Müsahibə

Şəhid xanımı: “Hər dəfə oğluma baxanda Zeynalın döyüş yoldaşına dediyi söz yadıma düşür” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.

44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən igid hərbçilərimizdən biri də Zeynal Zülfüqarlıdır.

Tərcümeyi-hal:

Zeynal Alim oğlu Zülfüqarlı 1995-ci il mayın 31-də Şirvan şəhərində anadan olub. Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə oxuyub. 2010-14-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsil alıb.

Zeynal Zülfüqarlı 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Hərbi Komissarlığı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Bir il Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətini 2017-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında kiçik gizir rütbəsində davam etdirib.

Zeynal Zülfüqarlı 2019-cu il dekabrın 2-də ailə həyatı qurub. Zeynal adlı oğlu yadigar qalıb.

Azərbaycan Ordusunun kiçik giziri olan Zeynal Zülfüqarlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Murovdağın, Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Zeynal Zülfüqarlı 20 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Şirvan Şəhidlər xiyabanında dəfn olunub.

Zeynal Zülfüqarlı ölümündən öncə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Döyüş zamanı göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb.

Oxu.Az-ın əməkdaşı şəhidin həyat yoldaşı Firuzə Zülfüqarlı ilə danışıb.

– Firuzə xanım, Zeynalın uşaq yaşlarından hərbiyə maraq göstərdiyini dediniz.

– Bəli, Zeynalın uşaqlıqdan ürəyində hərbiyə sevgisi var idi. Hər zaman da deyirdi. İşinə çox bağlı insan idi. Zeynal ilə biz qonşu idik. Hətta onunla eyni məktəbdə təhsil almışıq. Onunla bağlı xatirələrim hədsiz çoxdur. Lakin danışmaqda çətinlik çəkirəm…

– Yoldaşınız sizə döyüşə yollanmağından bəhs etmişdimi?

– Zeynal hərbçi idi. Uzun zaman idi ki, təlimlərə gedirdi. Xüsusi Təyinatlı Qüvvələrdə tez-tez təlimlər olurdu. Lakin 2020-ci ildə təlimlərin sayı daha da artdı. Amma mənə heç nə demirdi. Müharibə olacağı ağlıma belə gəlmirdi. Pis olaram deyə məndən gizlədirdi.

Sonuncu dəfə Zeynalı sentyabr ayının 25-də gördüm. Məni rayona aparmaq üçün gəlmişdi. Həmin gün vidalaşdı. Mənə demişdi ki, təlimə gedirəm, ancaq ayın 27-də xəbər tutdum ki, döyüş başlayıb. Müharibə haqqında danışmağı xoşlamırdı. Sonradan öyrəndik ki, döyüşməklə bərabər, yaralı döyüş yoldaşlarına da yardım edib.

Həmin gün çox qəribə idi. Mənə dedi ki, narahat olma, hər şey yaxşı olacaq. Amma nədənsə çox məyus idi. Qəmgin görünürdü. Mənim heç ağlıma gəlmirdi ki, müharibə başlayar. 

– Müharibədə olanda telefonla əlaqə saxlaya bilirdiniz?

– Müharibə başlayandan sonra çox az zəng edirdi. Oktyabrın 11-nə qədər cəmi iki dəfə zəng etmişdi. Son, üçüncü zəngi oktyabrın 11-də olmuşdu. Həmin gün danışdıq. Sonra mənə dedi ki, “zəng edəcəyəm”. Amma bir daha zəng gəlmədi. Gözləyə-gözləyə qaldıq. Sonra xəbər gəldi ki, oktyabrın 19-dan 20-nə keçən gecə şəhid olub.

– Övladınızın adını əvvəldən düşünmüşdünüz?

–  Oğlum Zeynal atası şəhid olandan səkkiz gün sonra, yəni oktyabr ayının 28-də dünyaya gəlib. Həmin gün çox ağır idi. Düşmənimə belə, arzu etmirəm. Yaşadığım o anları dilimə gətirməkdə çətinlik çəkirəm.  

Oğlum atasına çox bənzəyir. Üz mimikaları, gülüşü, qəmzəsi – atasıdır. Düşündüm ki, adını qoyum. Oğlum atasının adını daim yaşatsın. Zeynal övladını görməyi çox istəyərdi. Qismət olmadı. O, körpəsini bağrına basa bilmədən bu dünyadan köçdü. Oğlum, inşallah, atasına layiq bir övlad olacaq.

Zeynal ilə uşaqlıqdan bir-birimizi sevirdik. Gözəl illərimiz olub. O şəhid olanda evliliyimizin bir ili tamam deyildi heç. Övladımızın olacağını bilirdi. Müharibə zamanı döyüş yoldaşına, “görəsən, oğlumu görmək mənə qismət olacaq?” deyib. Hər dəfə oğluma baxanda onun sözü yadıma düşür. Yoldaşım Zeynal şəhid oldu, oğlum Zeynal dünyaya gəldi. Arzularımız çox idi, sonsuz idi. İndi həmin arzuları mən yerinə yetirəcəyəm ki, Zeynalım rahat uyusun. Yuxularıma gülə-gülə gəlir, məni bağrına basır, gedir… Yoldaşımla qürur duyuram, o mənim ən dəyərlimdir”.

Vətən müharibəsinin başlanmasının üçüncü ildönümüdür…

Artıq üç il keçib. Hər il olduğu kimi, bu il yenə də həmin hissləri keçiririk. Həm qürur, həm də kədər hissi var. Kədər ona görədir ki, kaş Zeynal da qələbəni görərdi… Allah Ordumuzu qorusun!

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir