Müsahibə

“Qəbələ”nin baş meneceri: “Omoniya”nın büdcəsi bizdən təxminən 10 dəfə çoxdur” – MÜSAHİBƏ

Sharing is caring!


2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 4-cü yeri tutan və ölkə kubokunu qazanan “Qəbələ” cari mövsüm avrokuboklarla erkən vidalaşıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu “Omoniya”ya hər iki oyunda məğlub olan (2:3, 1:4) “qırmızı-qaralar” artıq yalnız daxili yarışlar barədə düşünə bilər.

Komanda Premyer Liqanın 2023/2024 mövsümündəki ilk oyununu avqustun 6-da səfərdə gümüş mükafatçı “Sabah”a qarşı keçirəcək.

“Report”un suallarını cavablandıran “Qəbələ”nin baş meneceri Nail Kərimov həm “Omoniya” ilə keçirilən matçları, həm də komandanın ölkə çempionatına hazırlığını dəyərləndirib.

– Evdəki mübarizədən sonra “Qəbələ”nin səfərdə də “Omoniya”ya çətin anlar yaşadacağı proqnozlaşdırılırdı. Böyükhesablı məğlubiyyətə səbəb kimi nəyi göstərmək olar?

– Xırda səbəbləri saysaq, sanki komanda oyuna yaxşı başlamadı. Ola bilər ki, stadionda yaranan ab-hava, Kiprdə havanın ağır olması təsir etdi. Bəzi futbolçular özlərini rahat hiss etmədilər, uğurlu start götürə bilmədik. Məsələn, İlkin Qırtımov isinmə hərəkətləri zamanı yüngül zədə aldı. Hətta protokolda dəyişiklik də edə bilərdik. Sonda meydana çıxmasına qərar verildi. Lakin mübarizəni davam etdirə bilmədi, məcburi əvəzləməyə əl atıldı. Digər oyunçularımızda da narahatlıq olduğu görünürdü. Məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Sadəcə, səbəb kimi bunları göstərə bilərəm.

– İki oyunun cəmində 7 qol buraxdınız. Komandanız avrokuboklara hazır deyildi, yoxsa püşkdə bəxtiniz gətirməmişdi?

– İlk oyundakı mübarizə komandanın avrokuboklara hazır olduğunu göstərirdi. Ancaq cavab görüşündə həmin mənzərəyə şahidlik edə bilmədik. Futbolda hər şey mümkündür. Mövsümə nə dərəcədə hazır olduğumuz qarşıdakı çempionat matçlarında daha aydın görünəcək. Ümumilikdə, həqiqətən də, bizə güclü rəqib düşmüşdü. “Omoniya”nın rəhbərliyi ilə söhbətimizdə də bizə məlum oldu ki, əsas komandalarının büdcəsi bizdən təxminən 10 dəfə çoxdur. Bu da istər-istəməz özünü göstərir. “Omoniya” yaxşı futbol göstərən komanda olmaya bilər. Amma fərdi cəhətdən güclü oyunçuları var ki, onlar da həmin fərqi yarada bildilər. Püşkdə daha güclü rəqib də düşə bilərdi. Potensial rəqiblər arasında “Fənərbağça” və PAOK da var idi. Amma digər tərəfdən “Neman” – “Vaduts” cütlüyünün qalibinə də rəqib ola bilərdik. “Neman” rəqibini keçdi, Malta komandası ilə düşdü. Yəni uyğun rəqiblərlə qarşılaşdı. Püşkü idarə etmək mümkün deyil. UEFA da hiss edir ki, Konfrans Liqasının II təsnifat mərhələsində bəzən güc balansı uyğun gəlmir. Buna görə də format dəyişəcək. Növbəti mövsümdən reytinqi yüksək olan ölkələrin çempionatda 2-ci yeri tutan və ya kuboku qazanan komandaları Avropa Liqasında çıxış edəcəklər. Belədə Konfrans Liqası bir az yüngülləşəcək.

– Kiprdə hansısa problemlə üzləşmədiniz?

– Kiprdə xırda məsələlər oldu. Ancaq klubun yanaşması fərqlidir. “Omoniya”nın Kiprin digər klublarından fərqləndiyi haqqında əvvəlcədən məlumatımız var idi. Özləri də bunu bildirmişdilər. Həmçinin, “Qarabağ” rəsmiləri ilə görüşümüzdə onlar da demişdilər ki, “Omoniya” daha tolerant klubdur. Adı da sülh mənasını verir. Bunu əməllərində də göstərdilər. Stadionda, meydançada və ondan kənarda maksimum kömək etməyə çalışdılar. Stadionun ərazisində heç bir qıcıqlandırıcı hadisə, təxribat olmadı. Kiprdə belə hallar baş verə bilir. Vaxtilə “Apollon”la görüş zamanı tribunada Azərbaycan bayrağına qarşı təhriqamiz hərəkətlər etmişdilər. Amma bu dəfə belə durumla üzləşmədik. İlk oyunun Qəbələdə keçirilməsinin də buna təsiri olmuşdu. Biz “Omoniya”ya necə münasibət göstərmişdiksə, eyni şəkildə cavab aldıq.

– Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü start götürür. Qarşıya qoyulan hədəf nədir?

– Çempionatdakı hədəf son üç ildə davam etdiyimiz yoldur. İlk növbədə qarşıdakı oyunda qələbə qazanmaq istəyirik. Ümumilikdə son iki ildə əldə etdiyimiz nəticələr, komandamızın oyunu yenə avrokubok zonasında olacağımıza ümid verir. Yeni futbolçularımızın potensialı da buna imkan verir. Ötən mövsümlərdən bizimlə birlikdə olanlara da inamımız böyükdür. Bunu onları komandada saxlamaqla da göstərmişik. Baş məşqçimizin bacarığına şübhəmiz yoxdur, işini bacaran mütəxəssisdir. Hədəfimiz həm növbəti oyunda qələbə qazanmaq, həm də yekunda avrokuboklara vəsiqə verən zonada qərarlaşmaqdır.

– Transfer bazarındakı fəaliyyətiniz davam edir, yoxsa bu məsələni yekunlaşdırmısınız?

– Əslində, komandaya bir futbolçu cəlb etmək istəyirik. Bu ehtiyacı hiss edirik. Xüsusən də, vinger mövqeyini gücləndirmək niyyətindəyik. Marafon uzundur, ehtiyac çox olur. Hücum xəttindəki oyunçuların zədələnmək ehtimalının daha yüksək olduğunu da nəzərə alırıq. Bu səbəbdən ön xəttə bir oyunçu götürmək vacibdir. Lakin hazırda büdcəmiz buna imkan vermir. Danışıq apardığımız, bəyəndiyimiz futbolçular var. Sadəcə, gözləmə mövqeyindəyik. Hansısa əlavə maddi dəstək olarsa, o zaman transfer barədə düşünəcəyik. Əks halda, təəssüf ki, məsələni bağlamaq məcburiyyətində qalacağıq. Ümid edirik ki, əlavə büdcə yaranar, istədiyimiz oyunçunu gətirərik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir