Müsahibə

Aynur Sofiyeva: “Dünya Kuboku Nicat Abasovun şahmat karyerasında dönüş nöqtəsi olacaq” – MÜSAHİBƏ

Sharing is caring!


Bakıda təşkil edilən şahmat üzrə Dünya Kuboku dünən keçirilən həlledici oyunlarla başa çatıb. İyulun 30-da startı verilən mötəbər turnirin qalibi beşqat dünya çempionu Maqnus Karlsen olub. Hindistanlı Rameşbabu Praqnanandha və Azərbaycan qrosmeysteri Nicat Abasov şahmat dünyasını təəccübləndirsələr də, müvafiq olaraq çempionluq və bürünc medal uğrunda görüşdə təcrübəli rəqiblərinə uduzublar.

Yarışı yaxından izləyənlər arasında islam dünyasında qadınlar arasında ilk beynəlxalq qrosmeyster (1990) Aynur Sofiyeva da var idi.

16 yaşında qızların yarışında SSRİ, 20 yaşında tələbələrin mübarizəsində dünya çempionu olan, 20 yaşadək qızlar arasında dünya çempionatının və 1993-cü ildə Azərbaycan yığmasının heyətində 26 yaşadək şahmatçılar arasında mundialın gümüş medalını qazanan Aynur Sofiyeva hazırda Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

Qrosmeyster “Report”a müsahibəsində Dünya Kubokunun təşkilatçılığından tutmuş, azərbaycanlı şahmatçıların nəticələrinə qədər, bir çox məsələlərə toxunub.

– Bakıda keçirilən Dünya Kuboku dünən başa çatdı. Təəssüratınız necədir?

– Turnir möhtəşəm keçdi. Uzun fasilədən sonra ilk dəfə belə peşəkar səviyyədə yarış izləyirdim. Nostalji hisslər yaşadım. Dünya Kuboku məndə böyük təəssürat oyatdı. Yüksək səviyyədə keçməsinin əsas səbəbi güclü şahmatçıların iştirakı və maraqlı mübarizənin alınması idi. Təbii ki, Azərbaycanın ev sahibliyinin də buna töhfəsi az olmadı. Bağlanış mərasimində olarkən həm FIDE-nin, həm də şahmatçıların razı qaldıqlarının bir daha şahidi oldum. Onlar üçün çox gözəl şərait yaradılmışdı. Azərbaycan bu gün idman ölkəsi kimi qəbul edilir. Dövlətin bu istiqamətdə uğurlu siyasəti, idmançılarımızın, o cümlədən, şahmatçılarımızın dünya arenalarında nəticələri müxtəlif mühüm tədbirlərə ev sahibliyi etməyimizə yol açır. Azərbaycanda həmişə ən yüksək standartlara cavab verən tədbirlər keçirilir. Dünya Kuboku da növbəti belə yarışlardan biri idi.

– FIDE rəhbərliyi və qonaqlar təşkilatçılıqdan məmnunluq bildirdilər. Hadisələri yaxından izləyən biri kimi, görülən işlərə hansı qiyməti vermək olar?

– Azərbaycan Şahmat Federasiyası bu günə qədər çox yarışa ev sahibliyi edib. Hər birində həm şahmatçıların rahatlığı, həm oyun zamanı yaradılan imkanlar, həm də tamaşaçıların izləməsi baxımından təşkilatçılıq yüksək səviyyədə olub. Təkcə şahmat yox, digər idman növlərində də ev sahibliyi etdiyimiz tədbirlər daim yüksək qiymətləndirilib. Çünki Azərbaycan buradakı yarışlara həmişə diqqətlə, böyük məsuliyyətlə yanaşır. Beynəlxalq qurumlar da bunu yüksək qiymətləndirirlər. Bunda Azərbaycan Prezidenti İlham Əliyevin idmana olan diqqəti, qayğısı və xüsusi münasibəti böyük rol oynayır.

– Bir müddət əvvəl müsahibənizdə Maqnus Karlsenin dövrünün bitdiyini demişdiniz. Norveçli karyerasında ilk dəfə Dünya Kubokunu qazandı. Bu cür sonluq gözləyirdiniz?

– Açığı, Karlsen haqqında belə bir ifadə işlətdiyimi xatırlamıram. Yəqin ki, onun dünya şahmat tacı uğrunda görüşdən imtina etdiyi dövrə təsadüf etmişdi. Ancaq Karlsen Bakıdakı turnirdə öz gücünü bir daha göstərdi. Doğrudan da, çox güclü və maraqlı şahmatçıdır.

– Nicat Abasovun yarımfinala qədər irəliləməsi sensasiya kimi qələmə verildi. Siz də onun nəticələrini sürpriz hesab edirsiniz?

– Nicatın nəticəsi bizi çox sevindirdi. O, çox güclü şahmatçıdır. Açığı, bu turnirdə Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdan uğurlu nəticə gözləyirdik. Amma yarış Nicatın daha yaxşı hazırlaşdığını göstərdi. Öz üzərində çalışan, böyük potensiala malik şahmatçıdır. Çıxışı ilə də bunu sübuta yetirdi. Onun son görüşlərini izlədim. Nicatın gələcəkdə böyük uğurlar qazanacağına inanıram. Düşünürəm ki, bu turnir onun gələcək həyatında, şahmat karyerasında dönüş nöqtəsi olacaq. Bu, böyük uğurların hələ ilk pilləsidir.

– Digər şahmatçılarımız mübarizəni erkən dayandırdılar. Bu uğursuzluğu nə ilə əlaqələndirmək olar?

– Şahmatdan uzaq insan olmadığım üçün bu cür halları başa düşürəm. Nə qədər güclü olursan-ol, “hər turnirdə qələbə qazanacaqsan” kimi qanun yoxdur. Bəzən yarışda bəxtin gətirmir, ilk rəqibin elə güclü olur ki, uduzaraq mübarizəni erkən dayandırırsan. Əhvali-ruhiyyənin və səhhətində olan problemlərin də təsirini müəyyən görüşlərdə hiss edə bilirsən. Dünya Kuboku digər şahmatçılarımız üçün bir uğursuzluq anı idi. İnanıram ki, əvvəllər olduğu kimi, növbəti turnirlərdə də onlar bizi sevindirəcəklər.

– Şəhriyar Məmmədyarov turnirdən əvvəl müsahibəsində bildirmişdi ki, karyerasının sonlarıdır. Necə düşünürsünüz, o, həqiqətən də, tükənib?

– Bu fikirlə qəti razı deyiləm. Şəhriyar Azərbaycana hələ çox böyük nailiyyətlər qazandıracaq.

– Qadın şahmatçılarımızın uğursuz çıxışının səbəbini nədə görürsünüz?

– Qadın şahmatçılarımızın son zamanlardakı uğurları bizi çox sevindirir. Qadın şahmatının inkişafını açıq-aydın görə bilirik. Burada söhbət bir-iki nəfərdən getmir. Artıq güclü qadın şahmatçılardan ibarət böyük qrup formalaşıb. Bakıdakı Dünya Kubokunda nəticələr istədiyimiz kimi alınmasa da, bundan sonra böyük uğurların şahidi olacağımızı düşünürəm.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir