Müsahibə

Səhiyyə Nazirliyi yoqa, pilates və fitneslə məşğul olanlara xəbərdarlıq edib – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin, müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir”.

Bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin şöbə müdiri, həkim-fizioterapevt Təranə Məmmədova qurumun rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Bildiyiniz kimi, sentyabrın 8-i Ümumdünya Fizioterapiya Günüdür. Təranə xanım, bu günün tarixi haqqında qısa məlumat verərdiniz…

– 1951-ci ilin sentyabrında dünya əhalisi arasında sağlamlığa qayğı və onun qorunması barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Kopenhagendə Beynəlxalq Fizioterapiya Konfederasiyası yaradılıb. 1996-cı ildə Ümumdünya Fiziki Terapiya Konfederasiyası sentyabrın 8-nin Ümumdünya Fizioterapiya Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.

– Hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur?

– Müasir dövrdə fizioterapiya tibbin əvəzolunmaz sahəsidir. Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir.

Fizioterapiya zamanı Günəş şüası spektrləri, elektrodalğalar, maqnit və ultrasəs dalğalarının müxtəlif aparatlarda istifadəsi nəzərdə tutulur. Eyni zamanda, fizioterapiya müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bunlara həzm orqanları xəstəlikləri, sinir sistemi, tənəffüs, ginekoloji, uroloji, cərrahi, oynaq xəstəlikləri və s. aiddir.

– Doktor, əzələ boşluğu zamanı fizioterapiya müalicəsi tətbiq olunurmu?

– Əzələ boşluğu dedikdə miasteniya xəstəliyi nəzərdə tutulur. Miasteniya autoimmun mənşəli sinir əzələ keçiriciliyinin pozğunluğu nəticəsində eninəzolaqlı əzələlərin süstlüyü ilə xarakterizə olunan xroniki proqressivləşən xəstəlikdir.

Fizioterapiya müalicəsi xəstəliyin yüngül formasında və ümumi möhkəmləndirici sinir əzələ keçiriciliyini nisbətən bərpa etməsi məqsədilə tətbiq edilir.

Fizioterapiya prosedurlarına aiddir:

– elektrofarez (prozerin, vitamin B1);

– UBŞ (ultrabənövşəyi şüalar);

– hidroterapiya (mirvari vanna);

– MBT (müalicəvi bədən tərbiyəsi).

– Hansı xəstəliklərin fizioterapevtik müalicəsi pasiyenti cərrahi müdaxilədən xilas edir?

– Fizioterapiyanın qeyri-invaziv üsullarla aparılması onun üstünlüyündən xəbər verir. Bu müalicə metodu ilə xroniki xəstəliklərin remissiya dövrünü uzatmaqla bilavasitə patoloji proses nahiyəsinə təsir göstərmək mümkündür.

Fizioterapiya kursundan sonra müalicənin effekti nəinki uzunmüddətli (bir-altı ay), hətta daha çox qalır.

Bir çox xəstəliklərin ilkin dövründə müraciət edildiyi halda cərrahi müdaxiləyə ehtiyac yaranmır və fizioterapiya ilə sağalmaq ehtimalı artır.

Hazırda geniş yayılmış xəstəliklərdən biri də fəqərələrarası disk qabarması və yırtığıdır. Kiçik fəqərələrarası disk yırtığının yerləşməsi foraminal, yəni sinirin kanallardan çıxan dəliklərində ola bilər. Bu da kəskin ağrılarla müşahidə olunur. Belə hallarda xəstəyə cərrahi müdaxilə göstərişdir.

– Uşaq və yeniyetmələrdə sümük sağlamlığı hansı yaş aralığında daha önəmlidir? Bu yaş aralığında qidalanmada nəyə diqqət edilməlidir?

– Kalsium və fosfat duzlarının çökməsi nəticəsində minerallaşan sümük öz struktur möhkəmliyini yaradır. Döldə sümüyün üçdəbir hissəsinin minerallaşması hamiləliyin üçüncü ayında bətndaxili baş verir.

Doğuşdan başlayaraq yetkinliyədək (orta hesabla qızlar üçün 12,5 yaşa, oğlanlar üçün isə 14 yaşadək) sümüyün mineral tərkibi 40 dəfə artır. 18 yaşında isə sümük kütləsi təxminən 90% artır. Sümüklərin sağlamlığı səhhətin ümumi vəziyyəti üçün çox vacibdir.

Mütəmadi olaraq fiziki təlimlər, balanslaşdırılmış pəhriz, zərərli vərdişlərdən imtina:

– bədən üçün dayaq olaraq onun hərəkətliyini təmin edir;

– əsas mineral deposu kimi fəaliyyət göstərir;

– hətta böyüklərdə sümük öz inkişafını dayandırmır. Əksər böyüklərin skeleti hər 10 ildən bir bərpa olunur.

Valideynlərə uşaqlara şəxsi gigiyena qaydaları haqqında anlayış aşılamaq tövsiyə olunur. Eyni zamanda, uşaqlar mütəmadi olaraq açıq havada gəzməlidirlər. Belə ki, insan orqanizmində D vitamininin 90%-i Günəş işığının təsiri altında dəri altında sintez olunur. Əgər dəriyə Günəş şüası düşmürsə, o zaman D vitamininin hasilati zəif olur.

Sümüyün möhkəmlənməsinə və quruluşuna kömək edən əsas qidalara aiddir:

– kalsiumla zəngin olan qidalar. Süd, qatıq və pendir kimi məhsullar sümüyün gücünə və quruluşuna mükəmməl kömək edən kalsium mənbəyidir;

– qoz, fındıq məhsulları sümüklərin möhkəmliyinə kömək edir;

– çia toxumu, kətan, balqabaq, küncütdən üyüdülmüş şəkildə istifadə çox faydalıdır;

– tərəvəzlərdən brokoli, kələm və ispanaq ən yaxşı qida növü hesab olunur;

– paxlalı bitkilər sümüklər üçün ən yaxşı qidalandırıcı santral bitki yeməyidir;

– balıq növləri D vitamini ilə zəngindir.

– Bəzi pasiyentlər həkim təyinatı olmadan ev şəraitində müxtəlif idman hərəkətləri edirlər. Hansı xəstəliklərdən əziyyət çəkənlər və ya özündə hansı narahatlığı hiss edənlər bundan çəkinməlidirlər?

– Qeyd etmək istəyirəm ki, yoqa, pilates və fitnes proqramlarında təcrübəsiz insanlar üçün tövsiyə olunmayan hərəkətlər var. Təəssüf ki, əksər hallarda insanlar yalnız kəskin ağrılar zamanı həkimə müraciət edirlər.

İdman müalicə növüdür, eyni zamanda, idman fərdi şəkildə planlaşdırılmalıdır. Xüsusilə dayaq-hərəkət sistemi xəstəliklərində (skolioz, kifoz, fəqərələrarası disk yırtığında) daha diqqətli olmağınız tövsiyə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir