Müsahibə

Azərbaycan güləşçisi: “Öz çəkimdə dünyanın ən güclüsü ola bilərəm”

Sharing is caring!


“Dünya çempionatında 74 kiloqramda medal qazanmasam da, rəqiblərimi tanıdım və belə qənaətə gəldim ki, bu çəkidə ən güclü güləşçi ola bilərəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

2021-ci ildə gözləmədiyi halda Tokio Olimpiadasında iştirak edən idmançı bunun özü üçün sürpriz olduğunu bildirib:

“Yarışa bir aydan az vaxt qalmışdı. Həmin çəkidəki idmançı zədələndiyi üçün Tokioya mən getməli oldum. Həyəcanlı idim. Hər idmançının arzusu Olimpiadada iştirak etməkdir. Sevinirəm ki, buna erkən nail oldum. Çoxları bir mərhələni belə, keçə bilməyəcəyimi düşünürdü. Özümə inanırdım. Hətta medal qazanacağıma da ümidim vardı. Psixoloji cəhətdən yarışa tam hazır idim. Püşk üzümə gülmədi. Çətin rəqiblərlə düşdüm. Digər qrupda yer alsaydım, medal qazana bilərdim. İstənilən halda, Olimpiadada iştirak mənim üçün böyük təcrübə və xoş xatirə oldu”.

Azərbaycan güləşçilərini qarşıda iki vacib yarış gözləyir. İdmançılar fevralın 12-18-də Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında, aprelin 5-7-də isə Bakıda Avropa Olimpiya Təsnifat turnirində qüvvələrini sınayacaqlar.

T.Bayramov qısa vaxtda iki yarışda güləşməyin çətin olmayacağını söyləyib:

“Çəkisalma ilə bağlı problemim yoxdur. Bir çox rəqibim qitə birinciliyində iştirak edəcək. Lisenziya turniri ərəfəsində onlarla güləşmək yaxşıdır. Nəyə qadir olduqlarını, güclü və zəif tərəflərini biləcəyəm. Bu yarışda iştirak lisenziya turnirində daha yaxşı güləşməyə imkan verəcək”.

Əvvəllər 65 kiloqramda çıxış edən güləşçi çəkisini dəyişməsinin səbəbini də açıqlayıb:

“Çəkimi mütləq şəkildə qaldırmalıydım. Əslində 70 kiloqramda bir-iki il çıxış etdikdən sonra Olimpiya çəkisinə keçməyi planlaşdırırdım. Həmin çəkidə dünya və Avropa çempionu ola bilərdim. Ancaq mən daha çətin yolu seçdim. Güclü rəqabətin olduğu 74 kiloqramda güləşməyə üstünlük verdim. Çünki xəyalım Olimpiya çempionu olmaqdır. Tokioda güləşməsəydim belə, çəkimi artırmaq məcburiyyətində idim. 65 kiloqramda qalsaydım, istənilən qədər gücüm olmayacaqdı. Bir çox idmançı çəkisini zorla saxlayır, bu da onun inkişafına mane olur. Əvvəllər fiziki cəhətdən çətinlik çəkirdim. Artıq məşqçilərimizin səyi nəticəsində bu çatışmazlığı aradan qaldırmışıq. 74 kiloqramda özümü çox yaxşı və hazırlıqlı hiss edirəm”.

İdmançı karyerasının ilk illərində dinamik güləşdiyini vurğulayıb:

“Hər görüşdə orta hesabla altı-yeddi xal alırdım. Sonrakı dövrdə qarşılaşmalarda bir-iki xalla kifayətlənirdim. Bəlkə də çətinlik çəkirdim. Baş məşqçi Xetaq Qazyumov və böyük məşqçi Cəbrayıl Həsənov mənə hücum üslubunu aşıladı. Təcrübəmin artmasının da bunda rolu var”.

O, son vaxtlar daha çox işlətdiyi fəndlərdən də söz açıb:

“Yeniyetmə yaşlarımdan qoldan atma və badalaq fəndini işlədirəm. Müdafiə üslubunda güləşəndə o qədər də istifadə etmirdim. Məşqçilərimiz gördü ki, bu fəndlər məndə yaxşı alınır. Bunun üzərində daha çox işləməyimi tələb etdilər. İndi yenidən yeniyetməlik dövründəki kimi dinamik güləşirəm”.

T.Bayramov qarşıdakı Avropa çempionatına qızıl medal qazanmaq üçün yollanacağını əlavə edib:

“Tam gücümü ortaya qoymalıyam ki, güclü və zəif tərəflərimi bilim. Bu yarışda daha öncə gümüş və bürünc medal qazanmışam. Bu dəfə çempionluq uğrunda güləşəcəyəm. Slovakiya, Rusiya və Belarus güləşçiləri əsas rəqiblərimdir. Onları təhlil etməliyəm. Lisenziya turniri öncəsi bu, mənim üçün çox vacibdir. Avropa Olimpiya Təsnifat turniri Bakıda keçiriləcək. İnanıram ki, doğma azarkeşlərin dəstəyi ilə “Paris-2024”ə vəsiqə qazanacağam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir