Siyasət

Gənclərə dövlət səviyyəsində diqqətin nəticəsidir ki, bu il ölkəmizdə “Könüllülər ili” elan olunub-Fəlsəfə doktoru Vüsalə Məmmədzadə

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə: “Dövlət başçısı hər bir Azərbaycan gəncinin vətənpərvər ruhda yetişməsi, milli-mənəvi dəyərlərin qorunması, xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız olaraq kömək ənənələrinin yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı xüsusi bir mesaj verdi”

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi qoruyub yaşadır. O müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hislərinə malik olduğunu nümayiş etdirir. Azərbaycanda gənclər siyasətinin formalaşmasında dövlət strukturları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da yaxından iştirak edir. Gənclərə dövlət səviyyəsində diqqətin nəticəsidir ki, bu il ölkəmizdə “Könüllülər ili” elan olunub.
Prezident İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirakı zamanı gəclərlə bağlı fikirlərini bildirib: “Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, xüsusilə gənclərə müraciətim odur ki, biz bundan sonra da həm dövlət quruculuğu işində, həm ictimai proseslərdə, həm də islahatların aparılmasında əsas dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Müstəqil Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub və eyni zamanda, bizim dövlətimiz müasirdir, dünyəvidir, gələcəyə uğurla getmək üçün hazırdır və beynəlxalq əməkdaşlığa açıqdır. Bax, bütün bu amillərin sintezi bizim uğurlarımızı şərtləndirir. Xüsusilə gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alanda onlar gələcəkdə də ölkə maraqlarını ləyaqətlə müdafiə edə biləcəklər. Ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır. İlk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Bu gün bu, cəmiyyətimizdə var və siz gənclərdən asılıdır ki, bu, həmişə olsun. Çünki ölkəmizin gələcək taleyi sizin kimi müasir, bilikli, istedadlı gənclərin əlində olacaq. Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünya görüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq”.

“Hər birimiz gənclərə sahib çıxıb, milli-mənəvi ruhda, ağıllı və savadlı övladlar yetişdirib gələcəyimizə əmanət etməliyik”


Ziyalılarımız da ölkə başçısının milli-mənəvi dəyərlərimizlə bağlı gənclərə ünvanlanmış fikirlərini yüksək dəyərləndirir. Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Vüsalə Məmmədzadə “Palitra”ya bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclərə dəstək siyasətinin əsası onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdən, yəni 19689-1982 illərdən başlayıb: “O, sağlam düşüncəli yeni nəslin nümayəndələrinin yetişdirilməsini dövlət və cəmiyyətin ən mühüm vəzifələrindən biri hesab edirdi. Onun gənclərin vətənpərvər, milli ruhda tərbiyə almasına verdiyi ilk dəstək Azərbaycan dilinin inkişafına xüsusi diqqəti oldu. Belə ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunu təsbit etdi. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin vətənpərvər, milli ruhda tərbiyə alan azərbaycanlı gənclərin, müstəqil yeni Azərbaycan naminə atılan addımlardan biri oldu. Ulu öndərin gəncliyin Ana dilində təhsilinə üstünlük verməsi ilə bərabər, həm də milli hərbçi kadrların hazırlanması istiqamətində atdığı addımlar böyük əhəmiyyətli məsələlərdən biri olmuşdu. Onun təşəbbüsü ilə 1971-ci il iyunun 20-də azərbaycanlı gənclərdən ibarət zabit kadrların hazırlamasında böyük rolu olan C. Naxçıvanski adına Respublika orta İxtisaslaşmış internat məktəbi açılıb ki, bu da ümummilli liderin Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə almasında böyük tarixi uzaqgörənliyin nəticəsi idi. Eyni zamanda SSRİ- nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Heydər Əliyev gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürüb. 1970-ci illərin sonu idi və ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə ənənəvi müşavirə keçirilirdi. Heydər Əliyev Təhsil naziri və bir neçə ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət edir, ona orada dərhal sual verir: “Tələbələr içərisində yerli əhalinin ( yəni azərbaycanlıların) nümayəndələri nə qədərdir?” Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazılıq edən Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin şəkildə məzəmmət edir və ona konkret tapşırıqlar verir. Üstündən 1 il keçdikdən sonra ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən müşavirədə Heydər Əliyev yenə Ümumqoşun Komandirləri Məktəbinin rəisini kürsüyə dəvət edir. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirir. Heydər Əliyev bu dəfə də narazı qaldığını bildirərək deyir: “Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır, təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəblərini bitirənləri götürürlər. Bu məsələ ilə də maraqlandım, aydın oldu ki, SSRİ- nin təyyarəçilik məktəblərində Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun nümayəndəsi təhsil almır. Bəs siz hara baxırsınız?”
Bax, beləcə dahi Heydər Əliyev kommunist rejiminin ağalıq etdiyi bir dövrdə doğma xalqının gənclərinin milli-mənəvi ruhda tərbiyə və təhsil almasında əvəzsiz xidmətləri olub”.
V.Məmmədzadənin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin bu gün gənclərin potensialından ölkənin mənafeyi naminə tam və doğru istiqamətdə istifadə olunması istiqamətində həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Azərbaycanın aparıcı dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması təmin edilib. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar bu qəbildəndir. Gənclərin sosial yönümlü layihələrə cəlb edilməsinin əhəmiyyətli olduğunu deyən V.Məmmədzadə bildirdi ki, təsadüfi deyil ki, 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib: “Ölkə başçısı çıxışında ötən müddət ərzində gənclərin könüllü kimi fəaliyyətlərini müsbət qiymətləndirib. Eyni zamanda hər bir Azərbaycan gəncinin vətənpərvər ruhda yetişməsi, milli-mənəvi dəyərlərin qorunması, xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız olaraq kömək ənənələrinin yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı xüsusi bir mesaj verdi. Ölkə başçısının söylədiyi kimi Azərbaycanın gələcək taleyi müasir, vətənpərvər, bilikli, istedadlı gənclərin əlindədir. Buna görə də hər birimiz bu gün gənclərə sahib çıxıb, milli-mənəvi ruhda, ağıllı və savadlı övladlar yetişdirib gələcəyimizə əmanət etməliyik”.

Nigar Abdullayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir