Siyasət

Professor: “Tovuz döyüşlərində olduğu kimi, yenə də məqsəd KTMT-ni proseslərə cəlb etməkdir” – FOTO

Sharing is caring!

“Ermənistanın son təxribatlarında Fransa xüsusi maraqlı idi. Fransa uzun müddət idi ki, Ermənistana silah göndərirdi. Paris İrəvanda Moskvanı əvəzləmək istəyir. Bundan başqa, ABŞ da Cənubi Qafqaza nüfuz etməyə çalışır. Ağ Evin ikili açıqlamaları buna sübutdur. Həmçinin son proseslər Rusiyanın da ürəyincə idi. Kreml Avropa İttifaqının vasitəçilik səylərini qəbul edə bilmir”.

Bunu “Report”a açıqlamasında siyasi elmlər doktoru, professor Sabir Məmmədli deyib.

“Əlbəttə, Ermənistan daxilindəki revanşistlərin də sabotaj əməlləri var. Ermənistan baş naziri Nikol Paşinyan bütün cəhdləri ilə nəyəsə nail olmaq istəyir. Erməni xisləti ona konstruktiv mövqe sərgiləməyə imkan vermir. Hökumət başçısı Qarabağ probleminin hələ də həll olunmadığını deməklə əslində xislətini ortaya qoyur. Halbuki Ermənistan hökuməti bunu qəbul etsə də, etməsə də, Qarabağ məsələsi artıq Azərbaycanın daxili işidir. Son günlər Paşinyan Fransa, ABŞ, Rusiya və İran liderləri ilə danışdı. Ən sonda isə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə zəng etdi. Bu, onun niyyətinin təzahürüdür. Görünür, Paşinyan Brüssel danışığına sadiq deyil. Əks halda ən birinci Mişelə zəng edərdi”.

S.Məmmədlinin sözlərinə görə, toqquşma gözlənilən idi:

“Çünki son vaxtlar Ermənistan, demək olar, hər gün Kəlbəcər, Laçın istiqamətlərində atəşkəsi pozurdu. Əlbəttə, Azərbaycan Ordusu təxribatlara səssiz qala bilməzdi. Əgər Ermənistan hakimiyyəti bir tərəfdən danışıqlar masasına oturur, digər tərəfdən sabotaj edirsə, deməli, sabitlikdə maraqlı deyil. Onu da qeyd edim ki, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu adekvat cavab tədbirləri nəticəsində ciddi uğurlar əldə etdi. Bunu Ermənistan mətbuatı da yazır. Fikrimcə, qarşıdakı günlərdə Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Paşinyana sülh müqaviləsinə razılıq verməklə bağlı təzyiqlər edilə bilər. Hərçənd Rusiya prosesə maneçilik törədə də bilər”.

Professor həmçinin bildirib ki, erməni tərəfinin təxribatı ilə 2020-ci ildə baş vermiş Tovuz döyüşlərinin ssenarisi təkrarlanıb:

“O zaman olduğu kimi, indi də əsas məqsədlərdən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) proseslərə cəlb etməkdir. Amma bu, baş tutmaz. Birincisi, ona görə ki, Türkiyə KTMT-nin proseslərə müdaxiləsinə imkan verməz. İkincisi, KTMT daxilindəki türkdilli dövlətlər buna razı olmazlar. Qazaxıstanın xarici işlər naziri, baş nazirin müavini Muxtar Tleuberdi ölkəsinin Ermənistana sülhməramlı kontingent göndərməyəcəyini söyləyib. Bu, çox şeydən xəbər verir. Bundan başqa, onu deyim ki, budəfəki adekvat cavab tədbirləri nəticəsində daha çox hərbi uğur qazanmışıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir