Müsahibə

Laçında gün-güzəran necədir? – Xaraba qalmış evimizlə doyunca danışdım

Sharing is caring!

Artıq yüzlərlə ailə Laçına – öz doğma yurd-yuvasına qayıdıb. Uzun illərdən sonra yurd həsrətinə son qoyanların Laçında gün-güzəranı necə keçir? Məişət problemlərini necə həll edirlər, hansı çətinliklərlə üzləşirlər?

Laçına qayıdan şəxslərdən biri də “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirovadır. İradə xanım Publika.az-a müsahibəsində Laçındakı durumdan danışdı.

– Laçından ayrıldığınız günlər yaddaşınızda necə qalıb?

 O günlərin acısı nəinki mənim, heç kəsin yadından çıxmır. Atəş səsləri bu gün də qulağımdadır. Düşünün ki, bir ana güllə yağışı altında qucağında iki körpəsi ilə öz doğma torpağından, evindən çıxıb. Evindən çıxanda nə bir cüt ayaqqabı götürüb, nə də üstünə örtməyə yorğan. O acı ilə yola düşdük. Maşın o qədər balaca idi ki, içinə heç nə yığa bilmədik. Mayın 8-i oradan çıxanda hava elə isti idi ki, nəfəs almaq olmurdu. Orada elə stress yaşamışdım ki, elə bilirdim uşaqlarım Bakıya çatana kimi sağ qalmayacaq. İstidən onlara nəsə olacaq. Gözümüzün önündə nə qədər insan şəhid oldu. İllərlə özümə gələ bilmədim. Çox dəhşətli günlər idi. Hələ də danışanda özümü pis hiss edirəm.

Köçkün həyatınız necə keçib?

– Güclə gəlib Bakıda məşkunlaşdıq. Məskunlaşandan sonra yoldaşımla hərəmiz bir işin qulpundan yapışdıq ki, ailəmizi saxlaya bilək. Tarix fənni üzrə orta məktəbdə dərs deyirdim. Övladlarım balaca olsa da, işləyirdim. O zaman kərpicdən, qamışdan olan evdə yaşayırdıq. Laçından gələndə əlimizdə bir dənə maşınımız var idi. 1992-ci ildən 2000-ci ilə qədər çox çətinliyimiz oldu. Oradan çıxanda elə bilirdik ki, tez zamanda dönəcəyik. Hər şey yuxu kimi gəlirdi. Amma 1 il, 5 il keçdi dönmədik… Bakıda yaşamağa məhkum olduq. Yavaş-yavaş özümüzə şərait qurmağa çalışdıq. Bir ailə düşünün ki, evindən çıxanda üstünə örtməyə yorğanı olmasın, su içməyə fincanı olmasın. 1995-ci ildən 2005-ci ilə qədər humanitar təşkilat vasitəsi ilə Azərbaycanın bütün regionlarında humanitar yardımın göstərilməsin də iştirak etdim. Əgər məcburi köçkünəmsə, digər məcburi köçkünlərin yanında olmalıyam düşüncəsi ilə işimə davam etdim. Daha sonra “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri kimi fəaliyyət göstərməyə başladım.

Fəaliyyətinizi köçkünlük dövründə çəkdiyiniz əziyyətlərlə əlaqələndirmək olar?

– Laçında baş verənlər bütün həyatımı dəyişdi. Bu sığınacağın əsas yaranma səbəbi elə müharibə dövründə çəkdiyim əziyyətlərlə bağlıdır. Fəaliyyətimi də sırf həyatıma bağladım. Aztəminatlı ailələrin uşaqlarını, kimsəsiz uşaqları həmin sığınacaqda himayə etməyə başladım. Həmin sığınacaq Şirvan şəhərində yerləşir. Müharibə dövründə o qədər kimsəsiz uşaqlar var idi ki, onlara ürək ağrısı ilə baxırdım. Hazırda sığınacaqda 20 uşaq var. Ən balacasının isə 2 yaşı var.

Laçına qayıdarkən yolu boyu hansı hisləri keçirirdiniz?

– Yolu boyu çox qəribə hislər keçirirdim. O sevincin izahı yoxdur. Həmişə deyirdim ki, Laçına çatdığım gün dizlərimi yerə qoyub gəzəcəyəm. Amma ayaqlarım ora çatanda tam tutulmuşdu. Heç addım ata bilmirdim. Bütün uşaqlığım, gəncliyim, həyatım gözümün önündən lent kimi gəlib keçdi. Orada olduğum 23 illik həyatımı elə bil ki, 1 saniyədə gördüm. Hətta bir an elə bildim ki, yenidən dünyaya gəlmişəm. Bu gün də özümü elə hiss edirəm. Sevincimi heç cürə izah edə bilmirəm. O sevincdən bəlkə də ürəyim partlaya bilərdi. Hara baxırdımsa, laçınlılar, balaca körpələr, yaşlılar. Hər kəsin gözləri gülürdü. Tanıdığım qonşular, sinif yoldaşlarım hamımız sevincdən bilmirdik ki, nə edək. İyulun 18-i Laçında yenidən göz açdım.

Məskunlaşdığınızdan bəri həyatınız necə davam edir?

– Məskunlaşdığımız gündən bu yana Laçının bütün küçələrini dolaşmışam. Ata yurdumu tapıb, saatlarla orada oturdum. O həyətdə keçən günlərimi xatırladım. Hansı ki, illər sonra ilk ayaq açdığım, oynadığım, məktəbə getdiyim, gəlin kimi çıxdığım evə həsrətlə baxdım. Evimiz viranə qalmışdı. Atamın, anamın xatirələri gözümün önündən getmirdi. Hər gün hazırda yaşadığım evdən ata yurduma getməyə can atıram, addımladıqca ürəyim elə çırpınır ki… Xaraba qalmış evimizlə doyunca danışıb, ağlayıram. Biz 31 il əvvəl böyüklərimiz ilə Bakıya getdik, amma Laçına onlarsız qayıtdıq. İtkilərimiz çox oldu. Demək olar ki, Laçını addım-addım gəzib, kəşf edirəm. Elə gözüm nəsə axtarır, sanki bu dəqiqə nə isə tapacağam. Kaş oradan bir dəmir parçası, bir kağız tapardım. Onu bağrıma basıb doyunca ağlaya bilərdim. Sevinərdim ki, 31 il sonra evimdən bunu tapmışam. Amma heç nə tapa bilmirəm. Dolu qoyduğumuz evi boş gördüm. Laçına qayıdarkən özümü yenidən doğulmuş kimi hiss elədim.

Günlük həyatınız necə keçir?

– Laçından heç çıxmaq istəmirəm. Elə bilirəm ki, bir də oradan çıxsam, qayıda bilməyəcəm. O an içimi qəribə vahimə bürüyür. Laçın bu dəqiqə çox gözəldir. Laçında bir ailə üçün lazım olan hər şey var. Mağazalarda nə istəsən tapmaq mümkündür. Qiymətlərə gəlincə isə Bakı ilə müqayisədə elə də fərq yoxdur. Hazırda orada əsasən ev işləri ilə məşğul oluram. Nəvələrimlə vaxt keçirirəm. Qonşularla söhbət edirik. Keçmiş günlərimizi yadımıza salıb üzülsək də, bu gün üçün sevinirik. Nəvələrimiz, gələcək nəslimiz üçün içimiz rahatdır. Günümün digər hissəsini isə Laçını gəzməklə keçirirəm. Gözlərim, qəlbim Laçından doymur. Gecə yatıram, səhər oyananda bir anlıq Laçında olduğumu unuduram. Bəzən ailəmlə söhbət edərkən “Laçında filan hadisə olmuşdu” deyirəm, halbuki Laçındayam. Bütün bunlar mənə yuxu kimi gəlir, həm də şirin yuxu…

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir