Müsahibə

Rəssamlığı üstün tutan həkim: “Yada min manata çəkəcəyim rəsmi qardaşıma iki minə dedim” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Tibb Universitetində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazansam da, həkim işləməyəcəyimi bilirdim”.

Bunu Oxu.Az-a müsahibəsində 10 ildir rəssamlıqla məşğul olan Aynurə Mustafayeva deyib.

Həmsöhbətimiz hələ ki öz üslubunu müəyyən etməsə də, həyatda gedəcəyi yolu seçib və bu yolun onu xoşbəxt etdiyindən əmindir.

Müsahibəni təqdim edirik:

– Aynurə xanım, ilk ali təhsiliniz həkimlik olub. Hansı ixtisası oxumusunuz?

– Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmişəm.

– Bəs niyə həkim yox, rəssam?

– Çünki, ümumiyyətlə, mən hələ məktəbdə oxuyanda rəssam olmaq istəyirdim. Sadəcə, nə nəslimizdə, nə ətrafımızda rəssam olmayıb deyə, ailəmin rəssamla bağlı təəssüratı fərqli idi. Onlar niyəsə düşünürdülər ki, rəssamlar bomj həyatı yaşayırlar, küçələrdə oturub rəsm çəkirlər (gülür – red.) Səkkiz, ya doqquzuncu sinifdə oxuduğum zaman mən deyəndə ki, rəssam olmaq istəyirəm, evdəkilər biraz qorxdular və heç özümə belə demədən oxuduğum 258 saylı məktəbdən sənədlərimi götürüb verdilər Q.Qarayevdəki Tibb Universitetinin nəzdində olan kimya-biologiya təmayüllü liseyə. 9-11-ci sinifləri o liseydə təhsil aldım, qəbul oldum Azərbaycan Tibb Universitetinə. Qəbul imtahanında yaxşı bal yığdığım üçün dövlət sifarişi əsasında təhsil almaq hüququ qazansam da, həkim işləməyəcəyimi bilirdim. Universiteti bitirəndən sonra təkmilləşdirmə kursunu da keçdim. Sonda diplomlarımı aparıb verdim anamgilə, dedim “Buyurun diplomları. Bu, sizin istəyiniz idi, mənim istəyim deyildi. İndi isə gedirəm öz istəyimin dalınca” (gülür – red.) və getdim rəssam olmağa. Əvvəl başladım kursa, müəllim yanına getməyə, sonra da Rəssamlıq Akademiyasına.

– Müəllim yanına getməyinizə səbəb Rəssamlıq Akademiyasına qəbul olmaq idi?

– Əslində xeyr. Rəssam olmağı uşaqlıqdan çox istəsəm də, universiteti bitirəndən sonra düşünürdüm ki, hobbi kimi məşğul olaram. 2014-cü ildə müəllim yanına getməyə başladım. 6-7 aydan sonra əmin oldum ki, yox, bu, hobbilik bir şey deyil. Bu, elə mənim istəyimdir, mənim sahəmdir. Burada özümü çox xoşbəxt hiss edirəm. Beləcə davam etdim.

– Yəni Rəssamlıq Akademiyasını da bitirdiniz.

– Bəli. 2018-ci ildə daxil oldum Rəssamlıq Akademiyasına. Nə yalan deyim, bu sahədə ali təhsil almağı heç düşünmürdüm. Sadəcə həyat elə gətirdi ki, gördüm diplomsuz mümkün deyil. Bizim cameədə diplomun yoxdursa, necə çəkməndən asılı olmayaraq, sənə həvəskar rəssam kimi baxırlar. Ciddi sərgilərdə yer almaq, simpoziumlara qatılmaq mümkün olmur. Necə çəkirsən çək, ona professional rakursdan baxmırlar. Hər işini ancaq həvəskar rakursundan dəyərləndirirlər. Şedevr də çəksən, diplomun yoxdursa, sənə həvəskar rəssam kimi baxırlar (gülür – red.) 

– Neçə ildir rəssam kimi fəaliyyət göstərirsiniz?

 Bu il 10 il olur.

– Həkimlik üçün heç darıxmırsınız?

– Yox. Qətiyyən. Düzü, darıxmağa heç macal da vermirlər. Qohum-əqrəbada xəstələnən olanda telefon susmur – nə edim, necə edim, hansı həkimə gedim və s. İlkin tibbi yardımları özüm edirəm, yönəltmək lazım olanda yönləndirirəm. Bir sözlə, onlar üçün həkim olaraq qalıram (gülür-red.).

– Əsasən, hansı üslubda çəkirsiniz?

 Dəqiq bir üslub adı çəkə bilmirəm. Çünki keçən 10 il ərzində, demək olar ki, bir neçə üslubda işləmişəm. Düşünürəm ki, sırf bir üslubda işləmək üçün on il az müddətdir. Ona görə üslubum hələ ki dəyişə-dəyişə gedir. Bu gün avanqarda daha çox üstünlük verirəm. İki ay əvvəl isə realizmə üstünlük verirdim. Belə deyim ki, öz işlərimi avanqard üslubda, sifariş olanda realizm üslubunda çəkirəm.

– Sifarişçi və rəssam. Tutaq ki, sizə bir tablo sifariş olunur, dəniz kənarı, qayalıqlar, uçuşan qağayılar və sahildə bir-birinin əlini tutan iki gənc. Siz isə rəssam gözü, təxəyyülü ilə təsvir olunan o tabloda ya gəncləri görmürsünüz, ya qağayıları. Bu zaman sifarişçi rəssam kimi sizin təxəyyülü üstün tutur, yoxsa öz istəyini?

– Sifariş olanda bəzən müəyyən məsləhətlər verməyə çalışıram. Adam var qəbul edir, adam var etmir. Razılaşmayanda son qərar rəssama bağlı olur. Məsələn, təcrübəmdə olub ki, sifarişçi məsləhətimlə razılaşmadığı üçün o rəsmi çəkməmişəm, imtina etmişəm. Ona görə yox ki, bacarmamışam, ona görə ki, axı rəssam kimi o işə imza atmalıyam. İzah etməyə çalışıram ki, siz bunu belə istəyə bilərsiniz, amma o rəsmə kənardan baxan, imzanı görən deyəcək ki, “bu necə rəssamdır belə? Heç düzgün çəkə də bilmir”.

Bəzən belə də olur, misal üçün, bir dəfə belə bir sifariş gəlmişdi. Oğlanla qız nişanlı idilər. Selfi şəkillərini göndərmişdilər ki, biz bunu istəyirik. İzah etməyə çalışdım ki, selfi və rəsm eyni şey deyil, eyni görüntü verməyəcək. Selfi heç şəkil olaraq yaxşı görünmür. İndi təsəvvür edin, mən onu rəsmə çevirirəm – baş böyük, bədən balaca… axı yaxşı alınmayacaq. İnad etdilər ki, yox, biz belə istəyirik. Axırda puluna minnət deyib çəkməli oldum, amma işə imza qoymadım. İstəmədim kimsə bilsin ki, o mənim işimdir. 

– Aynurə xanım, bayaq maraqlı bir fikir səsləndirdiniz ki, ailəmizdə rəssamları bomj kimi təsəvvür edirdilər. Əslində, çox insanın təsəvvüründə rəssam tam fərqli obraz yaradır, nəsə bir qeyri-adilik canlanır gözümüzdə. Məsələn, rəssam deyəndə dahi Səttar Bəhlulzadə ilk gəlir ağıla – onun saçları, əlləri, barmaqları. Sanki bir başqa cazibəyə sahib idi. Bu qeyri-adilik nədən yaranır?

– Bizdə rəssamlar çoxdur, amma küçədə istənilən adama yaxınlaşıb azərbaycanlı rəssamlardan kimləri tanıdıqlarını soruşsaq, ilk olaraq Səttar Bəhlulzadəni deyəcəklər. Niyə? Bəlkə də ona görə ki, Səttar Bəhlulzadənin obrazı çox maraqlı, yaddaqalan olub. Mən rəssamı kostyumdavtəsəvvür etmirəm, düşünürəm ki, rəssam biraz standartdan kənar olmalıdır ki, obraz kimi maraqlı olsun.

Rəssam olmamışdan əvvəl hansısa kişinin boğazına yaylıq bağlaması mənə çox qəribə gəlirdi. Başa düşə bilmirdim ki, niyə kişi boğazına yaylıq bağlamalıdır?! Bu gün isə tam əksidir, o cür insanlar daha maraqlı görünür. Düşünürəm ki, gör nə gözəl görünür, necə incə zövqü var, nə gözəl fikirləşib. Sözümün canı odur ki, incəsənətdən uzaq olan adamlar üçün Səttar Bəhlulzadənin qəribə görünməsi normaldır.

Valideynlərimin düşüncəsinə gəlincə, burada da eyni məsələdir. Təsəvvür edin ki, ailəmizdə hamısı bank işçiləridir – atam, anam, qardaşlarım. Daim gördükləri, alışdıqları obraz kostyum, köynək, qalstuk, bir sözlə, rəsmiyyət olub. Ona görə mən rəssam olacağımı deyəndə söyləyirdilər ki, “Aynurə, sən də elə olacaqsan? Sən də itib batacaqsan bu qəribəliklərlə?” (gülür – red.)

​- Sonra evdən dəstəklədilərmi rəssam olmanızı?

– Məni adətən kiçik qardaşım dəstəkləyirdi. Böyük qardaşım isə, sırf bank işi ilə məşğul olduğu üçün biraz lağlağı edirdi seçimimlə. Anama deyirdi ki, “Dəymə ona. Qoy getsin rəssam olsun. Nizami küçəsində bir dənə yer götürərik, oturub orada rəsm çəkib satar”. Küçənin ortasında rəsm çəkməyi nəzərdə tuturdu (gülür – red.) İş elə gətirdi ki, rəssamlığa başlayandan təxminən bir il sonra həmin qardaşım öz müdirləri üçün bir rəsm sifariş etdi. Təsəvvür edin, həmin rəsmi başqasına min manata çəkəcəkdimsə, qardaşıma iki min manat dedim. Qardaşım dedi ki, Aynurə, niyə belə, axı mən sənin qardaşınam? Dedim ki, bax ona görə ki, mənə ən çox inanmayan sən idin (gülür – red.).

– Aynurə xanım, peşəkar müstəvidə ilk əsərinizi nə vaxt çəkmisiniz?

– Elə 2014-cü ildə. Təbiət mövzusu idi. İlk dəfədən təbiətlə başlamışam. Həmin illərdə o qədər təbiət çəkdim ki, ondan sonra hələ ki təbiət çəkməmişəm.

– Bəs sizə ilk qiyməti verən kim olub? Yəni ki, “çox bacarıqlısan, yaxşı rəssam ola bilərsən” deyən olubmu?

– Bayaq dediyim kimi, 2014-cü ildə Rəssamlıq Akademiyasında müəllim yanına gedirdim. Qardaşımın əsgər yoldaşı idi müəllimim. Altı-yeddi ay olardı gedib-gəlirdim. Bir dəfə bir xanım yaxınlaşıb soruşdu ki, Akademiyanın neçənci kursunda oxuyursan? Dedim ki, burada oxumuram, hazırlığa gəlirəm. Dedi ki, gələn il səni burada gözləyirəm. Sonradan bildim ki, həmin xanım Akademiyada dekandır. Sonra həyat elə gətirdi ki, sırf diplomum olsun deyə həqiqətən də Akademiyaya daxil oldum. Məndə ikinci təhsil idi deyə, birbaşa ikinci kursdan başladım, 2018-ci ildə daxil oldum, 2022-ci ildə bitirdim.

– Natürmort, portret və peyzaj. Hansı sizə daha yaxındır?

– Portretlər. Dəhşət sevirəm portret çəkməyi. Özü də ənənəvi çəkməyi sevmirəm. Sevirəm ki, öz təxəyyülümün sahibinə hansısa bir obraz verim. Məsələn, ürəyimdən keçir ki, filan adamın portretini çəkim. Çünki onu hansısa obrazda görürəm və elə çəkirəm. Bir məsələ də var ki, sifariş verilən portretlər istisna, çəkdiyim portretlərin heç birini sahibinə vermirəm. Deyirəm, məsələn, filankəs, portretini çəkmək istəyirəm, amma sonra geri istəmək yoxdur (gülür-red.).

– Satırsınız?

– Yox, satmıram. Elə özümdə qalır, saxlayıram. Sərgilərə qoyuram. Çoxdur elə portretlərim (bir neçəsini göstərir – red.).

– Hər kəsə obraz vermək olur, yoxsa o da seçilmişlər üçündür?

– Deyərdim ki, əslində, hər kəsin bir obrazı var. O obrazı tutmaq üçün isə insanı tanımaq lazımdır. 

– Aynurə xanım, əsərlərə qiymət qoymaq, rəssamların “bazarı” məsələsi də maraqlıdır. Düşünürəm ki, kənardan hər hansı rəsm əsərini qiymətləndirmək çətin məsələdir. Bəs rəssamlar əsərlərini necə qiymətləndirirlər? Mövcud qiymətlər nəyə əsasən formalaşır? Bu sahədə də “bazar qiyməti” anlayışı varmı?

– Əslində çox yaxşı sualdır. Düzü, bu haqda heç vaxt nəsə düşünməmişəm. Hesab edirəm bu, hər rəssamın özündən asılı bir şeydir. Məsələn, bu dəqiqə elə işlərim var ki, çəkmişəm, amma qiymətləndirə bilmədiyim üçün satışa qoymamışam. Dörd-beş elə işim var ki, sərgilərdə neçə nəfər almaq istəyib, satmamışam. Çünki qiymət qoya bilməmişəm. Bilmirəm ki, neçə desəm, əməyimi heç etmiş olmaram. Məsələn, gördüyünüz “Bakı şəhəri” tablosu (göstərir – red.) Bu işə görə mənə 1300 manat vermək istəyən olub. Fikirləşmişəm ki, yox, bu qiymətə satmayım. Bəlkə sabah ona 1800 manat verəcəklər, bəlkə də 1200 manat. Bilmirəm. Fakt, bu gün hər hansı qiymət təyin edə bilmirəm və saxlayıram. Bir xırda nüası da deyim – hər hansı əsərin satılması, yaxud satılmaması həmin an rəssama pulun nə qədər lazım olub-olmamasından da asılı olur (gülür – red.)

– İlk fərdi sərginiz nə zaman olub?

– İlk fərdi sərgim yenicə oldu – yanvar ayının 27-də. Qazaxdakı tarixi Müəllimlər Seminariyasında. Həmin seminariyanın fəaliyyəti ötən əsrin 50-ci illərində dayandırılmışdı. 2017-ci ildə biz ora gedəndə çox uçulmuş, dağılmış, bərbad vəziyyətdə idi. Bir müddət əvvəl ADA Universiteti oranı götürdü və bir neçə şirkətlə birlikdə çox gözəl təmir etdirdilər. Hazırda adı Qazax Müəllimlər Seminariyası/ADA Universitetinin Qazax Mərkəzi gedir. Təməlqoymada dedim ki, ilk sərgimi burada edəcəyəm. 1918-ci ildə yaradılan seminariyada heç vaxt sərgi olmayıb. 

– Sərgini rəssamın solo konserti adlandırmaq olar? Sərgi rəssama nə verir?

– Əlbəttə olar. Solo konsert musiqiçilər üçün nədirsə, fərdi sərgi də rəssamlar üçün odur. Nə verir məsələsinə gələndə… (düşünür – red.) Baxın, məsələn, mən 10 il əvvəl ilk dəfə əlimə fırça almışdım, bu gün artıq çəkdiyim əsərlərə baxmaq üçün insanlar gəlirlər, öz fikirlərini deyirlər, bəyəndikləri rəsmləri alırlar. Sərgi rəssama həm də bir özünəinam verir. Bir daha əmin olursan ki, düz yoldasan, nə yaxşı ki, bu işin arxasınca getmisən.

– Bu gün rəssam Aynurənin ən bahalı əsərinin qiyməti neçəyədir?

– Bu günə ən bahalı əsərimin dəyərini deyə bilmirəm. Çünki bayaq dediyim kimi, elə işlərim var ki, qiymət qoymaqda çətinlik çəkirəm. Amma bu günə kimi ən baha satdığım rəsmin qiymətini deyə bilərəm. Sifariş verilən portret idi, yeddi min manata satmışdım. Dərman şirkətlərinin birinin sifarişi idi. Hələ ki ən bahalı işim o olub.

– Rəssam üçün rəngdən sonra nə gəlir?

– Musiqi. Emalatxanaya girən kimi ilk işim musiqini qoşmaq olur.

– Hansı musiqiləri daha çox sevirsiniz?

– Üslubum kimi musiqi seçimim də qarmaqarışıqdır (gülür – red.) Zarafatsız, musiqi sıralamam çox qarışıqdır. Olur ki, muğam oxuyur, onun ardınca keçir bluz oxuyur, onun ardınca keçir caz oxuyur. Rəsm çəkəndə, əslində, hansı musiqi səsləndiyini heç eşitmirəm də. Sadəcə istəyirəm ki, mən işləyəndə musiqi səslənsin.

– Rəssamların baxışına, bəstəkarların duyumuna, sözün əsl mənasında, həmişə paxıllıq etmişəm. Elə bilirəm ki, bəstəkarlar ətrafdakı səsləri bizim kimi eşitmir, rəssamların ətrafda gördüyü rənglər də bizim gördüyümüz rənglərlə eyni deyil. Necə düşünürsünüz, gözünüz rəngli görür, yoxsa iti?

– Rəngli gördüyüm də olur, bəzən tam rəngsiz gördüyüm də. Nə bilim, müxtəlif olur.

– Dünyanı hansı rəngdə görürsünüz?

– Dünyanı… isti tonlarda… İşlərimdən də görürsünüz, əsasən narıncı, sarı-qırmızını çox sevirəm. Bu rənglərdən müsbət enerji alıram. Bu rənglər insana hüzur verir, müsbət əhvala köklənirəm onlarla.

– Rəssamın harmoniyası pozulanda nə baş verir?

– Oyyy… Dəhşət bir şey olur… Yarada bilmir. Sizə bir şey deyim – Vətən müharibəsi dövründə mən bir dənə də olsun rəsm çəkə bilmədim. Qətiyyən çəkə bilmədim. O 44 gün ərzində hər gün emalatxanaya gəlirdim və heç bir şey çəkmədən gedirdim. Əlim heç bir işə yatmırdı. Nə rəngə, nə fırçaya yaxın durmaq həvəsində deyildim. Qan-qada, müharibə dəhşəti çəkmədim, yalan deyə bilmərəm. Neqativ mövzu, soyuq tonlardan istifadəni heç sevmirəm. Pozitiv çəkmək üçün də harmoniyanın pozitivə köklənəcəyi vaxtı gözləməkdən başqa yol yox idi. Demək istəyirəm, rəssamın harmoniyası həm daxili dünyasında, həm də ətraf mühitdə nələr baş verməsinə görə pozula bilər.

– Aynurə xanım, rəssam olurlar, yoxsa doğulurlar?

– Məncə olurlar. Çünki 2014-cü ildə mən, demək olar ki, çəkə bilmirdim. Ancaq portret çəkirdim və elə bilirdim ki, məndən yoxdur. Bu gün o işlərə baxanda gülməyim gəlir. Rəssam doğulmaq mümkün olsa, niyə bu qədər əziyyət çəkib fırçanı öyrənəsən, rəngi öyrənəsən, eskizi öyrənəsən? Öyrənməsən, rəssam ola bilmirsən axı. Çox sevdiyim rəssamlardan biri Vinsent van Qoqun yaxşı bir sözü var, o deyib ki, rəssam olmaq üçün beş faiz istedad kifayətdir, 95% əl işləməlidir. Bu fikirlə tam razıyam.

– Vinsent van Qoqun adını çəkdiniz, yadıma Maleviç düşdü. Daha doğrusu, “Qara kvadrat”ı. Haqqında bitməz, tükənməz suallar olduğu halda dünyada şah əsər hesab olunur. Deyirlər, bu gün açıq hərraca çıxarılsa, onu 140 milyon dollara almağa hazır olan insanlar var. Bəzən düşünürəm ki, bu, bir mifdir və insanları o əsərin dahi olduğuna inandırıblar. Bir rəssam gözündə o əsərin fəlsəfəsi nədir? Doğrudan şah əsərdir, yoxsa sadəcə əsərin və ya müəllifinin bəxti gətirib?

– Mif də deyil, rəsm də deyil. Yenilikdir, yeni cərəyandır. Yenilik nədir? Misal üçün, intibah dövrünün rəsmlərini yada salın – Veneranı, allahları çəkirdilər. Ondan sonra birdən-birə impressionizm gələndə bir hay-küy qopdu. İnsanlar rəsmdə çılpaq bədənləri görməyə adət etməmişdilər çünki. Maleviçin “Qara kvadrat”ı da elə oldu. Çox vaxt insanlar yeniliyi qəbul etməkdə çətinlik çəkirlər. Hər cür söz-söhbət yaradırlar ətrafında. Xırdalasaq, təsəvvür edin ki, siz bir rəsm sərgisinə gedirsiniz və əvvəlcədən bilirsiniz ki, mövzu, deyək ki, təbiət mənzərələridir. Sərgiyə girirsiniz və birdən baxırsınız ki, divarda sizin təsəvvür etdiyiniz rəsmlər yox, çərçivəyə alınmış, qara bir kvadrat var. İnanın, sərgidəki bütün əsərlər qalacaq bir yana, hamı o qara kvadratdan danışacaq. Niyə? Ona görə ki, yenilikdir, gözləntinin əksidir. O sərgiyə gedənlər belə bir şeylə rastlaşacaqlarını gözləmirdilər, gözləri belə şeyə alışqan deyil. Ona görə də həmin o məşhur “Qara kvadrat” haqqında söz-söhbət bitmək bilmədi.

– Bəs niyə “Qara kvadrat”dan sonra qırmızı, yaşıl, sarı, göy və s. kvadratlar yaranmadı?

– Yarandı, əlbəttə. Rənglər çox oldu, amma məşhur olmadılar. Çünki artıq onların heç biri yenilik hesab olunmurdu. Yeni olanın ardınca gələnləri artıq şüur qəbul edir və ilk olanla eyni reaksiyanı verə bilmir. Artıq müqayisə obyekti var axı. “Qara kvadrat” isə tək idi. Onu heç nə ilə müqayisə edə bilmirdilər.

Kubizmi götürək. Pikasso kubizmin banisi sayılır, onun əsərlərini bilirsiniz də, üçbucaq kimi başlar, filan. O da incəsənətdə yenilik idi, o da qəbul edilmirdi. Hətta dövrünün həkimləri belə ona lağ edirdilər ki, “bu nədir çəkmisən? Biz insanda sınıq qol-qıçı düzəldirik, sən isə bütün obrazları sındırırsan”. O da cavab vermişdi ki, sizin düzəltdikləriniz müvəqqətidir, mənin yaratdıqlarım isə əbədiyyən qalacaq (gülür – red.) Bilirsiniz ki, Pikasso çox imkanlı olub. Yəni onun rəsm satıb pul qazanmaq kimi bir məcburiyyəti olmayıb. Deyilənə görə, hətta ölənə yaxın o deyib ki, “mən sadəcə insanların nəbzini tutdum və onları əyləndirdim. Mən rəssam deyildim”. Görürsünüzmü, yenə də yenilik və ətrafında gəzən söz-söhbətlər.

Yaxud, bu yaxınlarda bir sərgidə baş verəndən danışım sizə. Təsəvvür edin, sərgi təşkil olunub, rəssam çərçivənin içində rəsm yox, yara sarğısı ilə divara yapışdırmış bir banan yerləşdirib. Heç bir şey çəkməyib – boş çərçivə və içində divara yapışdırılan banan. Siz inanırsınız ki, sərgidəki heç bir əsərdən onun qədər danışılmadı? Sərginin adı çəkilən kimi hamı o banandan danışırdı. Yenə də rəssamın təxəyyülü, fərqli yanaşması, yeniliyi idi (gülür-red.).

– Aynurə xanım, rəssamlıq sahəsində də kişilər liderlik edir. Təbii ki, qadın rəssamlarımız var. Amma sorğu keçirəsi olsaq, ilk ağıla gələn adlar kişilər olacaq. Bu, nədən irəli gəlir?

– Hmm… Bu, qadın rəssamların yaralı mövzusudur. Həmişə öz aramızda da müzakirə edirik. Düşünürəm ki, bir çox sahələrdə, o cümlədən də bizim sahədə qadınların çoxu məişətə qurban gedirlər. Misal üçün, tarixdə olan rəssamlarımız olub – Maral Rəhmanzadə, Elmira Şaxtaxtiskaya, Xalidə Səfərova və s. Onların içində biraz irəli gedəni Xalidə xanım idi. Səbəb sadədir. Çünki yoldaşı da rəssam idi. Uşaqları olmayıb onların, bilirdinizmi? Birlikdə xarici ölkələrə gediblər, simpoziumlara, sərgilərə qatılıblar. Demək istədiyim odur ki, həyat yoldaşları heç də həmişə icazə vermirlər axı ki, xanımları təkbaşına harasa getsin, günlərlə qalsın – xüsusən də xaricdə. Bu günün özündə belə, biz simpoziumlara dəvət alanda qadın rəssamların əksəriyyətinin bir cavabı olur ki, yoldaşım icazə vermir. Ya da olur ki, bir dəfə icazə verirlər, beş dəfə icazə vermirlər. Bir sözlə mentalitet. Elə üzülürəm ki, həmişə belə olanda. Ona görə də ailə qurmuram (gülür-red.)

– Zənnimcə, rəssamlar ruh adamlarıdır. Onların hər hansı bir məsələdə seçim edib qərar verməsi çətin olmur ki?

– Əgər sırf incəsənətə bağlı məsələ deyilsə, hamımız eyni düşünürük, məncə.

– O zaman bağlayıram incəsənətə. Səttar Bəhlulzadə, Tahir Salahov, yoxsa Toğrul Nərimanbəyov? 

– Məncə, Səttar Bəhlulzadə. Toğrul Nərimanbəyovun yaradıcılığı sanki rəng partlayışıdır, Səttar Bəhlulzadə daha incə, daha yumşaqdır, Tahir Salahov isə rəngdən az istifadə edib, amma qara qələmlə çox gözəl işləyib. Salahovun olduqca gözəl rəng duyumu olduğu halda qara qələmlə işləməyə üstünlük verib. Hər üçünü çox sevirəm. Ruhuma daha yaxın olanı isə Səttar Bəhlulzadədir.

– Aynurə xanım, əgər yerlərimizi dəyişsəydik, rəssam Aynurəyə hansı sualı verərdiniz?

– Ayy… Nə maraqlı sualdır… Hansı sualı verərdim?… (fikriləşir – red.) Bilmirəm ki… Heç bu haqda düşünməmişəm, inanırsınız? Doğrudan maraqlı oldu – görəsən hansı sualı verərdim? Təsəvvür edirsiniz, ağlıma heç nə gəlmir… (gülür – red.)

Daha çox foto burada: PhotoStock.Az

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir