Gündəm Siyasət

AZƏRBAYCAN XALQI MÜZƏFFƏR XALQDIR

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Prezident özünün Anım günü münasibətilə xalqa müraciətində bir daha qeyd edib ki, tarixi Qələbə ilə Azərbaycan xalqı düşməndən qisas almış, şəhidlərimizin qanı yerdə qalmamışdır. Heç şübhəsiz, tarixi Zəfərin qazanılmasında xalqımızın milli həmrəylik, eləcə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin birlik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə birmənalı dəstək göstərməsinin mühüm rolu var. Vətənin bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki şəxslər, ümumilikdə, Azərbaycan xalqı cəsarət və qətiyyət göstərərək, bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır.
Azərbaycanın Zəfəri onların bütün ideoloji sütunlarını darmadağın edib. Rəsmi İrəvan postmüharibə reallıqları ilə barışa bilmir. Burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Amma biz məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar. Bu fikirləri Prezident İlham Əliyev öz müraciətində səsləndirib.
Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, qardaş Türkiyə, eləcə də Pakistan, İsrail, Ukrayna və digər ölkələrin adını çəkmək olar. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə zidd olan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alındı.
İndi ölkəmizdə yeni dövr – quruculuq dövrü, postmünaqişə dövrü başlayıb. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır.
Aydın Hüseynov, “YENİ GÜN” qəzetinin baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir