Müsahibə

Qanlı Yanvarın həkim şahidi: “Bizə dedilər ki, siz gedin, məlumat gətirin, sizə dəyməzlər” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“20 Yanvar faciəsi heç vaxt unudulmur. Çünki azadlıq mübarizəmizin başlandığı tarix, qürurverici qəhrəmanlıq salnaməmizdir”.

Bunu Oxu.Az-a müsahibəsində Qanlı Yanvar faciəsinin şahidi olan, Təcili Tibbi Yardım Xidmətinin həkimi Yusif Musayev deyib. Müsahibəni təqdim edirik:

– Yusif bəy, 20 Yanvar faciəsini Bakıda yaşayanlardansınız.

– Bəli. 1959-cu ildə Qərbi Azərbaycanda, Zəngəzur vilayətində anadan olmuşam. Orta təhsilimi orada almışam. 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldım. 1984-cü ildə oranı bitirəndən bu günə qədər Təcili Tibbi Yardım Xidmətində çalışıram. Hazırda Qaradağda 15 saylı Təcili Yardım bölməsinin müdiriyəm.

– O zaman faciə gecəsində iş başında olmusunuz? Həmin günü necə xatırlayırsınız?

– Həmin gün biz çalışırdıq. Respublikada məlum məsələlərə görə siyasi gərginlik hökm sürürdü. Yanvarın 19-da adi iş günü kimi işə gəldik. 24 saatlıq iş rejimi idi. Mitinq olacağından xəbərimiz var idi. O mitinqdə də həkim briqadası olmalı idi. Mərkəzi Komitənin binasının qarşısında mitinq olacaqdı. Bizim briqada ilə mən saat 18 radələrində orada olmalı idik. Mitinqdə iştirak edənlərin sağlamlığı ilə bağlı problem yaransa, yardım etməli idik. Bununla yanaşı, təhlükəsizliyi təmin etməli idik.

Mitinq başlayanda hava qaralmışdı. İnsanlar bir-birini görmürdülər. Yalnız səsdən tanıyırdıq. Vəziyyətin gərgin olduğu hiss edilirdi. Mitinq iştirakçıları Əbdürrəhman Vəzirovun istefasını tələb edirdilər. Bu minvalla toplanmışdılar. Çıxışlar davam edirdi. Azərbaycan radiosunun xəbərlər proqramında yazda tarla işlərinə hazırlıq, çiyid toxumlarının çeşidlənməsi ilə bağlı məlumat verilirdi. Respublikada baş verən gərginliklə bağlı məlumat verilmirdi.

Birdən xəbər çıxdı ki, ordu şəhərə girmək istəyir. Biz inanmadıq. Çünki ordunu özümüzə doğma bilirdik. Sonra mitinq iştirakçıları bizə dedilər ki, siz gedin, məlumat gətirin, sizə dəyməzlər”. Onların təkidi ilə şəhərə getdik. Əvvəl sakitlik idi. Bir qədər sonra xəbər çıxdı ki, televiziyanın enerji bloku partladılıb. Hadisələr gərginləşirdi. Gecə 12-yə 10 dəqiqə qalmış Mərkəzi Komitənin binasının üzərinə qırmızı işıq saçan güllələr yağmağa başladı. Mitinq iştirakçıları arasında təşviş yarandı. Üç-dörd min adam var idi. Təkrar şəhərə getdik. Mərkəzi “103” Xidməti var idi. Oraya gedəndə qabağımızı tanklar kəsdi. Onda artıq inandıq ki, ordu bizə atəş aça bilər.

– Geri qayıtmalı oldunuz?

– Yox. Tanklar əhalinin qurduğu müdafiə sədlərini aşırırdı. Dəfələrlə bizi atəşə tutdular. Gözümüzün qabağında VAZ markalı maşının üstündən tankla keçdilər. İçərisində beş nəfər var idi. Hamısı şəhid oldu. Vətəndaşlar deyirdilər ki, sizi də vuracaqlar, ehtiyatlı olun. Qarşımızı çox kəsdilər. 39 nömrəli avtobusu gülləbaran etmişdilər. Sürücüyə yardım etməyə icazə vermədilər. Uzun saçlı, sərxoş əsgərlər qarşımızı kəsib dedilər ki, silahınızı təhvil verin. Dedim, biz həkimik, işimizi görürük. Sonra başa düşdüm ki, əsgərlərə Azərbaycan xalqının böyükdən-kiçiyə hər birinin tam silahlandığını deyiblər. Onlara belə təlimat verilib.

İndiki metronun “20 Yanvar” stansiyası yaxınlığında böyük itkilər oldu. Əhali qoruyucu vasitələrlə sədlər yaratmışdı, amma çoxunu dağıtmışdılar. Evində olanlar da güllə yarası almışdılar.

– Həmin gecə təcili yardım işçilərinin işi necə təşkil olunmuşdu? Sizə göstərişlər gəlirdimi ki, digər bir ərazidə çağırış var, oraya getmək lazımdır, yoxsa özünüz şəraitə uyğun hərəkət edirdiniz?

– Şəraitə uyğun hərəkət edirdik. Elə vəziyyət idi ki, planlı olmurdu. Heç neçə xəstəyə baxdığımızı bilmirdim. Siyahı tutmaq olmurdu. Nə yadda qalırdısa, o idi. “103” Xidməti məlumat verirdi. Təlimatlara riayət etməyə, vəzifə borcumuzu yerinə yetirməyə çalışırdıq.

Xətai rayonunda 2 saylı Təcili Yardım Bölməsi fəaliyyət göstərirdi. Biz altı briqada ilə işləyirdik. Bəzi hallarda xəstələrə gedib çata bilmirdik. Yolda saxlayırdılar. Gülləbaranda qırmızı işıq saçan güllələri fişəng bilirdik. Onlar ağırlıq mərkəzi dəyişilmiş güllələrdən istifadə edirdilər. Təsəvvür edin, qolundan aldığı güllə yarasından şəhid olanlar var idi. İstifadəsi qadağa olunan güllələr idi. Nahiyədə olan bütün orqanları sıradan çıxarırdı.

– Sizin tibb briqadanızın üzvləri arasında xəsarət alan oldumu?

– Vəzifə borcunu yerinə yetirərkən Tamella xanım sürtüb keçən güllə yarası almışdı. Maşının şüşəsindən güllə daxil olmuşdu. Bədənini sıyırıb keçmişdi. Xanım bizim məntəqədə deyildi. 3 saylıda fəaliyyət göstərirdi. Bizdə yara alan olmamışdı. Həkimlərdən Aleksandr Marxevka və Elçin Mirzəyev şəhid olublar.

– Xilasetmə zamanı marşrut seçmək imkanınız necə idi? Digər təcili yardım maşınları ilə əlaqəli işləyə bilirdinizmi?

– Çox məhdud idi. Əsas marşrut Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasına idi. Oranı mühasirəyə almışdılar. Elektrik blokunu da söndürmüşdülər. Həkimlər yaralıları şam işığında əməliyyat edirdilər. Əsgərlər xəstəxananın qarşısını kəsmişdilər. Xəstələrin girişi də məhdudlaşmışdı.

Həmin vaxt əlaqəli işləmək mümkün deyildi. Şiddətli döyüşdən betər idi. Döyüşdə, heç olmazsa, səngər bəllidir. Şəhər daxilində isə xaos idi.

– İllər keçdikcə unudulur, deyirlər. Unudulurmu?

– Unudulmur. Bir çox məqam yaddan çıxa bilər. Ağır yaradır. Bir təsəllimiz var ki, azadlıq mübarizəmizin başlandığı tarixdir. Qürurverici qəhrəmanlıq salnaməsidir.

20 Yanvardan sonra Xocalı faciəsi oldu. Faciələrin hər ikisi ağırdır. Fərq qoymuram. Həmişə kitablarda oxuyurduq. Lakin başımıza gəldi.

– Hər il bu günü necə qarşılayırsınız?

– O vaxt bir yerdə olan insanlarla görüşürük. İndi az adam qalıb. İşdə bu gün söhbətlər apardıq. Yenə acı xatirələr yada düşdü…

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir