Müsahibə

Əmr Eldib: “Biz üçüncü dünya müharibəsinin astanasında olan bir aləmdə yaşayırıq” – MİSİRDƏN MÜSAHİBƏ

Sharing is caring!


İyulun 27-də əlamətdar hadisə gözlənilir: Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə rəsmi səfər edəcək. Bu, Ankara ilə Qahirə arasında münasibətlərin bərpasından sonra mümkün olub. Əlaqələrdə on il davam edən sükut Misir və Türkiyənin diplomatik münasibətləri səfirlər səviyyəsinə qədər yüksəltdiklərini eyni zamanda açıqlamaları ilə sona çatıb.

Misirli politoloq Əmr Eldib vəziyyəti Oxu.Az-a şərh edib.

– On ildən sonra Misirlə Türkiyə arasında diplomatik əlaqələr tam bərpa olunur. Bu prosesin məğzi nədir və o, təkcə ikitərəfli münasibətlərə aiddirmi?

– Proseslərə daha geniş anlamda baxmaq lazımdır. Yaxın Şərq ölkələri arasında münasibətlərin bərpası gedir. İran və Səudiyyə Ərəbistanı münasibətlərin normallaşması barədə razılığa gəldilər. Bu yaxınlarda Qətər və Səudiyyə Ərəbistanı arasında, Qətərlə Misir və Bəhreyn arasında anlaşma əldə edildi. Belə qənaətə gəlmək olar ki, region dövlətləri aralarında olan bütün problemləri ortadan qaldırmağa, bütün fikir ayrılıqlarını həll etməyə hazırlaşırlar.

– Bu təşəbbüsün səbəbi nədir?

– Belə bir anlayış var ki, biz indi sözün əsl mənasında üçüncü dünya müharibəsinin astanasında olan dəhşətli bir aləmdə yaşayırıq. Müharibə hər an başlaya bilər və bu halda, heç olmasa, qonşulardan, regiondakı rəqiblərdən təhlükə olmasın. Bunlar Türkiyə və Misir, Səudiyyə və İran, Səudiyyə və Qətərdir. Baxın, son vaxtlar Suriya ilə ərəb dünyası arasında münasibətlər normallaşıb, Dəməşq Ərəb Dövlətləri Liqasına qayıdıb. Hətta Misirlə İran arasında normallaşma var.

Bölgəmiz çətin bir dövrdən keçir, Böyük Yaxın Şərq isə dünyanın mərkəzidir. İstənilən müharibə bu və ya digər şəkildə bizə təsir edir. Əvvəlki dünya müharibələrini xatırlayın. Deməli, problemləri sıfıra endirmək ölkələrimizin rəhbərlərinin düzgün və mühüm qərarıdır.

Birinci sualınıza qayıdaraq qeyd edim ki, təbii olaraq, son 10 ildə Türkiyə ilə Misir arasında münasibətlər ciddi şəkildə korlanmışdı. Ankaranın Misirdəki “Müsəlman qardaşlar” dini-siyasi təşkilatına verdiyi dəstəkdən Qahirədə narazı idilər, Liviya müharibəsi ilə bağlı fikir ayrılıqları yaranmışdı və s. Amma istənilən halda ölkələrimiz arasında, xüsusən də, iqtisadi sahədə qarşılıqlı əlaqələr davam edib. Qahirə və Ankaradakı səfirliklərin işinin bərpasından əvvəl diplomatik münasibətlərin səviyyəsini yüksəltmək qərarı çox yaxşı addımdır.

Bununla belə, hələ də bir çox ziddiyyətlər var. Bu, qeyd etdiyim kimi, Liviya, Fələstin və İsraildir. Qahirənin İsraillə kifayət qədər yaxşı münasibətləri var, bu əlaqələr elə Türkiyə və İsrail tərəfləri arasında da qurulur. Misir İsraillə həmsərhəddir, heç Türkiyə də uzaqda deyil. Lakin bizim İsrail-Fələstin məsələsinə yanaşmalarımız fərqlidir.

Başqa bir vacib məqam var. Misirin iqtisadi vəziyyəti heç də yaxşı deyil, çoxlu xarici borcları var. Ona görə də Qahirə üçün maksimum investisiyalar, kreditlər və maliyyə yardımı almaq üçün qonşularla problemlərin həlli vacibdir. Ancaq bu, qonşularla münasibətləri yaxşılaşdırmaq istəyi səbəblərinin yalnız 10%-ni təşkil edir. 90%-i əvvəldə qeyd etdiyim qlobal səbəblərdir: ciddi qlobal hərbi-siyasi böhran, yəni üçüncü dünya müharibəsi zamanı özünü region dövlətləri ilə münaqişələrdən qorumaq. Və belə bir ehtimal, təkrar edirəm, çox, çox yüksəkdir.

– Yeri gəlmişkən, Britaniyanın “Middle East Monitor” nəşrində bu yaxınlarda Türkiyə ilə Misirin yaxınlaşmasının digər səbəblərini açıqlayan məqalə dərc edib. Qeyd edilib ki, Liviya və Sudan böhranı, Efiopiyada Nil çayına su axınını azaldan Hidasi bəndi ətrafındakı vəziyyət kimi məsələləri həll etmək üçün Qahirəyə Türkiyə ilə barışıq lazımdır. Türkiyə üçün isə Misirlə münasibətlərin normallaşması Ankaranın Şərqi Aralıq dənizində Yunanıstana qarşı mövqelərinin güclənməsi baxımından faydalıdır…

– “Middle East Monitor” müəllifinin bu baxışı ilə razı deyiləm. Məsələn, Misirdə anlayırlar ki, bənd tikintisinin qarşısını almaq üçün Türkiyənin Efiopiyaya elə də böyük təsiri yoxdur. Bu məsələyə bəndin tikintisinə sponsorluq edən Çin, İtaliya təsir edə bilərlər.

Əlavə edim ki, Misir Afina ilə münaqişədə Ankaraya kömək edə bilməyəcək. Yunanıstan Misir üçün çox önəmlidir, Aİ və NATO-nun üzvüdür (baxmayaraq ki, Türkiyə də NATO-nun ən mühüm üzvüdür). Amma çoxlu borc və yeni kreditlərə ehtiyacı olduğuna görə Qərb Misirə güclü təsir edir. Və Qahirə buna görə hətta Moskva ilə də tam əməkdaşlıq edə bilmir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir