Müsahibə

“Biz şadıq ki, ölkəmizdə Azərbaycan auditoriyasını məlumatlandıran büro fəaliyyət göstərir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Biz jurnalistlər ittifaqı olaraq mətbuat katibləri ilə, Ukrayna silahlı qüvvələri ilə əlaqə saxlayırıq. Ən yaxşı təşkilatçılıq üçün jurnalistlərin mətbuat katibləri ilə birgə qatılacağı təlimlər keçirmək istəyirik. Biz istəyirik ki, jurnalistlər təhdid kimi yox, öz auditoriyasına həqiqəti çatdırmaq istəyən peşəkarlar kimi görünsünlər. Ona görə də biz ittifaq olaraq bu təcrübəni başqalarına ötürmək üçün başqa jurnalistləri də cəlb etmək istəyirik. Bu müharibədə Ukrayna Rusiya ilə eyni təcrübənin adını daşımamalıdır”.

Bu barədə Ukrayna Milli Jurnalistlər İttifaqının sədri Sergiy Tomilenko “Report”un Şərqi Avropa bürosuna müsahibəsində bildirib.

Müsahibəni təqdim edirik:

– İl yarımdan çoxdur Ukraynada Rusiyanın apardığı müharibədə mətbuatın fəaliyyətini necə dəyərləndirirsiniz?

– Təbii ki, informasiya cəbhəsi çox vacibdir. Çünki biz görürük ki, ukraynalılara işğalçılara qarşı müqavimət göstərməyə və müdafiə etməyə kömək edən obyektiv vasitə informasiyadır. Digər tərəfdən, Rusiya üçün informasiya, yəni təbliğat komponentinin hərbi kampaniyanın elementi olduğunu görürük. Görürük ki, bu, onlar tərəfindən Ukraynada, Qafqazda və digər yerlərdə də belədir. Rusiya başqa ölkələrin ərazilərini işğal etmək üçün təbliğat aparır. Bu gün Ukraynanın demokratik ölkələr sırasında, inkişaf etmiş ölkələr sırasında olduğuna inanırıq. Çünki biz kifayət qədər informasiya sahəsində açığıq və buna uyğun olaraq jurnalistlər Rusiyanın mövcud hərbi cinayətlərini işıqlandırırlar. Məhz buna görə biz böyük həmrəylik qazanırıq. Təbii ki, Ukraynadakı jurnalistlər üçün də çətinliklər var. Onlardan biri təhlükəsizlik məsələsidir, çünki bu gün demək olar ki, hər bir jurnalist özünü riskə məruz qoyan müharibə jurnalistidir. Ona görə də biz onları gülləkeçirməz jiletlər, dəbilqələr və ilk yardım dəstləri ilə qorumaq istəyirik.

Jurnalistlərin daha təhlükəsiz iş şəraiti olmalıdır. Biz də bu məqsədlə seminarlar, təlimlər keçiririk. Bilirik ki, böyük iqtisadi böhran olduğu üçün jurnalistlər üçün çox çətindir. Müharibə reklam bazarını, əhalinin gəlirlərini məhv etdi. Bu, jurnalistlər üçün iqtisadi durğunluqdur. Yəni, jurnalistlər könüllü olaraq, yaxşı iş görür, işıqlandırır, lentə alır, amma yenə də medianın dayanıqlı olması, insanların informasiya əldə etməsi üçün onlara iqtisadi dəstək lazımdır.

– Müharibə müddətində bu sadaladığımız çətinliklər üzündən Ukraynada neçə redaksiya fəaliyyətini dayandırıb?

– Redaksiyaların təxminən üçdə biri bağlandı. Bunlar ölkəmizə qarşı işğal, müharibə, iqtisadi faktorlar səbəbindən baş verdi və çoxu da regionlardadır. Mətbuat sahəsində çalışan şəxslərin sayının azalması da baş verdi. Yüzlərlə jurnalist işindən ayrılıb könüllülərə və ya orduya qoşulur. Başqa bir kədərli faktı da qeyd etmək istərdim – bunlar həlak olan jurnalistlərdir.

– Müharibənin əvvəlindən Ukraynada nə qədər jurnalist həlak olub?

– Təəssüf ki, 70-dən çox media işçisi və jurnalist həlak olub. Lakin bu 70-in arasında biz 3 kateqoriyanı ayırırıq: Krımda öz peşə borcunu yerinə yetirərkən həlak olmuş 15 jurnalist, digər 2 qrup isə jurnalistika fəaliyyətində və mülki həyatda olan qurbanlardır. Məsələn, o zaman Mariupolda həlak olanların arasında Ukrayna Silahlı Qüvvələrinin sıralarına səfərbər edilmiş əsgərlər olan jurnalistlərdir və biz də bu siyahını özümüzdə saxlayırıq. Çünki əslində bu mənfur müharibə olmasaydı, bu jurnalistlər və media işçiləri işlərinə davam edərdilər.

– Həlak olan 70 nəfər ancaq ukraynalı jurnalistlərdir?

– Xeyr, bu 70 nəfər arasında xarici jurnalistlər də var: Litvadan, ABŞ-dən, Fransadan, Böyük Britaniyadan olan media nümayəndələri də Ukraynada həlak olublar. Buna görə də həlak olanların ailələrinə başsağlığı veririk.

– Dünya mətbuatının bir çox nümayəndələri, o cümlədən biz də müharibənin ilk günündən buradakı həqiqətləri göstərməyə çalışırıq. Xarici jurnalistlər üçün ölkənizdə yaradılan şəraiti necə qiymətləndirirsiniz?

– Təbii ki, bu gün Ukrayna hökuməti, silahlı qüvvələri jurnalistikada fəaliyyəti müharibə fonunda sadələşdirməyə çalışır. Çünki Ukrayna beynəlxalq KİV-də işıqlandırılma vasitəsilə böyük dəstək və həmrəylik əldə edir. Nobel Sülh Mükafatı laureatı Oleksandra Matviyçukun vurğuladığı kimi, məhz Buça və İrpendəki vəhşiliklər beynəlxalq mediada nümayiş etdirildikdən sonra Rusiya şərinin ifşasında ciddi dönüş nöqtəsi oldu. Ukraynada on minlərlə jurnalist işləyir, təbii ki, çətinliklər var, ona görə də biz bunun necə çətin olduğunu görürük. Eyni zamanda jurnalistlərin özləri birbaşa qadağalardan, təqiblərdən şikayətlənmirlər. Təbii ki, kimlərsə media işçisi deyilsə və Rusiya ilə bağlılığı varsa, xüsusi xidmət orqanları bunu yoxlayırlar. Onların terrorçu ölkənin mediası ilə əməkdaşlıq edib-etmədiyi araşdırılır. Məsələn, kommunist-fransız jurnalında işləyən müxbirə, eləcə də, əvvəllər ispan-rus təbliğat lentinə rəhbərlik etmiş ispan jurnalistə qarşı bu səbəbdən imtina cavabı verildi. Biz hesab edirik ki, bu, ədalətlidir, çünki onlar rus təbliğatının aləti olublar, ona görə də onlara inam yoxdur. Yeri gəlmişkən, biz şadıq ki, Ukraynada Azərbaycandan olan jurnalist işləyir, bu o deməkdir ki, mühüm hadisələrlə bağlı Azərbaycan auditoriyasını birbaşa məlumatlandıran daimi büro, nümayəndəlik var.

– Bir neçə gün əvvəl müdafiə nazirinin müavini Anna Malyar iddia etdi ki, cənub istiqamətində xarici mətbuat (bu, deyəsən ABŞ-dən olan jurnalistlər idi) çəkilişləri edib yayımladıqdan sonra düşmən bu görüntülərdən istifadə edib Ukrayna ordusunun bir briqadasına zərbə endirib. Ardınca da xəbər yayıldı ki, Silahlı Qüvvələrin Baş Komandanı Valeriy Zalujnıy xarici jurnalistlərin cəbhə bölgəsinə səfərinə məhdudiyyət qoyur. Sizcə, bu məsələdə doğrudanmı günahkar jurnalistlərdir?

– Vurğulamaq istərdim ki, bu xəbər həqiqətən də çoxlu sual doğurdu, eyni zamanda, biz Ukrayna Milli Jurnalistlər İttifaqı olaraq Baş Qərargaha sorğu hazırladıq. Sorğudan sonra 3 gün ərzində vəziyyət öz həllini tapdı və rəsmi məlumat verildi ki, mətbuat işçilərinin standart işi, o ərazilərə standart giriş proseduru bərpa olunur. Bu gün bu məsələdə texniki fikir ayrılığı olması ilə bağlı izahat var. Eyni zamanda mən nazir müavini ilə bu barədə danışmışam. Amma mən hələ də düşünürəm ki, bu böyük müharibədə Rusiyanın informasiya və kəşfiyyat məlumatları əldə etmək üçün daha çox vasitələri var. Ona görə də bu kimi bir çox yoxlama tipli tədbirlər mənim fikrimcə, jurnalistikaya qarşı hər hansı neqativ münasibət demək deyil.

– Ola bilərmi bu məsələdə yerlərdəki press zabitlər kifayət qədər peşəkar iş təşkil etmirlər? Çünki Ukraynaya gələn xarici jurnalistlər kifayət qədər təcrübəsi olan və buna qədər digər müharibələri işıqlandıran jurnalistlərdir.

– Eyni sual hazırda Ukraynada mətbuat xidmətləri şəbəkəsində də aktualdır. Biz jurnalistlər ittifaqı olaraq mətbuat katibləri ilə, Ukrayna silahlı qüvvələri ilə əlaqə saxlayırıq. Ən yaxşı təşkilatçılıq üçün jurnalistlərin mətbuat katibləri ilə birgə qatılacağı təlimlər keçirmək istəyirik. Biz istəyirik ki, jurnalistlər təhdid kimi yox, öz auditoriyasına həqiqəti çatdırmaq istəyən peşəkarlar kimi görünsünlər. Ona görə də biz ittifaq olaraq bu təcrübəni başqalarına ötürmək üçün başqa jurnalistləri də cəlb etmək istəyirik. Bu müharibədə Ukrayna Rusiya ilə eyni təcrübənin adını daşımamalıdır. Çünki Rusiya bir təbliğat maşını olan şər imperiyasıdır. Biz isə inkişaf etmiş dünyanın bir parçası olmalıyıq ki, bu dünyada söz azadlığı, jurnalistlərə hörmət əsas xüsusiyyətlərdən biridir.

– Yeri gəlmişkən, son vaxtlar Kiyevdə bəzi yerli məmurlar ilə xarici jurnalistlər arasında narazılıqlar, jurnalistlərə qarşı məhdudiyyətlərin şahidi oluruq. Söz və hüquqi azadlığın əsas meyar olduğu, hazırkı müharibənin də azad Ukrayna uğrunda olduğunu nəzərə alsaq bu kimi hallar nə ilə nəticələnə bilər? Bununla bağlı rəhbərlik etdiyiniz ittifaq nə təklif edir?

– Biz Ukrayna Jurnalistlərinin Milli İttifaqı olaraq, təbii ki, qarşılıqlı görüşlər təşkil etmək istəyirik. Jurnalistləri başa düşməyə qadir məmurlar lazımdır bizə. İnformasiyanı məhdudlaşdırmaq, bir qismə müsahibə, informasiya vermək, digərinə verməmək olmaz. Standartları başa düşmək və jurnalist ictimaiyyətindən rəy almaq üçün rəsmiləri platformamıza dəvət etməyə hazırıq. Düşünürəm ki, jurnalistlərlə münaqişə olarsa, müvafiq olaraq belə bir vəziyyət bizim gələcəyimizi qurmağa imkan verməyən pis siyasi mədəniyyət yaradacaq. Əgər nöqsanları tənqid etməsək, o zaman biz indi cəbhədə mübarizə aparan ölkəni qura bilmərik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir