Siyasət

Sahil Babayev görüş keçirəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev aprelin 12-də Qəbələ rayonunda Qəbələ, Şəki və Oğuz rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

XəbərAl.az xəbər verir ki, hazırda qəbula yazılma prosesi davam edir.

Xatırladaq ki, qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) bağlı müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.