Müsahibə

Elşən Yusubov: “Sabah”ın son uğuru təkcə klubumuzun yox, Azərbaycan basketbolunun qələbəsidir” – MÜSAHİBƏ

Sharing is caring!


“Sabah” basketbol komandası FİBA Avropa Kubokunun təsnifat mərhələsində keçirdiyi hər üç oyunda qələbə qazanaraq, müntəzəm çempionata vəsiqə əldə edib.

Boban Mitevin yetirmələri ardıcıl olaraq “Donar” (Niderland), “Rabotniçki” (Şimali Makedoniya) və “Rapid”i (Rumıniya) məğlubiyyətə uğradıb.

Azərbaycan çempionu növbəti mərhələdə “Mornar” (Monteneqro), “Bağçaşəhər” (Türkiyə) və “Nimburk”la (Çexiya) eyni qrupda mübarizə aparacaq. Təmsilçimiz ilk oyununu oktyabrın 18-də səfərdə “Mornar”a qarşı keçirəcək.

Səfər qarşılaşması ərəfəsində “Report”un suallarını cavablandıran “Sabah”ın idman direktoru Elşən Yusubov həm təsnifat mərhələsindəki matçları dəyərləndirib, həm də müntəzəm çempionatda şanslar barədə danışıb.

– Razısınız ki, “Sabah”ın FİBA Avropa Kubokunun təsnifat mərhələsində keçirdiyi hər üç görüşdə qələbə qazanması gözlənilməz oldu?

– Açığı, ora gedəndə 1-2 qələbəni komandamız üçün uğur hesab edirdik. Ancaq vəziyyət elə gətirdi ki, müntəzəm çempionata vəsiqə qazanmaq üçün 3 qələbə qazanmaq vacib oldu. Bunu da reallaşdıra bildik.

– Şimali Makedoniya səfəri ərəfəsində hədəfin minimum 1 qələbə olduğu deyilirdi. Sürpriz uğurun sirri nə idi?

– Bir qələbə ilə bağlı hədəf qoyulmamışdı. Nəzərə alaq ki, Azərbaycan basketbolu uzun müddət idi avrokuboklarda təmsil olunmurdu. Üstəlik, gənc komanda idik. Bu mənada orada hər bir qələbə zəfərə bərabər idi. Buna baxmayaraq, biz maksimum proqramı yerinə yetirdik. Bu da Azərbaycan basketbolu üçün böyük uğurdur.

– Rumıniyanın “Rapid” klubu qrupun favoriti sayılırdı. Ancaq “Sabah” onları böyük çətinlik çəkmədən məğlub etdi…

– Həqiqətən də “Rapid” çox güclü komanda təsiri bağışlayırdı. Onlar ilk turda “Rabotniçki”ni (Şimali Makedoniya) 30 top fərqi ilə məğlub edərək, favoritlərdən olduqlarını göstərdilər. Ancaq növbəti turda Niderland təmsilçisi “Donar”a çətinliklə qalib gəldi. Hiss etdik ki, “Rapid” oyundan-oyuna zəif performans göstərir. Biz isə “Rabotniçki” önündə böyük fərqlə geridə olsaq da, sonda qalib gəlmişdik. Bu, komandada olan potensialı, kollektiv ruhu göstərirdi. Qrupdakı rəqiblərimizin hamısının öz ənənələri var, hər il heyətdə maksimum 2-3 dəyişiklik edirdilər. “Sabah”ın heyəti isə tam yenilənmişdi, uyğunlaşmağa vaxt lazım idi. İlk iki qələbədən sonra komandada ruh yüksəkliyi, özünəinam yarandı. Yalnız “Rapid” üzərində qələbə sayəsində mərhələ adlamağın mümkünlüyünü dərk edirdik. Baş məşqçi ilə yanaşı, mən də bütün basketbolçularla fərdi şəkildə görüşüb söhbət edirdim. Onları “Rapid”i məğlub etməyin mümkünlüyünə inandırmağa çalışırdım.

– Basketbolçulardan kimlərin çıxışı diqqətinizi xüsusi çəkdi?

– Maykl Holton beş dəfə üçxallıq atış etdi, hamısında da sərrast oldu. Desmond Kembric uzaq və orta məsafədən dəqiq atışları ilə komandaya böyük kömək etdi. Kivon Davenport və Pavle Marçinkoviç həm səbət altına keçirdilər, həm ötürmələrlə hücumlarda mühüm rol oynayırdılar. Xüsusən də Marçinkoviç hər üç matçda müdafiədə gözəl oyun nümayiş etdirdi. Donovan Smitlə Artyom Butyankov mərkəz oyunçuları kimi həm müdafiəyə kömək oldular, həm də ortadan hücum xəttini gücləndirdilər. Azərbaycanlı oyunçulardan isə Endar Poladxanlı və Şirzad Şirzadov müntəzəm olaraq bütün matçlara qatılırdılar. Avrokuboklarda iştirak onlar üçün gözəl təcrübə oldu. Gənc yerli basketbolçular bu cür yarışlarda püxtələşməlidirlər.

– Müntəzəm çempionatın startına çox az vaxt qalıb. Hazırlıq necə gedir?

– Öncəki hazırlığın davamı olacaq. Yay toplanışındakı ilk mərhələdə fiziki və texniki hazırlığa üstünlük verilmişdi. Baş məşqçi Serbiyadakı oyunlardan bəri daha çox taktiki çalışmalar keçir. Basketbol setlərini qurmaq, onu yadda saxlayaraq oyunda tətbiq etmək asan deyil. Bu yöndə taktiki incələmələr gedir. Skautumuz isə müntəzəm çempionatdakı rəqibləri bir müddətdir izləyir. Onlara qarşı xüsusi taktiki hazırlıqlar görülür.

– Qarşıdakı oyunlara qədər heyətin gücləndirilməsi nəzərdə tutulub?

– “Transfer pəncərəsi” hələ açıqdır. Baş məşqçi ilə rəhbərlik arasında bu yöndə danışıqlar gedir. Komandanın gücləndirilməsi gözlənilir.

– Danışıq apardığınız basketbolçular var?

– Planda olan oyunçular var. Danışıqlar uğurlu alınsa, komandaya qatıla bilərlər.

– Təxminən neçə transfer planlaşdırılır?

– Kollektivimiz, demək olar ki, formalaşıb. Çoxsaylı transferlərdən söhbət gedə bilməz. Baş məşqçi, ola bilər ki, zəif hesab etdiyi hansısa mövqeyə bir nəfər istəsin.

– Rəqiblər barədə nə düşünürsünüz?

– Bilirik ki, bu komandalar artıq əvvəlkilərdən daha güclü olacaqlar. Çünki müntəzəm çempionata ya bizim kimi təsnifat mərhələsinin ən güclüləri, ya da bu mərhələdən başlayacaq komandalar qatılırlar. Bu qrupdan iki komandanın “20-liy”ə düşmək şansı olacaq. Şübhəsiz ki, asan rəqib olmayacaq. Ancaq öz araşdırmalarıma əsasən ən güclü rəqib kimi Türkiyənin “Bağçaşəhər” kollektivini göstərə bilərəm.

– Qrupda ikinci oyununuzu oktyabrın 25-də Bakıda məhz “Bağçaşəhər”ə qarşı keçirəcəksiniz. İlk ev görüşündə azarkeşlərin “Sərhədçi” İdman Mərkəzinin tribunalarını doldurmaları üçün klub tərəfindən hansısa addımlar atılırmı?

– Şimali Makedoniyadakı uğurlu çıxışdan sonra istər medianın, istərsə də azarkeşlərin diqqətini hiss etdik. Ölkə çempionatının “Gəncə” ilə final görüşündə də tribunalar, demək olar ki, tam dolmuşdu. Həm federasiya, həm də klublar azarkeşləri məlumatlandırmalıdır. “Sabah”ın son uğuru təkcə klubumuzun yox, Azərbaycan basketbolunun qələbəsidir. Xüsusən də yeniyetmə basketbolçular gəlib komandanın avrokubok oyunlarını izləyə bilərlər.

– “Sabah”ın bu nəticələrindən sonra yeniyetmələrin basketbola marağında fərq varmı?

– Əlbəttə ki, var. Ötən mövsümün əvvəllərində oyunlarımızı 5-6 nəfər öz yaxınlarımız izləyirdilər. Finalda isə çox sayda azyaşlı var idi. Valideynlər də artıq basketbolda perspektiv görürlər. Komandamızda Əlikamran Məmmədov, Aydın İbrahimov kimi uşaq basketbolundan gələnlər var. Ötən mövsüm 16-17 yaşlı basketbolçular peşəkar klublarda məşqlərə qatılırdılar. Yeniyetmələr də özlərini artıq o uşaqların yerində görmək istəyirlər. NTD-də və ya “Neftçi”də iştirak etməyi kim istəməz?!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir