Müsahibə

Avropa çempionu olan millimizin baş məşqçisi: “Dünya çempionatında da iştirak edəcəyik” – MÜSAHİBƏ

Sharing is caring!

Slovakiyanın Koşitse şəhərində Avropa çempionu olmuş minifutbol millimizin baş məşqçisi Elşad Quliyevin Oxu.Az saytına müsahibəsi.

– Bildiyimizə görə, qrupdan çıxmaq əsas hədəf idi. Avropa çempionluğu özünüz üçün də gözlənilməz olmadı?

– Bəli, əsas hədəfimiz qrupdan çıxmaq idi. Slovakiyaya getməzdən əvvəl müsahibəmdə demişdim ki, qrupdan çıxsaq, yarımfinaladək irəliləyə bilərik. 1/8 finalda İsraili məğlub edəndən sonra niyə də yarımfinal və ya finala kimi irəliləməyək kimi düşünməyə başladıq.

– 2018-ci ildəki Avropa çempionatında komanda üç xalla qrupda qalmışdı. O vaxtla indiki yarış arasında nə fərq var, nə dəyişdi?

– Onda ilk ilimiz idi. Uşaqlar heç vaxt Avropa çempionatında olmamışdı. İndi isə təcrübəmiz vardı. Bu il komandalar daha güclü idi. Rumıniyaya qrupda 0:2 uduzduğumuz oyunda əslində yaxşı çıxış etmişdik. İspaniya və Albaniya ilə matçlarda daha yaxşı oynadıq. Oyundan-oyuna daha da yaxşı çıxış etməyə başladıq.

– Avropa çempionatında millinin tanınmaması da işinizə yaradımı? Rəqiblər sizi qiymətləndirmədilər…

– Əvvəl elə idi. Amma qrupdan çıxdıqdan sonra inanmıram ki, kimsə bizə barmaqarası baxsın. Hər oynadığımız rəqibi bəlkə də 8-10 saat analiz edirdik. Uşaqlar da bu yarışa ciddi hazırlaşmışdılar. Avropa çempionluğumuz məhz bunların nəticəsidir.

– Rəqiblərin heyətində tanınmış oyunçular vardımı? Məsələn, Vitali Borisov müsahibəsində İtaliya millisinin üzvü Fabinyo ilə “Araz”da birgə futzal oynadığını bildirmişdi…

– Bəli, o, İtaliyanın futzal millisi ilə bəlkə də 100-dən çox oyuna çıxıb. İspaniya, Fransa, Portuqaliyada da güclü, texnikalı oyunçular vardı. Amma minifutbol fərqlidir. Burda çox cəld olmalısan.

– Ölkə Prezidenti sizi qəbul etdi. Qəbul ediləcəyinizi gözləyirdiniz?

– Sağ olsun, cənab Prezident bizə qiymət verdi. Biz orda da fikirləşirdik ki, çempion olsaq, dövlət başçısı bizi qəbul edə bilər. Bəlkə də bu səbəbdən motivasiya ikiqat olmuşdu.

– Avropa çempionatının Azərbaycanda keçirilməsi mümkündür?

– Hələ bu çempionat başlamamışdan öncə 2024-cü ildəki Avropa çempionatı üçün meydan sahibliyimizi irəli sürmüşdük. Amma başqa namizədlər də var. Azərbaycanda olsa, mən sevinərdim. Ondan əvvəl 2023-cü ildə biz dünya çempionatında çıxış etməliyik. 1/4 finala çıxan bütün səkkiz komanda dünya çempionatına vəsiqə qazanıb. Dünya çempionatı BƏƏ-də keçiriləcək. Orada havalar isti keçir deyə, yanvarda keçirmək istəyirlər. Yaxın 10 gün ərzində hansı vaxtda keçirməkləri bilinəcək.

– Avropa çempionatını keçirmək üçün minifutbol standartlarına cavab verən lazımi stadionumuz varmı?

– Hazırda yoxdur. Amma yaratmaq asandır. Həmin yarışı Heydər Əliyev Sarayı, Bakı Kristal Zalı və ya Milli Gimnastika Arenasında keçirmək mümkündür. Üstü bağlı yerdə də keçirməyə icazə verilir. Slovakiyanın həmin stadionu (“Stil Arena”nı nəzərdə tutur – S.M.) hokkey oyunlarını keçirmək üçün idi.

– Dünya çempionatında əsas rəqiblər kimlər sayılır?

– Sonuncu dünya çempionu Meksikadır. Onlar finalda Rumıniyanı yenmişdilər. Afrikadan Nigeriya güclüdür. Cənubi Amerika milliləri də səviyyəli yığmalardır.

– Heyətlə bağlı planlarınız necədir?

– Çalışırıq ki, heyətin 90 faizini qoruyub saxlayaq. Bir-iki yeni oyunçu cəlb edəcəyik.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir