Siyasət

“Cənab prezident Yunanıstana, Ermənistana və onları müdafiə edənlərə ciddi mesaj verdi” — Partiya sədri

“Ölkə Prezidentinin Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən söyləmiş olduğu fikirlər olduqca qətiyyətli, siyasi tutumuna görə analoqu olmayan cəsarətin nümunəsidir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Partiya sədri hesab edir ki, İlham Əliyevin səfirə və onun vasitəsilə həmin ölkəyə konkret və arqumentli fikirlər bildirməsi Yunanıstana, Ermənistana, həm də onları müdafiə edənlərə ciddi mesajdır.

“Cənab Prezident çox açıq və konkret şəkildə iki məqam üzərində dayandı. Birincisi, Yunanıstanın və Cənubi Kipr Respublikasının Ermənistanla hərbi əməkdaşlığının yolverilməz olduğunu önə çəkdir. Konkret arqumentlərlə fikrini əsaslandırdı ki, Ermənistan təcavüzkar ölkədir və Azərbaycanın 20 faiz torpağını işğal edib. Vandal Ermənistan 1992-ci ildə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törədib və bu günə qədər də öz vandal hərəkətlərindən, işğalçın siyasətindən əl çəkməyibdir. Ermıənistanın vaxtaşırı olaraq, Azərbaycanın sərhədlərini pozaraq təxribat törətməsi və bunun davamlı xarakter daşıması onun təcavüzkar mahiyyətindən xəbər verir. Belə bir ölkəyə silah yardımı etmək, onunla bərabər olmaq deməkdir.  İkinci vacib məqam ondan ibarətdir ki, cənab Prezident Türkiyənin Şərqi Aralıq dənizində karbohidrogen yataqlarının kəşfiyyatı ilə bağlı atdığı addımları birmənalı şəkildə müdafiə etməsi oldu. Heç nədən çəkinmədən Yunanıstan səfirinə və onun vasitəsilə Yunanıstan dövlətinə ciddi mesaj verildi ki, Azərbaycan bu baxımdan Türkiyənin yanındadır və Türkiyənin mövqeyi beynəlxalq hüquq normalarına və ədalətə söykənir. Türkiyə ilə bağlı cənab Prezidentin söyləmiş olduğu bu fikirlər, əlbəttı açıq mətnlə söylənilmiş olan Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksəkdə olmasının konkret nəticəsi, ifadəsidir, analoqu olmayan diploomatik cəsarət nümunəsidir. Hər zaman olduğu kimi Türkiyə öz növbəsində Azərbaycanın yanında olmuş, onu açıq mətnlə nəinki müdafiə etmiş, eyni zamanda söyləmiş olduğu fikirləri özünün konkret addımları ilə təsdiq etmişdir. Bunu Tovuz ətrafında gedən döyüşlərdə qardaş Türkiyə dövlətinin  müdafiə və xarici işlər nazirlərinin, daha sonra Türkiyə prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğanın söylədiyi fikirlərdə açıq şəkildə özünü göstərdi. Biz Ulu Öndərin dediyi kimi “Bir millətik, iki dövlətik”. Bundan sonra da bütün anlarda, tarixi məqamlarda Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olacaqdır. Türkiyənin Azərnbaycan milli ordusu ilə bərabər keçirmiş olduğu çoxşaxəli hərbi təlimlər Azərbaycan xalıq tərəfindən çox yüksək səviyyədə qiymətləndirilməkdə və dəyərləndirilməkdədir. Biz Türkiyə ilə hərbi əməkdaşlığımızı hərbi müttəfiqlik səviyyəsinə qaldırmalıyıq. Bu gün xalqımız Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə olduqca həssas  və müsbət münasibət bəsləyir. Əslində bu, indiki zaman kəsiyində xalqımızın sosila sifarişidir. Xalqımızın geniş və birmənalı şəkildə dəstəklədiyi və önə çəkdiyi bu sosial sifariş qardaş Türkiyənin və Azərbaycanımızın  dövlət və milli maraqlarına xidmət edən çox ciddi və önəmli bir vəzifədir. Əmin olmaq istərdim ki, bu vəzifə tezliklə reallaşacaqdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir