Müsahibə

Yunis Hüseynov: “Qarabağ”ın mərhələ keçməyində ən böyük rolu Şahruddin Məhəmmədəliyev oynayacaq” – MÜSAHİBƏ

Sharing is caring!


“Şahruddin Məhəmmədəliyevin üstünə çox getmək lazım deyil. Hesab edirəm ki, “Qarabağ”ın mərhələ keçməyində ən böyük rolu elə o oynayacaq”.

Bu sözləri Oxu.Az saytına müsahibəsində futbol mütəxəssisi, AFFA-nın “Elit Məşq” layihəsinin rəhbəri Yunis Hüseynov deyib.

O, Azərbaycan klublarının avrokuboklardakı çıxışı, “Neftçi”dəki dəyişikliklər, ölkə futbolunda növbəti mövsümlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Yunis müəllim, dünən “Sabah” və “Qarabağ” avrokubok oyunlarını keçirdilər. Yəqin ki, izləmisiniz. Xronoloji ardıcıllıqla gedək. “Sabah” qitəmiqyaslı yarışlarda debüt oyununda Latviyanın RFŞ klubuna 0:2 hesabı ilə qalib gəldi. Komanda necə təsir bağışladı?

– Rəqibi zəif hesab edirdik. Amma dünən asan oyun olmadı. Latviyada çempionat davam etdiyi üçün RFŞ hazır idi. “Sabah” isə yalnız təlim-məşq toplanışında yoldaşlıq oyunları keçirib. İstənilən halda, möhtəşəm qələbə qazandılar. Əvvəldən də mərhələ keçəcəklərinə inam var idi. Dünən yaxşı təsir bağışladılar. Rəqibin də imkanları oldu. Amma “Sabah” yaxşı oyunla layiqli qələbə əldə etdi.

– Komanda rahat, təmkinli idi. Sanki debütanta bənzəmirdi.

– “Sabah”da təcrübəli futbolçular çoxdur. Buna görə də debütant kimi görünməməli idi. Fikrinizlə razıyam. Hesab edirəm ki, Bakıda da qələbə qazanacaqlar. Artıq indidən növbəti mərhələdəki rəqib Serbiya “Partizan”ı ilə oyunları düşünmək olar. Bu cütün taleyini “Sabah” həll etdi.

– Avropada əsas ümid yeri hesab olunan “Qarabağ” azarkeşlərini üzdü. Hansı ki, Polşa klublarının qənimi hesab edilir. “Rakuv”a məğlubiyyətin (3:2) səbəblərini nədə görürsünüz?

– Bu mərhələ üçün mümkün rəqiblərin ən güclüsü “Rakuv” idi. Daha münasibi ilə düşmək olardı. Hamımız düşünürdük ki, çətin olacaq. Ancaq hətta məğlubiyyətdən sonra da “Qarabağ”ın mərhələ keçəcəyinə şübhəm yoxdur. Düzdür, səhvlər oldu. Amma bunların üzərində çox dayanmaq istəmirəm. Çünki hər futbolçunun, qapıçının başına gələ bilər. Oyun olaraq “Qarabağ” üstün idi. İki qoldan sonra hesabı bərabərləşdirə də bildilər. Sadəcə, son dəqiqədə uzaqdan zərbə qolla nəticələndi. “Qarabağ”ın avrokubok təcrübəsi var. Komanda evdə daha yaxşı çıxış edir. Azarkeşlərin dəstəyi ilə cavab matçında qələbə qazanıb mərhələ keçəcəyini düşünürəm. “Rakuv” gözlədiyimiz qədər güclü deyil. “Qarabağ” 90 dəqiqə oyuna nəzarət etdi.

– Səhvlərin üzərində dayanmadınız. Amma Şahruddin Məhəmmədəliyevin səhvləri sistematik xarakter alır. Azarkeşlər düşünürlər ki, bir, iki səhvi keçmək olar. Bu futbolçu isə az qala hər il komandaya heç nədən problemlər yaradır.

– Şahruddin həm də milli komandamızın qapıçısıdır. Həm “Qarabağ”da, həm yığma komandada bir çox oyunlarda kritik seyvlər edib. Bəli, səhvləri də olub. Keçən il “Viktoriya” ilə oyundakı səhvinə görə komanda Çempionlar Liqasının qrupuna düşə bilmədi. Ona görə üstünə çox getdik. Heç kim istəməz səhv etsin. Qarşıda da oyun var. Məncə, üstünə çox getmək lazım deyil. Hesab edirəm ki, “Qarabağ”ın mərhələ keçməyində ən böyük rolu elə Şahruddin oynayacaq. Bir də orada, məncə, meydançada da problem var idi. Top yerə dəyib istiqamətini dəyişdi. Qapıçını çox da günahlandırmaq olmur.

– Bəzi fikirlərə görə, “Qarabağ” bu il əvvəlkilərdən daha zəifdir. Bu fikirlərlə razılaşırsınız?

– Hər mövsüm başlayanda komandalarda çatışmazlıqlar olur. “Qarabağ”da da belədir. Komanda toplanışdan yeni gəlib. Cəmi üç yoldaşlıq oyunu keçiriblər və “Linkoln”la matçları olub. Futbolçular pik formada deyillər. Komanda yavaş-yavaş özünə gələcək. Yadımızda qalan çempionatın axırındakı, pik formadakı “Qarabağ” olur. Ona görə fərq görünür.

– Keçən mövsüm “Qarabağ”ın bombardirləri olan Ramil Şeydayev və Musa Qurbanlı komandanı tərk ediblər. Sizcə, bu da zəiflik yaratmır?

– “Qarabağ”ın stili elədir ki, hamı həm hücumda, həm müdafiədə oynayır. Mənə elə gəlir ki, yeni futbolçular gedənlərin yerini dolduracaqlar.

– Bu gün daha iki klubumuz Avropada mübarizəyə başlayacaq. “Qəbələ”dən “Omoniya” qarşısında nə gözləyək?

– “Qəbələ”yə bir az çətin olacaq. Kipr klubu nisbətən güclüdür. Amma düşünürəm ki, komanda bu gün özünü göstərəcək. Yeni legionerləri var. Hesab edirəm ki, ilk oyunda özlərini yaxşı tərəfdən göstərə biləcəklər. İstərdim, yaxşı qələbə qazanıb səfərə rahat yollansınlar. İnanaq ki, belə də olacaq.

– Bəs Adrian Mutulu “Neftçi”nin “Jelezniçar” səddini keçmək şansı nə qədərdir?

– “Jelezniçar”ın “Dinamo” (Minsk, Belarus) ilə hər iki oyununa baxmışam. İlk matçda çox yaxşı çıxış etdilər. Hesabın 2:2 olmasına baxmayaraq, mərhələ keçəcəklərini gözləyirdim. Əks-hücumlarda, ikinci mərtəbədə yaxşı oynayırlar. Yəqin ki, “Neftçi” rəqibi təhlil edib. İnanaq ki, Bakıya qələbə ilə qayıdacaqlar. Mutunun ilk rəsmi oyunudur. Matçdan öncə özünəinamlı danışıb. Bu, yaxşı haldır, futbolçularda motivasiyanı artırır.

– Ümumiyyətlə, dünya futbolunun məşhur adlarından birinin Azərbaycan çempionatına baş məşqçi gəlməsinə reaksiyanız necə oldu?

– Mutu yaxşı futbolçu olub. Böyük addır. Onu futbolçu kimi tanımışıq. Lakin məşqçi kimi fəaliyyətini izləməmişəm. “Neftçi”də necə olacağını gələcək göstərər. Ona da, komandasına da uğur arzulayıram. Hamımız “Neftçi”nin yaxşı olmasını istəyirik. Özüm 15 ilimi bu komandaya həsr etmişəm. Hər il “Neftçi”yə uğurlar arzulayıram, azarkeşlər qələbələr gözləyirlər. Amma hər dəfə itirə-itirə gedirlər. Tez-tez baş məşqçi dəyişiklikləri olur, heyət yenilənir, nəticə isə yoxdur. Beləcə, ömrü başa vururuq. İnanaq ki, Mutunun gəlişi müsbət təsir edəcək, burada yaxşı komanda quracaq.

– Baş məşqçidən əlavə, klubda rəhbər dəyişikliyi də oldu. Azarkeşlər bunun qeyd etdiyiniz “itirə-itirə gedir” ssenarisini dəyişəcəyinə inanırlar.

– Təki elə olsun. Doğrusu, yeni rəhbərliyi tanımıram. Yəqin ki, işlərini bilən insanlardır. Ümid edirəm, işi elə quracaqlar ki, komanda yaxşı nəticə göstərsin. Lakin indidən nəsə demək olmaz. Növbəti mövsüm hər şey aydın olacaq.

– Yeni rəhbərlik baş məşqçini dəyişdi, heyətdə yeniliklər olur. İlkin proses ümidlə baxmaq üçün əsas verir?

– Hər bir rəhbər gələn istəyər ki, yaxşı nəticə olsun. Təzə rəhbərlik dəyişikliklər edib. Lakin biz daxildə nələr olduğunu bilmirik. Təkcə onu bilirik ki, komanda yaxşı oynamır. Buna görə də keçən mövsüm üçüncü oldu, kuboku qazana bilmədi. Deməli, daxildə nəsə yaxşı deyildi, düz iş getmirdi. Nəticələr xoşa gəlməyibsə, dəyişikliklər mütləqdir. Eyni zamanda, komandada, heyətdə edilən yeniliklər barədə də eyni sözləri demək olar. Bir az səbirli olmaq lazımdır. Yaxın gələcəkdə daha aydın fikir formalaşacaq.

– Avqustun dördündə Azərbaycan Premyer Liqasında yeni futbol mövsümü başlayacaq. Bu il çempionatın daha rəqabətli olacağı gözlənilir.

– Komandaların hazırlığından tam xəbərim yoxdur. Müəyyən qədər oyunların icmallarına baxmışam. “Zirə”də canlanma var. Bir neçə yeni oyunçu götürüblər. “Sabah”ı dünən gördük. Yenilər o qədər də gözə çarpmadılar, amma ümumən yaxşı oynadılar. Məncə, yenə ilk “üçlük” uğrunda mübarizə aparacaqlar. “Neftçi”ni Sankt-Peterburqda izlədik. Çox zəif çıxış etdilər. Elə oynasalar, yenə çempionluğa oynamaq çətin olacaq. “Qarabağ” isə çempionluğa namizəd olacaq. “Qəbələ”də çox dəyişiklik olub. Komanda transferlər edib, amma nə dərəcədə alınacağını bilmirəm. “Turan Tovuz” çox aktivdir. Görünən odur ki, gücləniblər. Bir də “Araz-Naxçıvan” diqqətimi çəkir. Konfrans Liqasına iddia edirlər. Hər gün də bir legioner transferini açıqlayırlar. İki-üç turdan sonra hansı komandanın ilk, hansının ikinci “beşliy”ə oynayacağı aydınlaşacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir