Müsahibə

Gürcüstanda oynayan azərbaycanəsilli futbolçu: “Milli komandamızda ola bilməmək məni üzür” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Yusuf Mehtiyev 2006-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində dünyaya gəlib.

Valideynləri də əslən azərbaycanlı olan həmyerlimiz futbolun sirlərini “Rustavi”də öyrənməyə başlayıb.

İndi isə karyerasını qonşu ölkənin ən titullu klubu hesab olunan “Dinamo”nun (Tbilisi) akademiyasında davam etdirir.

Sportinfo.az saytı Yusuf Mehdiyevlə olan müsahibəsini təqdim edir: 

– Yusuf, “Rustavi”də futbolun sirlərini öyrənməyə başlamısan. Maraqlıdır, burada həmin sirlər necə öyrədilir? Məşqçilərin yanaşması necədir?

– Müəyyən sistem var və məşqçilər o xətt üzrə hərəkət edirlər. Məsələn, əsas komanda hansı sistemdə çıxış edirsə, aşağı yaş qrup komandalar da həmin dəst-xətlə davam edir. Çalışırlar kimdə istedad, istək varsa, onu irəli çəksinlər. Yaxşı məşqçilər olduğunu deyə bilərəm.

– Azərbaycan futbolunda ən böyük problem uşaq futboludur. Məsələn, maaşlar az olduğu üçün məşqçilər bəzən 3 yerdə çalışmalı olurlar. Burada o baxımdan durum necədir?

– Təxminən eyni cür hallar burada da var. Amma çox deyil. Heç də məşqçilər üçün lüks şərait yoxdur. Amma hər şeyə rəğmən məşqçilər uşaqların, komandaların inkişafı üçün çalışırlar.

– Bəs imkanlı uşaqlara, tanınmış şəxslərin övladlarına xüsusi münasibət bəslənir?

– Açığı, “Rustavi”də belə hallarla rastlaşmamışam. Kim daha yaxşıdırsa, ona yol açıqdır.

– Gürcüstan futbolunun Avropada sanballı nümayəndələri hər zaman olub. Bəs bu ölkə ilə qonşu olan Azərbaycanda oxşar nümunələri niyə görə bilmirik?

– Məncə, burada uşaqların çoxunda istedad doğuşdan var. Uşaq yaşlarından bu əlamətlər sezilir.

– U-17 millimizə qarşı oynamısan. Qarışıq hisslər keçirmədin?

– Bəli, qəribə hisslər idi.

– Klub futbolunda Gürcüstan birmənalı Azərbaycan təmsilçilərinə uduzur. Xüsusilə “Qarabağ” arada ciddi uçurum yaradır. Səbəb nədir?

– Məncə, burada istedadlı uşaqlar ən qısa zamanda ölkə xaricinə gedirlər. Maddi məsələnin də rolu var. Məsələn, Azərbaycanda “Qarabağ” parlayan istedadlı gəncləri ala bilir, lakin Gürcüstan klubları bunu edə bilmir.

– Azərbaycan millisində oynamaq fürsətin olmadı, yoxsa özün istəmədin?

– AFFA-dan 1-2 dəfə təklif olub. Bir dəfə bunun baş tutmasına zədəm mane olub. Müəyyən başqa problemlər də hələ istəyimə imkan verməyib.

– Oynamaqda qərarlısan?

– Əlbəttə.

– Bəs klublarımızdan təklif almısanmı?

– Yalan deməyəcəyəm. Heç vaxt təklif olmayıb.

– Gürcüstanın aşağı yaş millilərinə dəvət almısan, adlı-sanlı “Dinamo”da çıxış edirsən. Maraqlıdır, Azərbaycandan hələ də təklif gəlməməsi, diqqət göstərilməməsi səni üzmür?

– Əlbəttə, üzür. Azərbaycanda, xüsusilə “Qarabağ”da oynamaq istərdim. Lakin əsas hədəfim Avropa klublarına getməkdir. Daha çox milli komandamızda ola bilməmək məni üzür.

– Gürcü məşqçilərin sənin gələcəyinlə bağlı düşüncələri necədir?

– Tipik “9 nömrə” olduğumu deyirlər. Belə davam etsəm, hər şeyin mənim üçün yaxşı olacağını düşünürlər. Hətta top səviyyəyə yüksələ biləcəyimə inanırlar.

– Dünyaca məşhur gürcüstanlı futbol veteranları var. Bu gün əksəriyyəti Gürcüstan futbolunda önəmli vəzifələrdə yer alırlar. Arasında şəxsi münasibətin olanlar var?

– Üz-üzə ünsiyyətim olmayıb. Amma haqqımda məlumatlı olduqlarını bilirəm.

– Necə?

– Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili oyunların birində məşqçilərə mənim barədə tapşırıq verib.

– Nə deyib?

– Bildirib ki, istedadlı uşaqdır, üzərində daha çox dayanın və belə də davam etsin.

– Yerli məşqçilər bundan sonra sənə daha yaxşı qayğı göstərirlər?

– Oynadığım komandada daha çox klubun uğuru düşünülür. Lakin fərd olaraq da məni unutmurlar.

– Dünya ulduzu olan Xviça Kvarekseliya ilə yolların nə zamansa kəsişib?

– Bəli.

– Maraqlıdır…

– O, “Rustavi”nin əsas komandasında bir müddət çıxış edib. Düzdür, mən hələ uşaq komandalarında çıxış edirdim. Lakin oyunlarında qarşılaşmışıq.

– Bu səviyyədə futbolçu olacağı ağlına gələrdi?

– İstedadlı olduğu görünürdü. Amma bu səviyyəyə yüksələcəyini gözləmirdim.

– Dünya futbolunda hansı kluba azarkeşlik edirsən?

– “Real Madrid”.

– Özünə kumir seçdiyin ulduz futbolçular var?

– İndiki nəsildən Haland, köhnələrdən isə Zlatan İbrahimoviç.

– Görünüşcə bənzərliyin var deyə?

– Bəli (gülür).

– Azərbaycan millisini seçən bəzi futbolçuların sonrakı karyerası o qədər də uğurlu alınmayıb. Bu məqam səni narahat etmir?

– Heç bir narahatlıq yoxdur. Hər şey özümdən asılıdır. Özümə güvənirəm.

– Deməli, Azərbaycan millisində çıxış etməkdə qərarlısan?

– Bəli.

– İndiki Azərbaycan millisində olsan, fərq yarada bilərsən?

– Əlbəttə. Özümə inamım tamdır ki, fərqlənə bilərəm.

– Klublarımızı yaxından izləyə bilirsən?

– “Neftçi” və “Qarabağ”ı yaxından izləyirəm.

– Bəs hansı yerli futbolçunu öz oyununla müqayisə edərdin?

– Son zamanlar Azərbaycan millisində öz stilimdə hücumçu görməmişəm. Amma bəyəndiyim forvard Musa Qurbanlıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir