Müsahibə

Qonçarenko: “Azərbaycanın AŞPA-dakı fəaliyyətini dayandırması İrəvanın maraqlarına uyğun deyil” – MÜSAHİBƏ

Sharing is caring!


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin bu qurumda hökm sürən irqçilik, azərbaycanofobiya və islamofobiya fonunda fəaliyyətini dayandırmaq qərarı gözlənilən idi.

Bundan dərhal sonra AŞPA deputatları Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməkdən imtina etdilər.

Avropa Şurası Parlament Assambleyasındakı səsvermədən əvvəl siyasi analitikləri maraqlandıran əsas məsələ Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin necə davranacağı idi. Nəticədə erməni deputatlar Azərbaycanın əleyhinə səs verdilər, halbuki, onlar səsvermədə iştirak etməyə də bilərdilər.

Bakının İrəvanla sülh müqaviləsinin hazırlanması və imzalanması üzrə sabit ikitərəfli danışıqlar formatını təşkil etmək cəhdləri fonunda erməni parlamentarilərin belə bir addımını danışıqlar prosesinə zərbə vurmaq kimi qiymətləndirmək olar.

AŞPA-da müzakirələr zamanı Türkiyə və Ukraynanın qurumdakı nümayəndə heyətlərinin üzvləri Zeynep Yıldız və Aleksey Qonçarenko Azərbaycanı dəstəkləyiblər.

Ukrayna Ali Radasının deputatı, AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər Komitəsinin sədri Aleksey Qonçarenko Oxu.Az-a müsahibəsində ilk növbədə qeyd edib ki, o, Azərbaycanın bu qurumdakı yeganə dostu deyil:

– Mən AŞPA-nın (Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqindən imtina ilə bağlı – red.) qərarına qarşı çıxdım. Mən çıxışımda arqumentlərimi təqdim etdim. Məncə, yanvarın 24-də baş verənlər nə Bakıya, nə də Strasburqa sərf edir. Sivil ölkələrin bir-birindən ayrı düşməsi pis haldır. İndi isə belə bir addım üçün son dərəcə uğursuz bir məqamdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ermənistanla sülh sazişi bağlamaq yolunda irəliləyir. Bu, Azərbaycan üçün, Ermənistan üçün, bütün dünya üçün çox vacibdir. Avropa Şurası bu prosesə kömək edə bilərdi, lakin belə çıxır ki, Azərbaycan Respublikası Avropa Şurasının bir hissəsi olmaqla bərabər, rəsmi Bakı Parlament Assambleyasının işində iştirak edə bilməyəcək. Ermənistan isə əksinə, AŞPA iclaslarında iştirak edəcək. Bu, sülh prosesinə ancaq zərbə vura bilər və məni narahat edir.

– Azərbaycan Ermənistanla ikitərəfli danışıqlarda israrlıdır, artıq bununla bağlı yaxşı təcrübə də var. Amma AŞPA-da Ermənistan nümayəndə heyəti Azərbaycanın əleyhinə səs verdi. Avropa Şurası Parlament Assambleyası belə bir fürsət yaratdı, erməni tərəfi isə bundan istifadə etdi…

– Mən Bakı ilə İrəvan arasında danışıqlar prosesinin təfərrüatından o qədər də dərindən xəbərdar deyiləm. Amma mən Strasburqdakı hadisələrin sülh müqaviləsinin tezliklə bağlanmasına hansısa şəkildə mane olmasını da istəmirəm. Halbuki, Azərbaycan və Ermənistanın AŞPA çərçivəsində birgə fəaliyyəti sülhə töhfə verə bilərdi. Yeri gəlmişkən, mən Ermənistandan olan həmkarlarımla şəxsi ünsiyyətdə öz fikrimi bildirdim. Fikrimcə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin işini dayandırması İrəvanın maraqlarına uyğun deyil. Və Ermənistan nümayəndə heyətinin bəzi nümayəndələri şifahi olaraq bununla razılaşdılar.

– Bəs AŞPA-nın deputatları Cənubi Qafqazdakı vəziyyəti başa düşürlərmi, Qarabağın ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın ərazisi olduğunu bilirlərmi?

– Mən Odessadanam və bizim bir mahnımızın sözlərində deyilir: “Mən bütün Odessanın adından danışa bilmərəm”. Mən bütün Parlament Assambleyası adından necə danışa bilərəm? Amma mənə elə gəlir ki, yanvarın 24-də səhvə yol verilib. Mübahisənin əsas istiqamətinin başqa yönə getməsinə baxmayaraq, mən bunu açıq şəkildə dedim. Əgər bir insanın öz baxış bucağı varsa, o bunu aydın və başadüşülən şəkildə səsləndirməlidir. Mən də öz növbəmdə bunu eləmişəm.

– Bəs bundan sonra nə olacaq? Reqlament necədir? Azərbaycan nümayəndə heyətinin AŞPA-da öz işinə qayıtması mümkündürmü? Təbii ki, Azərbaycan Avropa Şurasından birinci çıxmasa…

– Nümayəndə heyətlərinin səlahiyyətləri hər ilin yanvar ayında bir dəfə təsdiq edilir. Amma qəbul olunmuş qərarda belə bir müddəa var ki, Bakı istəsə və müvafiq addımlar atsa, AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri məsələsinə yenidən baxmağa hazırdır. Davamında isə hər şey hər iki tərəfin xoş niyyətindən asılıdır, onlar bir-birinə doğru addım atacaqlarmı? Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin qaytarılması ilə bağlı səsvermə AŞPA-nın istənilən sessiyasında keçirilə bilər, misal üçün, ən yaxın sessiya apreldə keçiriləcək.

– AŞPA Azərbaycanın qurumun müşahidəçilərini seçkiyə dəvət etməməsindən narazı idi. Məgər kimisə müşahidə aparmağa dəvət etmək və ya etməmək hər bir ölkənin özünün suveren hüququ deyilmi?

– Məsələ burasındadır ki, qarşılıqlı hörmət məsələləri var, çünki Azərbaycan 23 ildir, Avropa Şurasının üzvüdür, amma Bakı Avropa Şurasının nümayəndələrini seçkiyə dəvət etməyib…

– … lakin burada nəzərə almaq lazımdır ki, AŞPA açıq anti-Azərbaycan mövqe tutdu və müvafiq qətnamələr qəbul etdi.

– Şəxsən mən səhifəni çevirməyin, bir-birinə doğru addımların atılmasının, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmasının və işin davam etdirilməsinin tərəfdarıyam.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir