son baş verən hadisələr zamanı da qardaş Türkiyə yanımızda olduğunu bildirdi. Türkiyənin Azərbaycanın yanında olmasını bütün dünyaya nümayiş etdirməsi Azərbaycanın da beynəlxalq müstəvidə əlinin güclənməsinə səbəb olur”.

V.İskəndərov qeyd edib ki, iki ölkə liderinin uzaqgörən siyasəti və iki ölkənin birliyi Türk dünyası üçün bir lokomotiv rolunu oynayır:

“Həmçinin onu da qeyd etmək olar ki, regionda baş verən geosiyasi dəyişikliklər, Ermənistan üzərindən mənfur əməllərini həyata keçirmək istəyən bəzi düşmən tərəflərin planlarını suya düşürüb. Çünki həm 44 günlük Vətən müharibəsində, həmçinin də 12-13 sentyabr hadisələrində baş verənlər göstərdi ki, artıq regionda güclü Azərbaycan var. Ermənistanın hər bir həmləsinə artıqlaması ilə cavab vermək iqtidarında olan müstəqil, Müzəffər Ali Baş Komandanı olan bir türk dövləti mövcuddur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir