Müsahibə

Azərbaycan millisinin kapitanı: “Tarixi uğura imza atmağımız Avropada səs-küyə səbəb olub” – MÜSAHİBƏ

Sharing is caring!


“Millətlər Liqasında ən çətin qrupa biz düşmüşdük. Monteneqro çox güclü rəqib idi. Heyətindəki oyunçular Fransa, Almaniya, Türkiyə, Rusiya və Macarıstanda çıxış edirlər”.

Bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə AZƏRTAC-ın suallarını cavablandırarkən deyib.

 Həmin müsahibəni təqdim edirik.

– Azərbaycan yığması UEFA Millətlər Liqasının C Divizionunda çıxış etdiyi qrupu ilk pillədə başa vuraraq, B Liqasına vəsiqə qazandı. İlk növbədə tarixi uğurla bağlı təəssüratlarınızı bilmək istərdik…

– Çox şadıq ki, Azərbaycan futbolu adına tarixi ilkə imza atdıq. Bu uğurun qazanılmasında kollektivin, texniki heyətin, federasiyanın, ailələrimizin əməyi var. Çünki onlar hər zaman bizə güvəndilər. Hazırkı vəziyyətimizdən razıyıq. Ancaq bunu davam etdirmək istəyirik. Çalışacağıq ki, Azərbaycan xalqını yeni qələbələrlə sevindirək. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Milli komanda qrupda keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, bir heç-heçə edib. Nəticələri necə dəyərləndirirsiniz?

– Millətlər Liqasında ən çətin qrupa biz düşmüşdük. Monteneqro çox güclü rəqib idi. Heyətindəki oyunçular Fransa, Almaniya, Türkiyə, Rusiya və Macarıstanda çıxış edirlər. Rusiya çempionatında mübarizə aparan bir sıra futbolçuları şəxsən tanıyıram. Buna baxmayaraq, onları hər iki matçda məğlub edə bildik. Kipr seçməsi qrupda 7 xal yığıb və ikinci pillədədir. Deməli, onların da gücü var. Farer adalarına gəlincə, bütün oyunlarda məğlub olsalar da, güclü yığmadır. Bəzən futbolda bir epizod hər şeyi həll edir. İnanıram ki, onlar bir neçə ildən sonra yaxşı səviyyəyə çatacaqlar. Həqiqətən də hər biri inamlı təsir bağışlayır. Amma öz komandamı fərqləndirmək istəyirəm. Bəzi oyunlarda planlarımız alınmasa belə, istək və əzm hesabına qalib gəlməyi bacardıq. Qızlarımız qələbə qazanmaq üçün özlərini zədəyə də qurban verirdilər. Təki milli komanda qalib gəlsin. Kapitan olaraq bütün oyunçularımıza təşəkkürümü bildirirəm. Onlarla fəxr edirəm.

– Artıq qrupdan çıxmağı təmin etmisiniz. Bu mənada, Farer adaları ilə sabah keçiriləcək oyuna necə yanaşacaqsınız?

– B Liqasına vəsiqəni təmin etsək də, sabahkı oyuna rahat çıxmayacağıq. Məqsədimiz Farer adalarına Bakıda da qalib gəlməkdir. Valideynlərimiz stadiondan bizi izləyəcəklər. Qardaşım, bacım oyunlara gələ bilsələr də, atam rayonda yaşadığı üçün arenaya hər zaman gələ bilmir. Azarkeşləri, ailə üzvlərimizi sevindirmək istəyirik. Qrupda gözəl çıxışımızı qələbə ilə yekunlaşdırmaq niyyətindəyik. Farer adaları bütün oyunlarını uduzmasına baxmayaraq, onlara ciddi rəqib kimi baxıram. Hədəf yalnız qələbədir.

– Qadın futbolçulardan ibarət yığma tarixi uğur qazansa da, kişi futbolunda hələlik bu cür nailiyyət yoxdur. Kişi futbolçulara nə tövsiyə edərdiniz?

– “Qızlar bunu bacardı, kişilər isə bacarmadı” fikri ilə məsələyə yanaşsaq, yanlışlıq olar. Məqsədimiz Azərbaycan futbolunu zirvələrə daşımaqdır. Onlara nə tövsiyə edərdim? Kişi futbolçular peşəkardırlar. Onlara nəsə deməyim düz çıxmaz. Sadəcə, öz komandamız haqqında söz deyə bilərəm. İstəyim odur ki, həm kişi, həm qadın yığmaları daim uğurlu nəticələr qazansınlar. Düşünürəm ki, bizim oyunlara kişi futbolçular da baxır. Bu nəticə onlara da motivasiya olar.

– Sizcə, Millətlər Liqasındakı nailiyyət qadın futbolçuların daha böyük klublara yolunu aça bilərmi?

– Düşünürəm ki, Azərbaycan futbolunda tarixi uğura imza atmağımız Avropada səs-küyə səbəb olub. Bilirsiniz ki, Millətlər Liqasında ən yaxşı ikinci yeri tutan üç komanda da növbəti mərhələyə vəsiqə qazanır. Lakin biz şansımızı son tura saxlamadıq və qrupdan lider olaraq çıxdıq. Əlbəttə, bu nəticələr də xarici menecerlərin qadın futbolçularımıza marağının artmasına səbəb olacaq. Bəzi insanlar böyük uğur qazananda “mən etdim” deyirlər. Əslində bu yanaşma düzgün deyil. Çünki bizə bunları bəxş edən Allahdır. Uğurumuza görə də Tanrıya şükür edirəm. Arzum qızlarımızın bu nəticələrdən sonra böyük klublara keçməsidir. Biz orada çıxış edən oyunçulardan heç də geri qalmırıq. Sadəcə, mentalitet, klubların qadın futboluna maraq göstərməməsi Avropaya çıxışımıza mane olur.

– Necə düşünürsünüz, Azərbaycanda qadın futbolunun daha yaxşı inkişafı üçün nələr etmək lazımdır?

– Bu gün birdən-birə nəsə etsək, uğur qazana bilmərik. Amma gələcək üçün planlar qurmalıyıq. Hazırda qadın futbolunun yükü AFFA-nın çiyinlərindədir. Bu işdə valideynlər, futbol klubları da dəstək olmalıdırlar. Qızları 8-9 yaşında futbola cəlb etməliyik. Bölgələrdən 4-5 oyunçu tapıb milliyə cəlb etməklə iş bitmir. Onların üzərində işləməliyik. Mən özüm Lənkəran futbolunun yetirməsiyəm. Bu bölgədə yaşayan insanlar indi mənimlə fəxr edirlər. Əvvəl mentalitet məsələsində çətinlik yaşayan qızlarımız olsa da, indi hər şey dəyişib. Uğurlarımız insanların bizə qarşı düşüncəsində fərqlilik yaradıb. Hər kənddən, qəsəbədən 1-2 perspektivli futbolçu çıxsa, bu, Azərbaycanda qadın futbolunun inkişafına səbəb olacaq. Federasiya bu işdə əlindən gələni edir. Ancaq yenə də deyirəm, valideynlərin, klub məşqçilərinin bu işdə quruma kömək etməyi vacibdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir