Müsahibə

İsrail səfiri: “Fələstinli mülki vətəndaşların əziyyət çəkdiyini görəndə ürəyim parçalanır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“HƏMAS-la müharibə bəşəriyyətin gələcəyi üçündür”.

Bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik APA-ya müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Oktyabrın 7-də baş verənlər bütün dünyanı şoka saldı. Biz İsrail təhlükəsizlik qüvvələrinin, kəşfiyyat xidmətinin nə qədər inkişaf etmiş olduğunu, bacarıqlı olduğunu bilirik. Bəs, İsrail niyə bu hücumlara hazır deyildi, HƏMAS-ın hücumlarından əvvəlcədən xəbəri yox idi? Nəzərə alsaq ki, təklif edilən məhkəmə islahatları ilə əlaqədar son bir neçə ayda İsrail cəmiyyətində bir növ parçalanma yaranıb, baş verənlərdə bu amil nə dərəcədə rol oynaya bilər?

– Oktyabrın 7-də HƏMAS İsrailin cənubundakı israillilərin evlərini işğal etdi. Bizim ailələrimizi öz evlərində qırdılar. Körpələr beşiklərində öldürüldü, gənc qızlar zorakılığa məruz qaldılar. Hətta terrorçular hamilə qadının sağ ola-ola qarnındakı körpəsini bıçaqla öldürüblər, sonra isə ananı güllələyiblər.

1400-dən çox israilli qətlə yetirildi, 240-dən çox israilli isə girov götürülüb. Girov götürülənlərin 32-si uşaqdır. Onlar orada yalqızdırlar, valideynləri yanlarında deyil və bu günə qədər rəhimsiz terrorçuların girovluğundadırlar. Videolarda 19 yaşlı Nama adlı israilli qızı saçından sürüyürlər, qənimət kimi Qəzza küçələrində gəzdirilir, Allah bilir ona nələr edilib.

Bunun necə baş verməsi isə İsraildə hamımızın ağlından çıxmayan çətin sualdır. Amma cavablar müharibədən sonra araşdırılacaq. HƏMAS-ın etdikləri müharibə aktıdır. Onlar İsrailə müharibə elan etdilər. Beləliklə, hazırda biz diqqətimizi bir şeyə yönəltmişik: heç bir israilli uşağın yatağında terrorçular tərəfindən öldürülməkdən qorxmayacağına əmin olmalıyıq. Bunun baş verməsi üçün isə HƏMAS-ı tam məğlub etməliyik.

– Beynəlxalq ictimaiyyət İsrailin özünümüdafiə hüququnu tanıyır və dəstəkləyir, ancaq eyni zamanda, Qəzzada mülki əhalinin müdafiəsinə çağırış edilir. Qəzzada ölənlərin sayı 9000-dən çoxdur və onların əksəriyyəti mülki şəxslərdir. İsrailin hərbi potensialını nəzərə alsaq, yəni ordunuz yüksək imkanlara malikdir, daha hədəflənmiş və mülki itkilərin minimum olacağı əməliyyatlar aparmaq mümkün deyilmi?

– Bu, bizim istəmədiyimiz, HƏMAS-ın bizi məcbur etdiyi müharibədir. Bizim döyüşməkdən və qalib gəlməkdən başqa seçimimiz yoxdur. HƏMAS lideri açıq və ictimai şəkildə bildirdi ki, onlar oktyabrın 7-də etdiklərini İsraili tamamilə məhv edənə qədər təkrarlamağı planlaşdırırlar. O qaranlıq ağır gündən öyrəndiyimiz bir dərs varsa, o da əgər düşmənləriniz sizi öldürməklə hədələyirsə, onlara inanın. Onlar həqiqətən bunu nəzərdə tuturlar.

Biz sərhədin digər tərəfində olan bizə hücum etməyə və israillilərə terror etməyə davam edən HƏMAS-la yaşaya bilmərik. Beləliklə, biz HƏMAS təhlükəsinin aradan qaldırıldığına əmin olmalıyıq. Amma HƏMAS-dan fərqli olaraq, biz Qəzzadakılar da daxil olmaqla mülki əhalinin həyatına önəm veririk. İsrail qanunlara tabe olan bir ölkədir və İsrail Müdafiə Qüvvələri silahlı münaqişə ilə bağlı beynəlxalq qanunlara uyğun şəkildə əməliyyat aparan peşəkar ordudur.

Biz yalnız hərbi hədəflərə hücum edirik və fələstinli mülki insanları qorumaq üçün böyük tədbirlər görürük. Mümkün olduqca erkən xəbərdarlıq edirik. İnsanlardan müəyyən bölgələri boşaltmalarını xahiş etmişik, təhlükəsizlikdə olmaq üçün mülki şəxslərə nə vaxt və hara getmələri barədə təfərrüatı olan vərəqələri təyyarələrdən atırıq. Fələstinli mülki vətəndaşların əziyyət çəkdiyini görəndə ürəyim parçalanır. Onların əzab çəkməsinə görə məsuliyyət daşıyan yeganə tərəf HƏMAS-dır.

Bizi bu müharibəyə HƏMAS məcbur edib, bundan əlavə, onlar şüurlu şəkildə öz mülki vətəndaşlarını təhlükəyə atıblar. Onlar öz terrorçularını qorumaq üçün Qəzzanın əhalisini canlı qalxan kimi istifadə edirlər. HƏMAS Qəzza xalqına xidmət etməli olan o qədər pulu, sementi yerin altında nəhəng tunellər şəbəkəsi qurmaq üçün istifadə edib. Onlar vətəndaşlar üçün nə qədər sığınacaq tikiblər? Sıfır. Onların liderlərindən biri hətta açıq şəkildə bəyan etdi ki, mülki əhalinin qayğısına qalmaq onların vəzifəsi deyil. Bu həyasızlığı, qəddarlığı təsəvvür edə bilirsinizmi? Bununla da qalmayıb, mülki əhalinin onlara xəbərdarlıq etdiyimiz əraziləri tərk etməsinə mane olur, (əhalini – red.) təhlükəli ərazilərdə qalmağa məcbur edirlər. HƏMAS öz ofislərini xəstəxanalar altında yerləşdirir. Məktəblərdən və məscidlərdən raketlər buraxır. Onları Qəzza əhalisi maraqlandırmır.

– Misir fələstinlilərlə həmrəylik nümayiş etdirməməkdə, sərhədi Qəzzadakı mülki fələstinlilər üçün açmamaqda günahlandırılır. Amma Misir Prezidenti Əbdülfəttah əs-Sisi belə bir fikir səsləndirib: “Fələstinlilərin Qəzzadan Misirə köçürülməsi eyni yerdəyişmənin İordan çayının qərb sahilindəki fələstinlilər üçün də baş verəcəyi deməkdir. Daha sonra bizim və dünyanın haqqında danışdığımız Fələstin dövləti və onun reallaşması qeyri-mümkün olacaq – çünki torpaq oradadır, insanlar isə yoxdur”. Bəzilərinin fikrincə, Qəzzadakı fələstinliləri ərazini tərk etməyə çağıran İsrail hökumətinin bu məqsədi var – etnik təmizləmə… Bir İsrail diplomatı olaraq bu ittihamlara cavabınız nədir?

– İnsanlar bizim mülki şəxslərdən Qəzzanın şimal hissəsini tərk etmələrini istəməməyimizimi üstün tutardılar? Mülki insanlar ətrafda olarkənmi biz HƏMAS terrorçularına hücum etməliyik? Ümid edirəm ki, insanlar bunun nə qədər ağlasığmaz olduğunu başa düşürlər. Biz onlardan Qəzza zolağında, onun bir hissəsindən digər hissəsinə müvəqqəti olaraq getmələrini xahiş etdik. Biz bunu onları qorumaq üçün etmişik, çünki HƏMAS-ın oradakı hücumlarından və bizim onları dayandırmaq cəhdlərimizdən əziyyət çəkməsini istəmirik.

İsrailin Qəzza ətrafından və şimalda Livana yaxın ərazidən 100 000 insanı təxliyə etdiyini bilirdinizmi? Biz bunu onların zərər görməməsi üçün etmişik.

İsrail müharibədən sonra Qəzza zolağını idarə etmək istəmir və ya idarə etmək niyyətində deyil. Amma biz həm də əmin olacağıq ki, HƏMAS da oranı idarə etmir.

– HƏMAS 233 israillini (artıq bu rəqəm 244-dür – red.) – uşaqları, qadınları, qocaları oğurlayıb. İsrail quru əməliyyatına başlayanda indi hamı girov götürülən bu günahsız insanların həyatından və onların HƏMAS tərəfindən qisas almaq üçün öldürülə biləcəyindən narahatdır…

– Kim orada girovların – körpələrimizin, qadınlarımızın, nənə-babalarımızın, bacı-qardaşlarımızın başındakı bir tükə toxunarsa, bunun əvəzini çox, çox ağır ödəyəcək. Biz 7 oktyabr qırğınında iştirak edən terrorçuların hər birini yaxalayacağıq. Biz onların hamısını, axırıncısına qədər müəyyən etmək üçün texnologiyadan istifadə edirik və onların hamısı tezliklə ədalətlə üzləşəcək.

– Fələstin səfiri APA-ya müsahibəsində HƏMAS-ın xəstəlik deyil, simptom olduğunu deyib. Onun fikrincə, əgər İsrail hökumətinin siyasəti fərqli olsaydı, HƏMAS da yaranmazdı. Bununla bağlı fikriniz nədir?

– Mən Fələstin səfirinin HƏMAS-ın 7 oktyabrda törətdiyi qırğını pislədiyini eşitmədim. Ramallahdakı Fələstin rəhbərliyinin də bunu qınadığını eşitməmişəm. Bu, utancvericidir. Mənə maraqlıdır, səfir 2007-ci ildə HƏMAS-ın Qəzza zolağına yiyələndiyi zaman onun təmsil etdiyi hökumətin, Fələstin hakimiyyətinin nümayəndələrini eyvanlardan atmağını necə izah edir? O, buna görə də İsraili günahlandırır?

Baxmayaraq ki, onun haqlı olduğu bir nöqtə var: HƏMAS həqiqətən simptomdur. Bu, Fələstin rəhbərliyinin yəhudilərin bir millət olaraq İsrail torpağında bərabər müqəddəratını təyinetmə hüququna malik olduğunu tanımaqdan imtina etməsinin bir simptomudur. Bu günə qədər Fələstin hakimiyyəti – HƏMAS deyil, mötədil hesab edilənlər – Dalal Mugrabi kimi yəhudiləri öldürən terrorçuların adını meydanlara və stadionlara verir. Həbsxanada olan terrorçulara maaşlarını iyrənc düsturla verirlər – nə qədər çox öldürsəniz, bir o qədər çox pul alırsınız. Bu, nifrət mədəniyyəti, terroru və qətli tərənnüm etməkdir. Bu, HƏMAS-ın əlaməti olan xəstəlikdir.

– İsrail Prezidenti və Baş naziri “Hizbullah”a və İrana xəbərdarlıq edib. Mən bu eskalasiyanın mövcud sərhədlərdən kənara çıxma riski barədə soruşmaq istərdim…

– Hamı bilir ki, İran region boyu müxtəlif silahlarını, proksilərini göndərən ahtapotdur. HƏMAS, “Hizbullah”, Yəməndə husilər, İraqda, Suriyada və burada, hətta Azərbaycanda da proksi yaratmağa çalışırlar. Yaxın Şərqdəki gərginliyin kökündə İranın İsraili məhv etmək istəyi dayanır, lakin onlar bunu özləri etmir, bəlkə qorxduqları üçün, bunu öz piyadaları vasitəsilə etməyi üstün tuturlar. Onların dedikləri kimi, İran son ərəbə qədər İsraillə vuruşacaq. Bu müharibə genişlənə bilərmi? Bu, onlardan asılıdır. Biz bunu genişləndirməyəcəyik, amma onlar bunu etsə, biz hazırıq.

– Bu müharibənin İsraillə ərəb ölkələri arasındakı münasibətlərə təsiri necə olacaq? Xüsusilə, İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələr, son aylarda tərəflər arasında intensiv dialoqun olduğunu bilirik…

– Siz bəlkə də ən vacib məqama toxunursunuz. İsrail və ərəb dünyası arasında sülh dairəsi son illərdə ardıcıl olaraq genişlənir. İordaniya, Misir, BƏƏ, Bəhreyn, Mərakeş və başqaları ilə bizim sülh münasibətlərimiz var. Biz Səudiyyə Ərəbistanı ilə də normallaşma yolundayıq. İran isə bundan çox narahatdır. Onlar anlayır ki, İsrail və Ərəb dünyası İranın regionu ələ keçirmək təhlükəsindən xəbərdardır, onu dayandırmaq və İranın getdiyi hər yerdə özü ilə gətirdiyi müharibələr və bədbəxtliklər əvəzinə bölgəyə rifah gətirmək üçün birlikdə çalışır.

Bu müharibə bir çox cəhətdən İran tərəfindən dəstəklənən HƏMAS-ın bu prosesə zərər vurmaq cəhdidir. Mən onların uğur qazanacaqlarını düşünmürəm. Hər bir halda, bu müharibə İsrail və ərəb hökumətlərini bir-birinə daha da yaxınlaşdıracaq – biz bizi öldürməyə çalışan eyni düşməni paylaşdığımızı görə bilirik. Səudiyyə Ərəbistanına hücum edən husilər indi İsrailə hücum edirlər. Ona görə də mən bu gün sülh barədə daha da optimistəm.

– İsrail Xarici İşlər Nazirliyi bəzi müsəlman ölkələrindən, bir müddət əvvəl Türkiyədən də səfirliklərin təxliyəsi barədə göstəriş verib. Mən Bakıdakı Səfirlik haqqında soruşmaq istəyirəm? Səfirliyin fəaliyyətində dəyişiklik varmı?

– Bakıdakı Səfirliyimiz diplomatik, konsulluq və digər xidmətlərini davam etdirir. Bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə cavabdeh olan Azərbaycan hökuməti ilə tam əməkdaşlığımız var.

– Bu müharibədə hər iki tərəfdən ən çox zərər çəkən mülki insanlardır. Hər iki tərəfdən öldürülən uşaqlar, gənclər, ailələr var. BMT-də daxil olmaqla digər beynəlxalq təşkilatlar, əksər ölkələr iki dövlətli həllin vacibliyini vurğulayır, tərəfləri dialoqa, sülh yolu ilə həllə çağırır. Bütün ölkələr sülhdən, iki dövlətli həldən danışır, lakin bu illər ərzində status-kvo baxımından heç nə dəyişməyib. Niyə?

– Müharibə bu gün bitə bilər. Bunun baş verməsi üçün HƏMAS girovları azad etməli və təslim olmalıdır. Bunu etməsələr, HƏMAS məhv edilənə qədər İsrail dayanmayacaq. Bu, siyasət və ya ərazi uğrunda müharibə deyil. Bu, bəşəriyyətin gələcəyi üçün müharibədir. Heç bir kompromis ola bilməz.

Daha sonra sülhün mümkün olması üçün Fələstin rəhbərliyi torpaqların hər hansı hissəsində yəhudilərin öz müqəddəratını təyin etməsinə qarşı əsrlər boyu davam edən Fələstin müharibəsini sona çatdırmaq üçün açıq və ictimai şəkildə öhdəlik götürməli və Yəhudi dövləti ilə sülh bağlamaq üçün strateji qərar verməlidir. Onlar terrorçuları tərifləmək və terrorçulara mükafat vermək kimi nifrət mədəniyyətinə son qoymalı, Fələstin cəmiyyətini sülh və tolerantlıq ruhunda tərbiyə etməyi öhdələrinə götürməlidirlər.

Qalan hər şey – ərazi, dövlətçilik və bütün bunlar onun ardınca gələcək.

Bizim uşaqlarımız, israillilər və fələstinlilər olması lazım olan, tolerantlığın, dostluğun və birgəyaşayışın hakim olduğu bir dünyada yaşamağa layiqdirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir