Secme Xeberler

Türkiyə böyük savaşa girə bilər – Şərh

Rusiyanın Əsəd rejiminə təsir imkanları çox böyükdür. Rusiya Bəşər Əsəddən hücumları dayandırmağı tələb etsə, o, atəşkəs elan edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İdlibdə Türkiyə və Əsəd rejimi arasında gərginliyin pik həddə çatması haqda danışarkən deyib.

Politoloq bildirib ki, Əsədə belə bir əmr verilmədiyi üçün vəziyyət gərginləşir:

“Türkiyə də bütün təxribatlara artıq şəkildə cavab verəcək. Hətta Türkiyə siyasətçiləri bildirib ki, lazım gəlsə, Dəməşqə qədər ordumuz getməlidir. Düzdür, bu, bir az emosional açıqlamadır. Amma Türkiyənin bu yolda qarşısını heç kim ala bilməyəcək. İki gün öncə İdlibdə 5 türk hərbçisi şəhid oldu. Türkiyə ordusu da Əsəd rejiminə ağır şəkildə cavab verdi. Bu proses getdikcə genişlənə bilər. Bunun üçün seçim rəsmi Moskvanındır. Əgər rəsmi Moskva Türkiyə və Suriya ordularının müharibə aparmasını istəmirsə, qarşıdurmanın dayandırılması ilə bağlı işini sürətləndirməlidir.

Əslində, bu, Rusiyanın da maraqlarına cavab vermir. Çünki belə olan halda Türkiyə ABŞ-a yaxınlaşacaq. Hazırda məsələ ilə bağlı Rusiya və Türkiyə arasında təmaslar gedir. Əgər Rusiya bu təxribatların qarşısını almasa, Türkiyə ordusu daha genişmiqyaslı hərbi əməliyyata başlaya bilər”.