Müsahibə

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən yeganə oyunçudur” – MÜSAHİBƏ

Sharing is caring!


Türkiyə son vaxtlar çox ciddi diplomatik fəallıq nümayiş etdirir, qonşu dövlətlərlə əlaqələri gücləndirir və ölkənin üzləşdiyi problemlərin həlli yollarını axtarır. Türkiyə iki ilə yaxındır ki, İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqini gecikdirir, lakin sonda “F-16” döyüş təyyarələrinin tədarükü üçün ABŞ-dən icazə aldı. Türkiyə mətbuatının yazdığına görə, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə ABŞ-yə səfər edə bilər, amma Vaşinqtona əvvəlcə xarici işlər naziri Hakan Fidan gedəcək.

Türkiyə-Yunanıstan, Türkiyə-İran əlaqələri möhkəmlənib. Türkiyə liderinin Misirə səfərindən sonra (2012-ci ildən bəri ilk dəfə) Ankara ilə Qahirə arasında daha böyük qarşılıqlı anlaşma gözləmək olar. Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər etməyi planlaşdırır (bu, yəqin ki, Rusiyada nəticəsinə az adamın şübhə ilə yanaşdığı prezident seçkisindən sonra baş verəcək).

Türkiyənin diplomatik fəaliyyətinin səbəbi nədir? Türkiyənin Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri Ramiyə Məmmədova vəziyyəti Oxu.Az-a şərh edib:

– Gəlin ən problemli məsələdən – ABŞ və onun Türkiyəyə “F-16” təyyarələrinin tədarükü ilə bağlı razılığından başlayaq. Təbii ki, bunu müəyyən uğur da adlandırmaq olar, baxmayaraq ki, inciklik qaldı. Türkiyə ABŞ-nin NATO-dakı müttəfiqidir. İki il Ankara “F-16”ları və onların komponentlərini almaq üçün Vaşinqtondan icazə istədi. Müttəfiqlər, yəni ABŞ-ni nəzərdə tuturam, bunu etməməlidirlər.

Türkiyənin ekspert icması, ümumiyyətlə, hesab edir ki, Ankara müəyyən müddətdən sonra bu təyyarələrə ehtiyac duymayacaq. Amma müsbət cəhət odur ki, türkiyəli pilotlar “F-16”ların istismarını mükəmməl mənimsəyiblər və uzun illər, onilliklərdir ki, onları idarə edirlər. Bundan əlavə, Türkiyə “F-35” təyyarələrinin hazırlanmasına milyard dollardan çox sərmayə qoydu, sonra ABŞ Ankaranı layihədən çıxardı və bu vəsait ABŞ-də ilişib qaldı. İndi həmin vəsait modernləşdirilmiş “F-16”ların pulunu ödəməyə sərf oluna bilər.

Amma İsveç ümumiyyətlə Şimali Atlantika Alyansının üzvü olmamalı idi, istənilən halda, Ankara onun alyansa daxil olmasına icazə verə bilməzdi və bu qərar ölkə əhalisinin əksəriyyəti tərəfindən bəyəniləcəkdi. Birincisi, Stokholm “Türkiyə siyahısı”nda olan terrorçuları hələ də təhvil verməyib. İkincisi, Avropa Türkiyəni, özlərinin dili ilə desək, qapıları Ankaraya bağlı olan Avropa İttifaqı ilə yaxınlaşmağa qoymadı. Halbuki, bu, Ankaranın İsveçin müraciətini təsdiqləməsi ilə bağlı idi. Üçüncüsü, “F-16”ların Türkiyəyə nə vaxt təhvil veriləcəyi hələ məlum deyil, bu proses illərlə uzana bilər.

– Keçək Türkiyə-Rusiya münasibətlərinə. Rusiya liderinin aprelin sonu – mayın əvvəlində Türkiyəyə səfəri gözlənilir. Müzakirə üçün hansı mövzular ola bilər? Güman edə bilərəm ki, bunlar Türkiyədə qaz qovşağının yaradılması, Akkuyu Atom Elektrik Stansiyası, Suriyadakı vəziyyətlə bağlı məsələlərdir.

– Təbii ki, bu mövzular müzakirə ediləcək. Ancaq başqa aspektlər də var. Ankara ilə Moskvanın yaxşı işgüzar əlaqələri var. Lakin son zamanlar ABŞ-nin təzyiqi ilə Türkiyə Rusiyaya qarşı bank sektoru ilə bağlı bəzi sanksiyalar tətbiq edib. Hazırda iki ölkə arasında bank ödənişləri çətinləşib, təkcə ərzaq məhsulları, dərmanlar, turizm və tekstil ilə bağlı əməliyyatlarda problem yoxdur. Düşünürəm ki, vəziyyətin hansısa yolla həllinə cəhd ediləcək.

Akkuyu AES-ə gəlincə, burada xüsusi problem yoxdur, ancaq siz haqlısınız, tərəflər yenə də bu mövzuya, eləcə də qaz qovşağına toxunacaqlar. Daha maraqlısı – Suriya və Yaxın Şərq məsələləridir. Suriya məsələsində hazırda Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları azalıb. Ankaranın ABŞ-yə daha çox sualları var, çünki Türkiyəyə qarşı döyüşən terrorçuları amerikalılar maliyyələşdirirlər, bunlar, əslində, ABŞ-nin proksi qüvvələridir. Türkiyə bunlardan danışır, onlarla döyüşür. Eyni zamanda, ABŞ müttəfiq olaraq qalır.

Yaxın Şərqə gəlincə, istər Moskva, istərsə də Ankara ümumilikdə hesab edirlər ki, burada münaqişə ABŞ-nin sayəsində alovlanır.

– Bəs Türkiyənin ən yaxın qonşularından – İran, Misir və başqalarından danışsaq? Bu ölkələrlə əlaqələr yaxşılaşır, Türkiyə diplomatiyası çox fəaldır.

– Burada öz ofisində deyil, dünya ölkələrinə səyahətlərdə daha çox vaxt keçirən Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın xidməti böyükdür. Ankara bütün region dövlətlərinin bu müharibəyə cəlb oluna biləcəyini anlayaraq Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa çalışır.

Ankara, yəqin ki, Yaxın Şərqdə müharibəni səmimi olaraq istəməyən və qonşularını daha ehtiyatlı olmağa inandırmağa çalışan yeganə oyunçudur. Bu müharibə Cənubi Qafqaza da sirayət edə bilər və burada möhkəmlənmək istəyən Qərb buna çox da qarşı olmayacaq. Hesab edirəm ki, üçüncü dünya müharibəsinə səbəb olacaq böyük Yaxın Şərq müharibəsinin qarşısını almaq Azərbaycanın da maraqlarına uyğundur.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir