Müsahibə

FHN-in şöbə rəisi: “10 yanğından doqquzu insan amili səbəbindən baş verir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“2023-cü il ərzində 31 492 cavabdeh şəxs barəsində dövlət inspektorları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub. Həmin şəxslər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq edilib, 23 obyektin isə fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib”. 

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi polkovnik-leytenant Emin Mehdiyev ilə müsahibəni təqdim edir:

– Son günlər paytaxtda baş verən yanğınlar, partlayışlar narahatlıq yaradıb. Yanğınların baş verməsinin səbəbi nədir?

– Hər il qış mövsümündə havaların soyuması nəticəsində mənzillərin isidilməsi ilə bağlı sakinlərin qayğıları artır. Ən optimal və təhlükəsiz hesab edilən mərkəzləşmiş istilik sistemi olan binalarda analoji problemlər yaşanmır. Digər hallarda sakinlər evlərini isitmək üçün müxtəlif qızdırıcı cihazlardan istifadə edirlər ki, bu zaman insanların səhlənkarlığı, xüsusən də elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə səbəb olur.

Adətən qış mövsümündə məişətdə baş verən yanğınların çoxu yaşayış sektorunun payına düşür. Bunun da əsas səbəbi elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, o cümlədən qeyri-standart və nasaz elektrik cihazlarından istifadə, elektrik avadanlıqlarının işlək vəziyyətdə uzun müddət nəzarətsiz qalması, elektrik yuvası və uzadıcılarının həddən artıq yüklənməsidir. Qeyd olunanlarla yanaşı, yanğınların baş vermə səbəbləri sırasında qazdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması hallarına da tez-tez rast gəlinir. 

Belə ki, məişətdə işləyən qaz cihazlarından törənən partlayış və yanğınların əsas səbəbi boru kəmərində, birləşmə qovşaqlarında kipliyin pozulması, qaz sobalarının odluqlarından qazın sızması və qeyri-standart qaz cihazlarından istifadə hallarının yol verilməsidir.

– Yanğınların bir çoxu elektrik naqillərində yaranan qısaqapanmalardan olur.  Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi surətdə yanğına qarşı təbliğat, maarifləndirici tədbirlər keçirilir, televiziya kanallarında slaydlar nümayiş etdirilir. İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmasına baxmayaraq, yanğın təhlükəsizliyi qaydalarına niyə əməl olunmur? Bu barədə nə deyə bilərsiniz.

– Ötən il elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən yanğınların vahid statistik uçotuna daxil edilmiş 878 yanğın hadisəsi baş verib. Bu da 2023-cü il ərzində baş verən ümumi yanğınların 46 faizini təşkil edir.

Elektrik dövrəsinin artıq yüklənməsi yanğına səbəb olan əsas amillərdən biridir. Belə ki, elektrik xəttindən cərəyan keçərkən həmişə hərarət əmələ gəlir. İşlədiləcək məişət elektrik cihazlarının nominal gücünə uyğun müvafiq enkəsikli elektrik naqilləri seçilməlidir. Əks halda elektrik naqili həddən artıq qızaraq naqilin izolyasiyasının keyfiyyətini tədricən itirir, bu da öz növbəsində elektrik təsərrüfatında qəza yaranmasına və yanğın baş verməsinə səbəb olur. Belə hal bir elektrik yuvasına bir neçə elektrik cihazı qoşulduqda da baş verə bilər. 

Dövlət Yanğın Nəzarəti Xidməti əhali arasında daim yanğına qarşı təbliğat, maarifləndirici tədbirlər həyata keçirir, televiziya kanallarında yanğın təhlükəsizliyi ilə bağlı videomateriallar ictimaiyyətin diqqətinə çatdırılır. Təkcə ötən il 1789 maarifləndirmə tədbiri keçirilib. Elə bu tədbirlərin sayəsində 2023-cü ildə yanğınların ümumi sayı əvvəlki illə müqayisədə 188 ədəd  azalıb. Buna baxmayaraq, təəssüf ki, bəzi vətəndaşlarımız təhlükəsizlik qaydalarına əməl etmir. Bir sıra obyektlərdə isə elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydası”na uyğun həyata keçirilmir, yanğın təhlükəsizliyi qaydaları kobud şəkildə pozulur. Şübhəsiz yanğın təhlükəsizliyi qaydalarını pozan cavabdeh şəxslər barəsində müvafiq tədbirlər görülür, inzibati cərimələr tətbiq edilir.

– Baş verən yanğınlarda insan amilinin rolu nə dərəcədədir?

– Adətən baş verən 10 yanğından 9-u insan amili, odla ehtiyatsız davranma, insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Təbii hadisələr səbəbdən nadir hallarda yanğın baş verir. Yanğınların baş verməsinin əsas səbəbi ehtiyatsızlıq, qaydalara biganəlikdir.

– FHN-in aidiyyəti bölmələri tərəfindən respublika üzrə yanğın təhlükəsizliyi istiqamətində yaşayış və qeyri-yaşayış obyektlərində müvafiq dövrlərdə monitorinqlər aparılır. Ötən ilə qədər bu monitorinqlərin nəticələrinin bir qismi media ilə də paylaşıldı. Bilmək istərdik, ötən il ərzində monitorinq aparılan müəssisələrin sayı nə qədər olub və yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən obyektlər barəsində hansı tədbirlər görülüb?

– 2023-cü ildə təqribən 70 000 obyektdə yanğın-texniki müayinə keçirilib. Bu müayinələr zamanı 400 000 yaxın yanğına qarşı tələbin yerinə yetirilməsi üçün obyektlərin cavabdeh şəxslərinə tələbnamə və qərarlar təqdim edilib. Elə obyektlər var ki, illərdir yanğın təhlükəsizliyi qaydalarının tələblərini pozmaqda davam edir. Belə olan hallarda müəssisə rəhbərləri, sahibkarlar barədə tərəfimizdən daim ciddi ölçü götürülür. Təkcə ötən il 30 mindən çox (31 492) cavabdeh şəxs barəsində dövlət inspektorları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub. Həmin şəxslər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq edilib. Görülmüş tədbirlərdən müsbət nəticə çıxarılmadığı hallarda isə həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı tərəfimizdən ən son zərurət həddi olan məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, 2023-cü ildə 23 obyektin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

– Son olaraq, Azərbaycanda qeydə alınan yanğın və partlayış hadisələrini statistikaya əsasən, digər ölkələrlə müqayisə etsək, hazırda ölkəmizdəki vəziyyəti necə qiymətləndirərdiniz?

– Dünyadan baş verən yanğınların statistikasına əsasən, Azərbaycanda yanğınlarla əlaqədar vəziyyətin xeyli yaxşı olduğunu deyə bilərik. Yanğınların tədqiqi sahəsində nüfuzlu qurum sayılan, dünyanın 60-a yaxın ölkəsinin üzv olduğu Yanğına Qarşı və Xilasedici Xidmətlərin Beynəlxalq Assosiasiyasının (CTİF) 2022-ci ilin hesabatında əhalisinin sayına görə ölkəmizlə təqribən eyni pillədə duran dövlətlərdə, yəni, İsveç, Çexiya, Macarıstan, Yunanıstan, İsrail, Belçika, Belarus və sair ölkələrdə son illərdə əhalinin hər min nəfərinə 1,5-5 yanğın hadisəsi düşürsə, respublikamızda bu rəqəm 0,2-dir. Analoji mənzərəni yanğınlarda həlak olan insanlarla bağlı göstəricilərə də şamil etmək olar.

Daha çox foto burada: PhotoStock.Az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir