Müsahibə

Xidmət rəisi: “XXI əsrin üçüncü onilliyində tullantılardan danışmaq biabırçılıqdır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Vətəndaş cəmiyyətində belə bir yanlış fikir var. Onlar düşünürlər ki, hər bir ağacın altında bir məmur dayanmalıdır, ovlanması qadağan olunan hər heyvanın yanında bir nəzarətçi olmalıdır, hər tullantı atan adamı da bir məmur izləməlidir və s. Əslində, bu belə deyil və fiziki olaraq mümkün də deyil. Dünyanın heç yerində belə bir hal yoxdur, ola da bilməz”.

Bu fikirləri Oxu.Az-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Onunla müsahibəni təqdim edirik:

– Hikmət müəllim, hər il mövsümdən asılı olmayaraq məişət tullantılarının yaratdığı problemlər gündəm olur. XXI əsrdə zibil niyə problem olsun axı?

– Bir xidmət rəisi kimi yox, insan kimi bu mövzunun müzakirəsi məni, həqiqətən, incidir. Çox təəssüf hissi ilə deməliyəm ki, cəmiyyət olaraq məişət tullantılarının sivil qaydada toplanmasını təşkil edə bilmirik. Amma bir çox hallarda özümüzü Avropa ölkələri, sivil ölkələrlə müqayisə edirik. Bunun üçün ilk növbədə məişət tullantılarının çeşidlənməsi həyata keçirilməlidir. Bu, ilk olaraq bizim evlərimizdən başlamalıdır. Çünki əgər vətəndaş öz evində tullantıları – plastik, kağız, bərk tullantılar, üzvi maddələr və sair kimi çeşidləməsə, onu necə çeşidlənmiş zibil konteynerlərinə ata bilər? Mən çox az insan tanıyıram ki, bu çeşidləməni evində edir.

Təəssüf ki, bu gün cəmiyyətimiz hələ də bu meyarları qəbul etmir. Düzdür, pilot layihələr həyata keçirilir. Mən bilirəm ki, bir sıra küçələrdə çeşidlənmiş zibil konteynerləri qoyulur. Bəs regionlarda? Bu pilot layihə bütün regionu əhatə edirmi? Yəni artıq bu, bir problemdir.

Amma daha böyük problem, daha acınacaqlı vəziyyət regionlarda tullantıların daşınması məsələsidir. Bu çox aktual mövzudur. Tullantıların toplandığı yerlərdən ümumiyyətlə daşınmaması, yaxud da vaxtı-vaxtında daşınmaması çox ciddi problemlərdən biridir.

– Niyə tullantıların toplanması və daşınması prosesi normal qaydada icra edilmir? Səbəb və ya səbəbkar kimdir?

– Bu məsələdə birbaşa cavabdeh qurum icra hakimiyyətləri nəzdində olan Mənzil-Kommunal Təsərrüfatı Birlikləridir və bu, onların birbaşa vəzifəsidir. Məişət tullantılarının vaxtı-vaxtında daşınmasını həyata keçirmək lazımdır. Növbəti problem isə daşınan məişət tullantılarının haraya aparılmasıdır. Bakı şəhərində “Təmiz şəhər” ASC fəaliyyət göstərir və toplanan tullantılar oraya daşınaraq müvafiq normalara uyğun şəkildə utilizasiyaya və yenidən emala yönləndirilir. Balaxanı ərazisində müasir tələblərə uyğun tullantıların çeşidlənməsi zavodu var. Burada utilizasiya prosesi atmosferə minimum təsirlə icra edilir. Regionlarda isə bu yoxdur.

Əksər regionlarda bu cür zibil poliqonları ya yoxdur, ya da olanların vəziyyəti həddən artıq acınacaqlıdır. Çünki o poliqonlar idarə olunmur. Onların ətrafı açıqdır, o poliqonlara vəhşi heyvanlar gəlir. Hətta bəzi insanlar, təəssüf ki, o poliqonlardan dəmir məhsullarını toplamaq üçün mütəmadi yanğınlar törədirlər. Əlbəttə, bu da son nəticədə bizim təbiətimizə ziyan vurur. Çünki onların da idarə olunması xüsusi qaydalara uyğun təşkil olunmalıdır, torpaqlanmalıdır, basdırılmalıdır, bir sözlə, daimi nəzarət olmalıdır.

Digər bir amil istehsalatda əmələ gələn tullantılardır. Əlbəttə ki, bu, daha geniş mövzudur. İstehsalat tullantıları – metallurgiya, kimya, neft sənayesində formalaşan tullantılardır. Eləcə də tibbi tullantılar var ki, təhlükəsinə görə dörd təsnifata bölünür. Onların hər biri təsnifatı üzrə müvafiq norma və qaydalara uyğun toplanmalı, daşınmalı, xüsusi qaydada utilizasiya olunmalıdır. Amma bizim əhalini ən çox narahat edən birinci növbədə istehsalat və məişət tullantılarıdır. Çünki bu, bizim gözümüzün önündədir. Dediyim kimi, buna da cavabdeh qurum Mənzil-Kommunal Təsərrüfatı Birlikləridir.

– Bəzən tullantıları heç zibil qutularına da atmırlar. Binaların, nəqliyyat vasitələrinin pəncərəsindən tullayır, küçələrdə elektrik dirəklərinin dibinə yığırlar. Bununla necə mübarizə aparmaq olar?

– Əlbəttə, məişət tullantılarının ərazilərə səpələnmə halları da olur. Bəzən biz görürük ki, tullantıların toplanması üçün nəzərdə tutulmayan ərazilərə məişət tullantıları səpələnib. Həmin ərazi biabırçı bir vəziyyətdədir. Bu halda artıq bələdiyyələrin də məsuliyyəti yaranır. Çünki bələdiyyə rəhbərləri o ərazilərə seçim yolu ilə təyin ediliblər. Əhaliyə xidmət etmək üçün o vəzifədə çalışırlar.

Belə halda ən azından həmin ərazilərdə bir iməcilik keçirilməli, ərazilər təmizlənməlidir. Həmin əraziyə plakat qoyulmalıdır ki, bura məişət tullantısı üçün nəzərdə tutulmayıb. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi istehsalat və məişət tullantıları haqqında qanunvericiliyi əsas götürərək, öz nəzarət tədbirlərini görür.

– Bu ilin altı ayında bu istiqamətdə nazirlik tərəfindən görülən işlərin statistikası varmı?

– Bəli, biz bu sahədə dövlət nəzarətini həyata keçiririk. Sadaladığımız hallar baş verdikdə onların qarşısının alınması üçün təkcə bu ilin altı ayı ərzində 564 akt, 139 protokol tərtib edilib. Ümumilikdə 162 600 manat cərimə tətbiq olunub. Eyni zamanda, müvafiq Mənzil-Kommunal Təsərrüfatı Birliklərinə vəzifə səlahiyyətlərini vaxtı-vaxtında icra etmədikləri, nöqsanlara yol verdikləri üçün 244 məcburi göstəriş verilib.

– Hikmət müəllim, bəs vətəndaş cəmiyyətində bu məsələlərə münasibət necədir?

– Əslində, bu mövzuya toxunacaqdım. Vətəndaş cəmiyyətində bununla bağlı münasibət tam fərqlidir. Bu gün o çirklənməyə yol verən, həmin tullantıları sağa-sola səpələyən kimdir? Elə özümüz. Bəzi jurnalistlərlə söhbət zamanı təbiəti zibilləyən, məişət tullantılarını ətrafa səpələyən insanlara yüksək məbləğdə cərimə tətbiq olunmasını tövsiyə edirlər. Hər kəs deyir ki, niyə bu hallarla bağlı məsuliyyəti, cərimə məbləğini qat-qat artırmırsınız? Biz vətəndaşı cərimələməyə meyilli deyilik. Bu, çıxış yolu deyil. Başa düşməliyik ki, bu gün biz sivil bir cəmiyyətdə yaşayırıqsa, XXI əsrin üçüncü onilliyinə qədəm qoymuşuqsa, tullantıların idarə olunmamasından şikayətlənmək, tullantıların ətrafa atılması özü biabırçı vəziyyətdir. Buna yol vermək biabırçılıqdır.

Mən deyərdim ki, bu davranış mədəniyyətsizliyin ən son həddidir. Bizim dahi ziyalılarımız Mir Cəlal, Cəlil Məmmədquluzadə öz əsərlərində bildiriblər ki, mədəniyyət olmasa, heç nə yolunda getməz. Hər şeyin təməli mədəniyyətdən başlayır. Axı necə ola bilər ki, müasir dövrdə insan yediyini küçəyə atsın? Acınacaqlı durumdur. Mübarizə təkcə cərimə ilə həll olunmur. Ümumiyyətlə, vətəndaş cəmiyyətində belə bir yanlış fikir var. Onlar düşünürlər ki, hər bir ağacın altında bir məmur dayanmalıdır, ovlanması qadağan olunan hər heyvanın yanında bir nəzarətçi olmalıdır, hər tullantı atan adamı da bir məmur izləməlidir və s. Əslində, bu belə deyil və fiziki olaraq mümkün də deyil. Dünyanın heç yerində belə bir hal yoxdur, ola da bilməz.

Bu nə məmurun işidir, nə texniki vasitələrlə öhdəsindən gələ biləcəyimiz məsələdir. İnsanların qınaq metodu olmalıdır. Ötən gün Kür çayının zibillənməsi ilə bağlı məlumat daxil olmuşdu. Təsəvvür edin, kənddə yaşayan insanlar tullantıları birbaşa o ərazidən keçən Kür çayına tökürlər. Bu o deməkdir ki, oradan 200 metr aşağıda yaşayan sakinlər həmin o tullantılarla çirklənən çayın suyunu içir. Acınacaqlı haldır. Biz düşünürük ki, nəzarət mexanizmi təkmilləşməlidir. Evdə tərbiyəvi söhbətlər aparılmalıdır. Bununla bağlı məktəblərdə çox ciddi təlimlər keçirilməlidir. “Həyat bilgisi” dərslərində, təlimlərdə məişət tullantılarının çeşidlənməsi, toplanma və müvafiq utilizasiya qaydaları tədris edilməlidir. Yalnız bundan sonra tullantıların idarə edilməsi ilə bağlı məsələlər, bəlkə, öz həllini tapar. Yəni bu məsələyə bütün vətəndaş cəmiyyəti ilə birgə çıxış yolu tapmalıyıq.

– Son vaxtlar sosial şəbəkələrdə dekorativ bitkilərə ziyan vuran insanların görüntüləri yayılırdı. Bu görüntülərdə ictimai qınaq olsa da, sanki artıq insanlar bunu da nəzərə almırlar. Necə düşünürsünüz, insanları bu qədər laqeydliyə sövq edən nədir?

– Sadəcə, mədəniyyət. Bu, hansısa bir qurumun, hansısa qanunvericiliyin sərtləşməsi ilə həll olunan məsələ deyil. Təfəkkür, mədəniyyət qalxmalıdır. Məktəbdən, evdən, ən ibtidai bir vəziyyətdən ailəyə doğru cəmiyyət çalışmalıdır. Cəmiyyət çalışmasa, heç bir qurumun, heç bir qanunun gücü çatmaz problemi həll etməyə.

– Statistik nəticələrə əsasən, il ərzində təbiətə ən çox ziyan vurulan ərazilərə, tullantıların düzgün idarə edilmədiyi bölgələrə “Təhlükəsiz şəhər” kameraları vasitəsilə nəzarət mexanizminin təşkili mümkün ola bilərmi?

– Əlbəttə ki, texniki vasitələr inkişaf etdikcə, onlar bizim həyatımıza, fəaliyyət sahəmizə daha çox daxil olur. Beş il əvvəl biz ağac qırılmaları ilə bağlı faktları müəyyən etməkdə çətinlik çəkirdiksə, artıq bu gün müvafiq peyk görüntüləri ilə qısa zamanda dəqiqləşdirmə apara bilirik. Hətta keçmiş illərdə olsa da, biz ərazinin əvvəlki vəziyyətini görməklə məsələyə nəzarət edə bilirik. Bəli, düşünürəm ki, gələcəkdə bu kimi kamera sistemləri və digər müasir təhlükəsizlik sistemlərindən, texniki vasitələrdən istifadə etməklə məişət tullantılarının idarə edilməsinə nəzarəti təkmilləşdirə bilərik. Tək bununla da kifayətlənmək olmaz. Ümumiyyətlə, inzibati pozuntuların aradan qaldırılması üçün də bu vasitələrdən gələcəkdə mütləq qaydada istifadə ediləcək.

Bu gün biz meşə ərazilərinin bir hissəsinə kameralar quraşdırmışıq. Bir neçə il əvvəl böyük meşə qırıntıları daşınan yollardan bu gün heç kim keçmir. Axı böyük yük maşınıyla yola daxil olmalıdırlar, yoldan çıxmalıdırlar. Bu gün o yollardan istifadə edə bilmirlər, çünki kamera görüntüsü var. Amma biz kameraları meşələrin dərinliklərinə qoya bilmərik. Bizim bunu düşünməyimiz ayıb deyilmi? Həqiqətən, biz bu gün, təəssüf ki, belə mövzuları danışırıq və o hər addımda örnək çəkdiyimiz Avropa ölkələri ilə müqayisədə ibtidai düşüncədəyik. Müəyyən mənəvi keyfiyyətlər var ki, onlar nə alınır, nə də satılır. Onlar insanda ya var, ya da yoxdur. İnsanın, o dediyiniz kimi, bitkinin üstünü yazması, yediyini küçəyə atması, yaxud da tullantısını zibil qutusundan 50 metr kənara tullaması mədəniyyət cəhətdən böyük boşluq olduğundan xəbər verir. Bu, ayıb bir şeydir, bu, insana yaraşmayan xüsusiyyətdir. İbtidai səviyyədən ali səviyyəyə getmək üçün yüksək təfəkkürə malik olmaq lazımdır.

– Bəzən icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən MKTB-lərin nümayəndələrini yerində tapmaq olmur. Səlahiyyətlərini icra etmək yadlarına düşmür. Amma bir çox qeyri-hökumət təşkilatları (QHT) var ki, könüllü olaraq təbiətin mühafizəsi, təmizliyi üçün çalışırlar. Onlarla hər hansı bir formada birgə əməkdaşlıq mümkündürmü?

– Birinci növbədə nəzərə almalıyıq ki, bələdiyyələr sırf seçkili orqandır. Bələdiyyəni biz seçmirik, bələdiyyəni müvafiq ərazidə yaşayan şəxslər seçirlər. Xüsusən, bu məsələlərdə öz seçdikləri şəxslərə, onlara həvalə olunan vəzifəyə uyğun olub-olmadıqlarına diqqət etməlidirlər. Vətəndaşlar seçdikləri bələdiyyədən məsələlərin həllini tələb etməlidirlər. Amma dediyiniz kimi, müasir aktiv gəncliyimiz var. Özünü yaxşı mənada göstərmək istəyən, yaxşı mənada bacarıqlarını nümayiş etdirmək istəyən şəxslər konkret müraciət etməlidirlər. Mən düşünmürəm ki, bizdə elə bir QHT olacaq ki, bütün Azərbaycanı əhatə edən fəaliyyəti öz öhdəliyinə götürəcək. Amma konkret lokal müraciətlərlə bağlı bələdiyyələrlə iş mərkəzi var, oraya yaxınlaşmaq olar. Konkret bir problemi olan bələdiyyəyə müraciət oluna bilər ki, biz sizə könüllü yardım etmək istəyirik.

Hətta sizə deyim ki, biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bu işə ancaq dəstək verə bilərik. Biz özümüz də həmin o QHT üçün hətta lazımdırsa, könüllü elçi rolunu oynaya bilərik. Çünki nazirlik bu sahədə bir sıra məsələlərə könüllülük prinsipindən yanaşır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və əməkdaşları artıq bir neçə aydır ki, respublika üzrə müxtəlif ərazilərdə hər həftəsonu təmizlik aksiyaları keçirir. Bizə qoşulan çoxsaylı vətəndaşlar olur, bu aksiyalarla bağlı sakinlərdən çoxsaylı minnətdarlıq məktubları alırıq.

Düzdür, bu bizim funksiyamız, rolumuz deyil və xüsusən də, rəhbər şəxslərin vəzifəsi deyil. Amma bu, cəmiyyətə müsbət bir çağırışdır. Ölkəmizin, təbiətimizin təmizliyi naminə bu aksiyalar keçirilir. Bakı şəhəri ətrafında artıq növbəti həftələr üçün iki çağırış almışıq. Bu şənbə günü də müxtəlif ərazilərdə təmizlik aksiyaları keçirəcəyik.

– Nə üçün cəmiyyətdə bəzi insanların özünütərbiyə, özünənəzarət anlayışı yoxdur? Mütləq hər yerdə kamera olmalıdır ki, həmin insanlar özlərini “mədəniyyətli” aparsınlar?

– Çox təəssüf ki, bu, haqlı iraddır. Amma bizim insanlar irad, tənqid qəbul etməkdənsə, onları uçuruma aparan şirin yalan və pafos dolu sözləri qəbul edirlər. Biz bu gün bir az öz əzizlərimizə qarşı da tənqidi yanaşmalıyıq. Nəzərə almalıyıq ki, o tənqid olmadan yalançı təriflə heç nə əldə etmək mümkün deyil. Necə ki uşaq yalançı təriflə keyfiyyətsiz, səhlənkar böyüyür, eləcə də cəmiyyətdə eynilə laqeyd fərd olaraq yaşayır.  Ona görə istənilən mövzuda haqlı tənqid olmalıdır.

– Hikmət müəllim, bəs necə düşünürsünüz, nazirliyin nəzarət mexanizmi mükəmməldirmi?

– Xeyr, heç bir sistem mükəmməl çalışa bilməz. Bizim nazirliyin nəzarət sistemlərində də bu gün təkmilləşməyə ehtiyac var. Bir sıra texniki problemlərimiz, kadr çatışmazlığımız var. Təkcə məişət tullantıları yox, digər sahələrdə də müəyyən çatışmazlıqlar mövcuddur. Amma bizim əziz vətəndaşlarımız da bu tənqidləri oxuyub düşünməlidirlər. Əlbəttə, insan öz fəaliyyətində səhv edə bilər, hansısa bir məsələni, qanunun tələbini bilməyə bilər, amma məişət tullantısı ilə davranmanı bilməmək bu ayıbdır.

– Avtomobil yollarında işıq dirəklərinin altına qoyulan məişət tullantıları çox iyrənc mənzərə yaradır. Yay günü, xüsusilə, Binədə üfunət saçan yollarda avtomobil idarə etmək də çətindir. Bələdiyyələr isə o ərazilərin zibil daşıyan maşınların marşrut xəttindən kənar olduğunu deyərək baxmırlar. Bunun çarəsi nədir?

 – Könül xanım, baxın, bu artıq həmin ərazinin icra hakimiyyəti və bələdiyyələri üçün bir siqnaldır. Bəli, düzgün deyil. Amma eyni zamanda, həmin ərazinin icra orqanları üçün bələdiyyəsi üçün bir siqnaldır ki, cəmiyyətin bu ərazi ilə bağlı hansısa tələbi var. Deməli, orada məişət tullantılarının toplanması üçün konteynerlərin qoyulmasına zərurət ola bilər. Bu məsələ araşdırılmalıdır. Mən düşünmürəm ki, Binə başdan-başa tullantılar içindədir. Dediyiniz işıq dirəkləri konkret ərazilər olacaq. Deməli, cəmiyyətin aidiyyəti orqanlardan tələbi var və bu tələbi artıq bu formada ifadə etməyə başlayıblar. Aidiyyəti qurumların nümayəndələri gündəlik o ərazilərə baxış keçirməli, müşahidə etməlidir. Həmin əraziyə konteyner yerləşdirilməlidirsə, bu barədə məruzə olunmalı, sxem hazırlanmalıdır. Bir maşın ayrılmalıdır ki, mütəmadi oradan tullantıların daşınmasını həyata keçirsin. Çünki həmin ərazilərdə kimsə bir fəaliyyətə başlasa, inanın mənə, bələdiyyədən icra hakimiyyətinə, ən aşağıvəzifəli işçidən yüksəkvəzifəli işçiyə qədər hər kəs xəbərdar olacaq. Bəs mövzu məişət tullantılarının idarəedilməsi olanda niyə heç kim görmür, eşitmir? Olmaz belə, hər kəs məsuliyyətli davranmalıdır.

– Yay vaxtı məişət tullantıları yanğınlara da səbəb olur. İstərdim bu məsələdən də danışaq.

– Məişət tullantılarından yanğınlara daha çox səbəb olan kartonlardır. Çox təəssüf ki, son altı ayda bu sahədə qanun pozuntularına görə 564 akt yazılıb. Bunun böyük hissəsi dediyiniz məsələ ilə bağlıdır. Çünki bir sıra müəssisələr, xüsusən marketlərdə çox sayda karton tullantılar formalaşır. Müəssisələr gündəlik olaraq bu tullantıların daşınması üçün müvafiq qurumlarla müqavilələr bağlamalıdır. Təbii ki, bu müqavilələr müəyyən məbləğdə ödəniş tələb edir. Sahibkar isə kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, bu müqaviləni bağlamır və ən sadə – yandırma üsulunu seçir. Bu da havaya normadan artıq zərərli maddələrin buraxılması deməkdir. Bu, çox ciddi qanun pozuntusudur. İstehsalat tullantıları haqqında müvafiq maddələrin pozulmasıdır və biz buna görə cərimə tətbiq edirik. Keçən bir neçə gün ərzində biz ölkə üzrə tullantıların idarəedilməsi qaydalarının pozulması ilə bağlı onlarla fakt müəyyən eləmişik.

Böyük bir müəssisə, market həmin o tullantını daşımaq üçün bələdiyyə ilə bir müqavilə bağlamaq və yaxud bir maşın tutub müvafiq yerə daşımaqdansa özünə sığışdırır ki, onu yandıraraq qaydaları pozsun. Biz bu müəssisələrin adlarını çəkməyə başlamışıq. Bu məlumatı oxuyan və o marketlərdən məhsul almağa gedən alıcı ictimai qınaq kimi həmin mağaza işçilərini utandırmalıdır. Çünki təbiətimiz zibillənir. O təbiət ki, hər birimiz burada yaşayırıq, nəfəs alırıq. Bəlkə də, bu metod bu qayda pozuntusuna yol verənlərlə mübarizədə effektiv olacaq, kim bilir? Düşünürəm, bu səhvə yol verənlər daim tənqid olunmalıdırlar. Daim o insanlar, o qurumlar tənqidə, qınağa məruz qalmalıdırlar. Nəhayət, ümid edirik, mütləq təsiri olacaq. Hər halda optimist yanaşmalıyıq.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir